Dərc olunub: 13.03.2025

Martın 13-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) payız semestrinin imtahan sessiyasında yüksək ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) əldə edərək adlı təqaüdə layiq görülən və universitetin ictimai həyatında fərqlənən, həmçinin Heydər Əliyev Mərkəzinin fəaliyyətində və COP29-un təşkilində yaxından iştirak edən könüllü ADPU tələbələrinin bir qismi ilə görüş keçirilib. Ümumilikdə 100 nəfərədək tələbənin iştirakı ilə keçirilən görüşdə ADPU-nun rektoru professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektor dos. Eldar Aslanov, elm və innovasiyalar üzrə prorektor prof. Asəf Zamanov, sosial və humanitar məsələlər üzrə prorektor prof. Fikrət Rzayev, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Turan Kərimli və İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev iştirak ediblər.

Görüşü giriş sözü ilə açan rektor Cəfər Cəfərov iştirakçıları qarşıdan gələn Novruz və Ramazan bayramları, həmçinin imtahan sessiyasında yüksək nəticə göstərən tələbələri adlı təqaüdlərə layiq görülmələri münasibətilə təbrik edib. ADPU tələbələrinin daim həm akademik, həm də ictimai fəallıqları ilə seçildiyini  qeyd edən rektor tələbələrin təhsildə qazandıqları nailiyyətlərin, elmi və sosial fəaliyyətlərdə göstərdikləri fəallığın universitetin ümumi inkişafına töhfə verdiyini vurğulayıb. Rektor bildirib ki, müasir pedaqoji yanaşmaların tədris prosesinə inteqrasiyası, tədris proqramlarının müasir əmək bazarının tələblərinə uyğun formada təkmilləşdirilməsi, rəqəmsal texnologiyaların tətbiqi və innovativ tədris metodlarının genişləndirilməsi ADPU-nun strateji hədəfləri sırasındadır. Müasir dünyada rəqabətqabiliyyətli kadr olmaq üçün yalnız universitetdə verilən biliyin kifayət etmədiyini vurğulayan prof. C.Cəfərov, gənclərin daim öz üzərlərində işləməli, yeni biliklər əldə etməli, dil biliklərini təkmilləşdirməli, pedaqoji və texnoloji yenilikləri izləməli və onları tətbiq etməyə çalışmalı olduqlarını qeyd edib.

Sonra C.Cəfərov Elm və Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tələbələrin bədii yaradıcılıq müsabiqə-festivalında fərqlənən tələbələrə müvafiq diplomları təqdim edib. İstedadlı tələbələr müxtəlif bədii nümunələr səsləndiriblər.

Səmimi söhbət və fikir mübadiləsi formasında davam edən görüşdə tələbələr sərbəst tribuna formatında fikir, təklif və ideyalarını universitet rəhbərliyinə ünvanlayıb. Tələbələri maraqlandıran suallar rektor və müvafiq sahə üzrə prorektorlar tərəfindən cavablandırılıb, təkliflər dəyərləndirilib.