Elə bilirdim ki, lap gözüyumulu gedib taparam Xankəndidəki Nizami Gəncəvi adına 4 nömrəli məktəbi. Çünki bura gəncliyimin xatirəsi, tələbəlik illərimdə pedaqoji təcrübəmin keçildiyi məktəb idi.
Aradan çox uzun illər keçmişdi… Şəhərin mərkəzindən məktəbə doğru xeyli yol getdim. Yolun sağında, solunda binalar söküldüyündən ətrafı toz, duman bürümüşdü. Nəhayət, yeni üslubda tikilmiş 3 mərtəbəli məktəbə çatdım. Məktəbə tələsən valideynlər də vardı. Sən demə, bu gün valideyn iclası da varmış. Hətta bir valideynə məktəbdən zəng etdilər ki, övladınız əlaçı olub. Uşağına görə çox sevinirdi.

Məktəbə daxil oluram. Zəng vurulmuşdu, tənəffüsün bitməsini gözləyirəm. Müəllim və şagirdlərlə söhbət edirəm. Qapının üzərində 5 “a” sinfi yazılıb. Sinfə daxil olanda müəllimin jurnalı yazdığını gördüm, yaxınlaşıb salam verib, özümü təqdim etdim. Samirə Xanaliyeva Azərbaycan dili və ədəbiyyat müəllimidir. Müəllim “Sinifdəki 28 şagirddən 3 nəfəri üzrlü səbəbdən iştirak etmir, qalanları dərsdədir. Şagirdlər dərsdə fəal iştirak edirlər”, – dedi. Dərsin mövzusu ilə maraqlandım. Dərsin mövzusu Xalq şairi Süleyman Rüstəmlə, onun “Təbrizim” şeiri ilə bağlı idi. Uzun illər əvvəl Süleyman Rüstəmin şeirlərini, xüsusilə “Təbrizim”i necə sevə-sevə əzbərlədiyimi xatırladım. Bəlkə də Təbrizi, Cənubi Azərbaycan sevdamızı heç bir şair onun qədər gözəl ifadə etməyib. Dərs boyu şagirdlərin əksəriyyəti şeiri başdan-ayağa əzbər söylədilər.
Bülbül zar-zar ağlar çəməndən ayrı,
İnsan deyib gülməz vətəndən ayrı,
Can necə yaşasın bədəndən ayrı?
Aç öz ürəyini danış, Təbrizim.
Olum dərdlərinə tanış, Təbrizim!
Şagirdlər bu şeiri elə bir sevdayla əzbərdən söylədilər ki, sanki yüzillərdir, Təbriz həsrəti çəkirlər.
Daxil olduğum başqa sinfin ədəbiyyat müəllimi Afət Həsənova Xankəndidə işləməyi özünə şərəf bildiyini, şagirdləri arasında şəhid və qazi övladlarının olduğunu dedi:
“Onlara dərs deməkdən qürur duyuram. Çalışıram ki, onlar daha yaxşı oxuyub xalqımıza layiqli övlad olsunlar”, – deyə əlavə etdi.
.jpeg)
Əslən Xankəndidən olan 1-ci Qarabağ müharibəsi şəhidi Ramiz Ramazanovun qardaşı oğlu Emil Ramazanov da bu məktəbdə oxumağı ilə fəxr etdiyini dilə gətirir. Emil deyir ki, ailə üzvləri ilə birlikdə Xankəndidə yaşayırlar. Bu məktəbdə oxuyan şagirdlərin bir çoxu indiyədək köçkün kimi məskunlaşdıqları müxtəlif rayon və şəhərlərin məktəblərində təhsil alıblar.
Valideynləri hərbçi, polis olduqlarından iş yerlərini tez-tez dəyişən ailələrin də uşaqları burada təhsil alırlar. Siniflərin əksəriyyətində uşaqların sayı 30-34 nəfərdir. Müəllimlər 45 dəqiqə ərzində uşaqların çoxundan dərs soruşa bilmədiklərini, tezliklə siniflərdə bölgü aparılacağına ümid etdiklərini deyirlər.
Burada həyat davam edir. Bakı, Gəncə kimi şəhərlərdən gələn şagirdlər də var. Bu da 3 “b” sinfidir. Fərqanə Nağıyeva texnologiya fənnindən uşaqlara bayraq mozaikasını öyrədir: “Bu fənnə maraq daha çoxdur, bayraq uşaqlar üçün müqəddəsdir. Ona görə də bayrağımızla bağlı rəmzləri, mənaları da öyrətməyə çalışıram. Axı bu bayraq uğrunda neçə-neçə oğullarımız qurban gedib!”.

Bir çox siniflərdə tənəffüs zamanı şagirdlərin növbəti dərsə necə həvəslə hazırlaşdıqlarını gördüm. 3 “a” sinif şagirdi Şəbnəm Orucova Bakı şəhəri Binəqədi rayonundakı 103 nömrəli məktəbdə oxuyub. Ondan “Qaynar bir şəhərdən, məktəbdən ayrılıb bura gələndə hansı hissləri yaşadın?”, – deyə soruşuram. Deyir ki, əvvəlcə çətin oldu, artıq alışmışam. Burada özümə çoxlu dostlar tapmışam. Müəllimimə də öyrəşdim. Məktəbdə elə şagirdlər var ki, 4-5 məktəb dəyişib. Bunlar, əsasən, hərbçi ailələrinin uşaqlarıdır.
Masalarının üstü rəngbərəng fiqurlarla dolu olan digər balacalar isə 5 yaşlılardır. Onlar bu gün “U” hərfini keçiblər. Uşaqlar deyir ki, artıq bir neçə hərfi əzbər bilirlər.
Zəng vurulur. Şagirdlər siniflərə tələsirlər. 11-ci sinif şagirdləri isə idman dərsi olduğundan meydançaya doğru üz tuturlar. Məktəbin bufetində Vətən müharibəsi şəhidi Xəqaninin ailəsi çalışır.
Məktəbin həyətində Xankəndi şəhidlərinin xatirəsinə ağaclar əkilib. Şəhidlərimiz cismən aramızda olmasa da, onlar ruhən hər bir şagirdin ürəyində yaşayır və böyüyür. Yenə eyni yolla avtovağzala, oradan isə evimə tələsirəm. Yol həmin yoldur, amma zaman o zaman deyil…
“Azərbaycan müəllimi”