“Bu il “Sabahın alimləri” XIV Respublika Müsabiqəsinə şagirdlər tərəfindən 654 layihə təqdim edilib. Onların 138-i finala vəsiqə qazanıb”.
Mektebgushesi.az “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, bunu müsabiqənin açılış mərasimində çıxış edən Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev deyib.
O, bu il finala keçən layihələrin sayının əvvəlki illərlə müqayisədə daha çox olduğunu bildirib.
F.Qarayevin sözlərinə görə, bunun əsas səbəbi müsabiqəyə robototexnika və süni intellekt sahələrinin əlavə edilməsidir.
Final mərhələsinə keçən layihələr aşağıdakı istiqamətlər üzrədir:
• Biologiya – 9 layihə
• Ekologiya və ətraf mühitin idarə edilməsi – 29 layihə
• Fizika və astronomiya – 13 layihə
• Kimya – 8 layihə
• Kompüter elmləri – 14 layihə
• Mühəndislik – 22 layihə
• Riyaziyyat – 8 layihə
• Tibb və sağlamlıq – 12 layihə
• Robototexnika və süni intellekt – 23 layihə
Fuad Qarayev qeyd edib ki, müsabiqəyə təqdim olunan 110 layihə kollektiv, 28-i isə fərdi şəkildə hazırlanıb. Robototexnika və süni intellekt üzrə finala çıxan layihələrin çoxluğu şagirdlərin bu sahəyə artan marağını göstərir:
“Final mərhələsinin yekununda hər istiqamət üzrə 6 qalib olmaqla, ümumilikdə 54 layihə qalib elan ediləcək”.