Dərc olunub: 11.03.2025

Qaxda kollecə qəbul üstündə qonşusunu döyən şəxsə hökm oxunub.

Mektebgushesi.az  Modern.az-a istinadən xəbər verir ki, hadisə ötən ilin yanvar ayında baş verib.

Belə ki, 1993-cü il təvəllüdlü Qax sakini Fərruxun (ad şərtidir) həyat yoldaşı Sevgili texnikuma qəbul olmaq istəyib, lakin topladığı bal kifayət etməyib.

Bu zaman qonşusu Müşfiq (ad şərtidir) ona kömək edə biləcəyini bildirib və “işi yoluna qoymaq” üçün 3 000 manat istəyib.

Fərrux isə yalnız 2500 manat verə biləcəyini bildirib və tərəflər razılığa gəliblər. Lakin Sevgili həmin kollecə qəbul ola bilməyib, topladığı balla başqa bir kollecə daxil olub. Bundan sonra Müşfiq dəfələrlə qonşusu Fərruxdan 3000 manatın tam ödənilməsini tələb edib. Fərrux isə “sən bu işi həll etməmisən, niyə pul istəyirsən?” – deyərək pulu verməkdən imtina edib.

Bu məsələ onların arasında gərginliyə səbəb olub. Hadisə günü 12 yanvar 2024-cü ildə Müşfiq binanın girişində Fərruxu saxlayaraq ona – “mənim arvadımın adı hallanmasın”, – deyib. Bundan sonra tərəflər arasında mübahisə yaranıb. Aralarında yaranan mübahisə əlbəyaxa davaya çevrilib, Fərrux Müşfiqi təpik və yumruqla döyüb. Ekspertizaya görə, onun alın sümüyü sınıb, baş-beyin silkələnməsi və digər zədələr qeydə alınıb. Fərrux isə məhkəmədə özünü müdafiə edərək bildirib ki, əslində Müşfiq onu boğmağa çalışıb və o, sadəcə özünü qorumaq üçün qarşı tərəfi itələyib.

Məhkəmə şahid ifadələri və ekspertiza nəticələrini araşdıraraq Fərruxu Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə (qəsdən sağlamlığa ağır zərərvurma) təqsirli bilərək ona 4 il azadlıqdan məhrumetmə cəzası verib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.