Məktəblilər və onların valideynləri təhsil sisteminin eksperimentlər meydanına çevrilməsinə çoxdan öyrəşiblər. Ancaq bəzi məqamlar hələ də çoxları üçün suallar yaradır. Məsələn, niyə buraxılış imtahanları martın əvvəlində keçirilir, tədris ili isə iyunun 14-dək davam edir?
Bu il tam (11 illik) orta təhsil pilləsinin bəzi məzunları imatahanları martın 2-də veriblər. İmtahan protokollarının emalına martın 3-dən başlanılıb və yekun nəticələrin növbəti 6 həftə ərzində elan edilməsi planlaşdırılır. Qalan məzunlar (təxminən 59 min nəfər) martın 9-da imtahan verdilər. Dövlət dilindən başqa dildə tədris alan sonuncu sinif şagirdləri üçün Azərbaycan dili imtahanı may ayında keçirilir. IX sinfi bitirənlər aprel ayında imtahan verəcəklər.
Üstəlik, qeyd etdiyimiz kimi, dərslər iyunun ortalarına qədər davam edir. Vaxtilə bir çox ekspertlər bu vəziyyəti imtahanlarda yoxlanılması çox vaxt aparan açıq tipli testlərin daha çox olması ilə izah edirdilər. Bundan əlavə, onların sözlərinə görə, abituriyentlərin qəbul imtahanlarına daha yaxşı hazırlaşmaq imkanı yaranır. Əksər abituriyentlər kurslarda iştirak edir və universitetə daxil olmaq üçün repetitorlarla görüşürlər və bir çoxları bu cür hazırlığa diqqət yetirməkdən sevinirlər, lakin onlar hələ məktəbə də getməlidirlər.
AYNA.AZ-ın həmsöhbət olduğu məktəb məzunları və onların valideynləri deyiblər ki, ölkədə imtahan sistemini artıq anlamağa cəhd etmirlər.
11-ci sinif şagirdinin anası: “Şagirdlərdən dərs ilinin sonuna qədər məktəbə getmələri tələb olunur, çünki məsələn, bizim məktəbdə davamiyyətə nəzarət olunur. Eyni zamanda, imtahanlardan sonra uşaqlar əsasən sinifdə sadəcə ünsiyyət qurur, oyun oynayırlar, lakin açıq şəkildə bilik əldə etməyə yönəlmirlər. Ancaq bütün imtahanlar keçibsə, nəinki iyunun ortalarına qədər oxumalı olduğumu başa düşmürəm, həm də qəbul imtahanlarında məna görmürəm”.
Məzun: “Bir çox ölkələrdə orta məktəb məzunları attestatla universitetə daxil olurlar, amma bizdə yox…”.
Təhsil eksperti Nadir İsrafilov AYNA.AZ-a şərhində söyləyib ki, bunun səbəbini vaxtilə məktəblərin başlamasını iki həftə qabağa çəkmək qərarına gəlmələrində axtarmaq lazımdır: “Əvvəllər dərs ili əvvəlcə mayın 24-də, sonra isə mayın 31-də başa çatırdı, indi isə iyunun ortalarında bitir. Köhnə formata qayıdıb dərslərin sentyabrın 1-də başlanması və mayın sonunda başa çatması məsələsi dəfələrlə qaldırılsa da, indiyədək bu məsələdə irəliləyiş yoxdur”.
“Sovet dövründə məktəb proqramı aprelin sonunda başa çatırdı, sonra isə keçirilənləri təkrarlamağa diqqət yetirilirdi. Bu, məzunların heç bir repetitor olmadan ali məktəblərə daxil olmasına imkan verirdi. İndi də eyni şeyi edə bilərlər. Buraxılış imtahanlarından sonra yeni şeylər öyrənmək deyil, öyrəndiyiniz materialı təkrarlamaq onun möhkəmlənməsi üçün daha təsirli olacaq”, – deyə həmsöhbətimiz bildirib.
Davamlığa gəlincə, mütəxəssisin sözlərinə görə, hələ əvvəllər, mayın ortalarından bir çox məktəblilər artıq dərsə getmirdilər və ya onların davamiyyəti formal xarakter daşıyırdı: “Hazırda buraxılış imtahanlarından sonra dərslərə formal yanaşma müşahidə olunur. Buraxılış imtahanlarını verdikdən sonra dərsə davamiyyətin təhlilini aparmaq və müvafiq nəticələr çıxarmaq lazımdır. 11-ci sinfi bitirənlərin əksəriyyəti bu andan qəbul imtahanları başlayana qədər repetitorlarla daha fəal oxumağa başlayır, kurslarda iştirak etməyə davam edir və təbii ki, daha yaxşı hazırlaşmağa daha çox vaxt ayırır”.
İsrafilov qeyd edib ki, imtahanların keçirilmə tarixləri Dövlət İmtahan Mərkəzinin (DİM) cədvəlinə əsasən seçilir: “Təhsil sistemində tez-tez yeniliklər tətbiq olunur – nəsə çıxarılır, nəsə əlavə olunur. Lakin görülən işlərin heç də hamısı müsbət nəticə vermir. Məncə, problemin həlli həm məktəb buraxılış imtahanı, həm də ali məktəblərə qəbul imtahanı olan vahid dövlət imtahanının tətbiqi ola bilər. Beləliklə, uşaqlar ikiqat yükdən azad olacaqlar. İndi onları bir sıra imtahanlar, daha sonra isə ixtisas seçimi gözləyir ki, bu da onların psixi sağlamlığı üçün ciddi sınaqdır”.
“İmtahanlarda uğursuzluğun bəzi abituriyentləri intihara sövq etdiyi hallar olduğunu nəzərə alsaq, indiki gənclərin psixikasının nə qədər kövrək olduğunu xatırlamağa dəyər. Ölkəmizdə bir neçə dəfə vahid dövlət imtahanının tətbiqi məsələsi qaldırılsa da, müzakirələrdən kənara çıxmayıb. Düşünürəm ki, mövcud modeli daha əlverişli modelə dəyişmək lazımdır”, – deyə ekspert fikrini yekunlaşdırıb.