Son zamanlar məktəb direktorları ilə bağlı xoşagəlməz halların şahidi oluruq. “Məktəb direktoru şagirdi döydü”, “direktor müəllimləri təhqir etdi”, “məktəb direktoru rüşvət aldı”, “direktor müəllimi hədələdi” kimi xəbərləri demək olar ki, tez-tez eşidirik. Əvvəllər nadir hallarda təsadüf olunan belə hallar son dövrlərdə adi hal kimi qəbul olunmağa başlanılıb.
Hazırda ölkədə fəaliyyət göstərəm 4 mindən çox orta məktəbdə eyni sayda direktor çalışır. Bu müəssisələrə rəhbərlik edən direktorların bəziləri özlərini məktəbin ağası kimi aparır və səlahiyyətlərindən sui istifadə edirlər. Düzdür, aralarında yaxşı direktorlar da var, amma yaxşılar yamanların kölgəsində qalır. Bu neqativlik təhsilə ciddi zərbə vurur. Direktorların bu “davranışları” üzə çıxdıqda onlar cəzalandırılır, töhmət verilir, işdən çıxarılır. Lakin buna baxmayaraq xoşagəlməz hallar bitmir, əksinə, davam edir. Belə idarəçilərin məktəblərdə olması Azərbaycan təhsilinin heç də yaxşı durumda olmadığının sübutudur.
Mütəxəssislər deyir ki, səriştəsi olmayan məktəb direktoru məktəbin idarə edilməsində ciddi problemlərə səbəb olur. Təhsil prosesini, şagirdlərin və müəllimlərin ehtiyaclarını düzgün qiymətləndirə bilməyən direktor, məktəbin inkişafı üçün vacib olan sahələrə diqqət yetirmir. Belə direktorlar məktəbin gələcəyini formalaşdırmaq üçün strateji planlar hazırlamaqda çətinlik çəkirlər. Bu da məktəbin təhsil keyfiyyətinin və ümumi mühitinin pisləşməsinə səbəb olur. Effektiv ünsiyyət qurma bacarığı olmayan direktorlar, müəllimlər, şagirdlər və valideynlər arasında anlaşmazlıq, etimadsızlıq yaradır. Bu isə məktəbin daxili mühitini zədələyə bilər.
Bəzi direktorlar, məktəbi idarə etməkdə və komanda qurmaqda çətinlik çəkirlər. Bu da məktəbin idarəetmə strukturu və iş mühitinin qeyri-sabit olmasına səbəb olur. Təhsil və idarəetmə sahəsində təcrübəsizlik və qeyri-dəqiqlik səbəbindən səhv qərarlar qəbulu məktəbin işinə mənfi təsir göstərir. Təhsilin inkişafını izləməyən və yeni metodların tətbiqində gecikən direktorlar məktəbin geri qalmasının əsas səbəbkarıdır.
Bu gün təhsil sahəsində müasir yanaşmaları, psixologiyanı, pedaqogikanı bilən, texnologiyalardan istifadə edən və innovativ düşüncə tərzi olan rəhbərlər yetişdirmək əsas prioritetdir. Yaxşı direktor məktəbdəki təhsil prosesini inkişaf etdirir, məktəbdə sağlam əxlaqi dəyərlər yaradaraq uşaqların gələcəyinə müsbət təsir göstərir. Belə direktor həm pedaqoji sahədə bilikli olmalı tədris prosesini yaxşı başa düşməli və müəllimlərin tədris metodlarını təkmilləşdirmək üçün dəstək verməlidir. Məktəb direktorları lider olmalı və məktəbin məqsədlərini həyata keçirmək üçün komandalarını motivasiya etməlidir. Onlar məktəbin inkişafı üçün strateji planlar hazırlamalı və bütün məktəb heyətinin bu məqsədə doğru birlikdə çalışmasını təmin etməlidir. Bir sözlə, məktəb direktorunun şəxsi keyfiyyətləri və davranışları hər kəsə örnək olmalıdır.
Əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyir ki, məktəbin inkişafı və təhsil uğuru ilk öncə direktordan asılıdır. Onun tək məqsədi məktəbini sözün əsil mənasında ən yaxşı təhsil məbədinə çevirmək olmalıdır. Özünü məktəbi üçün fəda edən direktor məktəbi çiçəkləndirəcək. Məktəbi öz şəxsi ambisiyalarına qurban verən rəhbər isə məktəbi, təhsili məhv edəcək: “İdarəçilik qabiliyyəti, bilik və bacarığı, şəxsi keyfiyyətləri və ən asası vicdanlı namizədlərin direktor seçilməsi bilikli, savadlı nəslin yetişməsi deməkdir. Yaxşı direktor məktəbinin adının yüksəlməsinə, öncül təhsil müəssisələri sırasında olmasına, müəllimlərin təhsilalanlara yüksək səviyyədə təhsil verməsinə çalışır. Belə insanları 150 min müəllim içərisindən seçmək çətin deyil. Çünki onlar öz bacarıq və potensialları ilə digərlərindən seçilir”.
Şahlar Əsgərovun sözlərinə görə, Elm və Təhsil Nazirliyi məktəblərdəki neqativ halların qarşısını almaq üçün müəssisələrə idarəçilik qabiliyyəti olan, bacarıqlı, potensiallı və ən başlıcası, vicdanlı direktorlar təyin etməlidir: “Direktorları savadına və idarəçilik qabilyyətinə uyğun seçmək lazımdır. Kiminsə qohumu, tanışı və ya yaxını olduğu üçün yox. Direktor xalqa xidmət etməli, rəhbəri olduğu məktəbdə təhsilin səviyyəsinin yüksəldilməsinə çalışmalıdır. Məktəb rəhbərinin otağında seyfi varsa, deməli, şəxsi mənafeyi yüksəkdir. Yaxşı direktorun məktəbində neqativ hal baş verməz”.
İşini düzgün quran məktəb direktoru həm də şagirdlərin ən böyük məsləhətçisi və dostu olmalıdır. Məktəbdə elə mühit yaradılmalıdır ki, şagirdlər düşündükləri məsələləri çəkinmədən məktəb rəhbərliyi və müəllimlərlə bölüşməyi bacarsın.
Təhsil eksperti Məzahir Məmmədli bildirib ki, təhsil sahəsində rəhbər vəzifələrə hazırlıqlı kadrların məhdud olmasının əsas səbəbi müəllimlər arasında rəhbər vəzifəyə keçmək istəyən şəxslər içərisində potensialı olanların azlıq təşkil etməsidir. Eyni zamanda, direktor vəzifəsinin həm maddi baxımdan, həm də sosial status baxımından yetərincə stimullaşdırılmaması bu sahədə kadr çatışmazlığına səbəb olur. Bir çox müəllimlər yüksək məsuliyyət daşıyan bu vəzifəyə görə ödəmələrin az olmasından narazıdır və bu səbəbdən direktor vəzifəsinə maraq göstərmirlər.
Direktorların yetişdirilməsi prosesi də sistemin özündə ciddi boşluqlarla müşahidə olunur. Bu gün Azərbaycanda direktor təlimləri mövcuddur, lakin onlar nəzəriyyəyə yönəlmiş və tətbiqi bacarıqlardan kənar olur. Direktor namizədlərin yalnız bir neçə günlük kurslarla və ya qısa müddətli təlimlərlə hazırlandıqları halda, onların çətin məktəb problemlərinə uzunmüddətli həll yolları tapa biləcəklərinə inanmaq çətindir. Müasir məktəb idarəetməsi, yalnız biliklərlə deyil, həm də sosial emosional bacarıqlarla təmin olunan, uşaqların psixoloji ehtiyaclarını nəzərə alan peşəkar kadrları tələb edir.
Ölkədə məktəb direktorlarının inkişafı, həm də onların bilik və bacarıqlarını yeniləmək üçün mütəmadi qiymətləndirmələrə ehtiyac duyulur. Bu, onların zəif cəhətlərini müəyyən etməyə və peşəkar inkişaf üçün addımlar atmağa imkan verir. Sertifikatlaşdırma və qiymətləndirmə sistemləri vasitəsilə direktorların fəaliyyəti dəyərləndirilə bilər və nəticədə, onların təhsil sahəsində səmərəliliyi artırıla bilər.
Ümumilikdə, orta məktəblər üçün yaxşı direktor yetişdirmək təhsil sisteminin səmərəliliyini və keyfiyyətini artırmaq üçün əsas addımlardan biridir. Bu sahədə uğur əldə etmək üçün təlim proqramlarının genişləndirilməsi, rəhbər kadrların seçilməsində şəffaflıq, motivasiya edici və stimullaşdırıcı peşəkar inkişaf proqramlarının tətbiqi vacibdir. Azərbaycanda bu istiqamətdə atılan addımlar, məktəblərdə təhsilin keyfiyyətini artırmaq və uşaqların təhsildən daha çox faydalanmasını təmin etmək üçün mühüm rol oynayacaq.
Məzahir Məmmədlinin dediyinə görə, məktəb direktorlarının işə qəbulu üçün meyarlar müəyyənləşib və bu proses kifayət qədər şəffaf keçirilir. Məsələ burasındadır ki, bu imtahanlar, testlər yalnız onların biliyini müəyyən edir. Amma onların məktəb direktoru kimi bacarığını müəyyən edən bir meyar ortada hələ ki, yoxdur. Bu səbəbdən də biz məktəb direktorlarının təyinatında belə problemləri yaşayırıq: “Mənə elə gəlir ki, məktəb direktoru vəzifəsinə ancaq məktəbin içindən müəyyən qədər nüfuza, biliyə, bacarığa, idarəetmə qabiliyyətinə sahib olan biri seçilməlidir”.
M.Məmmədlinin fikrincə, bu daha məqsədəuyğundur. Məktəb direktoru məktəbin içində seçki yolu ilə müəyyənləşdirilməlidir. M.Məmmədli bildirdi ki, bu daha təsiredici və effektli olar: “Bu halda biz peşəkar bir məktəb direktoru görə bilərik”.
AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Miisir Mərdanov hesab edir ki, direktorların imtahanla işə qəbulu doğru yanaşma deyil: “İmtahanla hər hansı məqamda qiymətləndirmə mümkündür, amma hər zaman yox. Mənə elə gəlir ki, hər bir məktəbin direktorunu cəmiyyət özü seçməlidir. İmtahan verib əla qiymət aldın, amma məktəbdə səni tanımırlarsa, o məktəbə necə rəhbərik edə bilərsən? Şəxsi fikrim budur ki, məktəb direktoru məktəbin içindən seçilməlidir. O məktəbdə işləyən ən nümunəvi, səriştəli müəllim direktor seçilməlidir ki, məktəbi də idarə edə bilsin”.
Millət vəkili Ceyhun Məmmədov deyir ki, bu gün bəzi məktəb direktorları rəhbəri olduğu təhsil müəssisəsinə gəlir mənbəyi kimi baxır. Bu düzgün yanaşma deyil. Rüşvət olan yerdə normal təhsil mühiti ola bilməz: “Təhsil olan yerdə rüşvət olmamalıdır. Əgər, bir məktəb direktoru rüşvət alırsa və bu əməlinə görə işdən azad olunursa, bu, yetərli deyil. Direktorların rüşvət alması ilə bağlı fakt aşkarlanan zaman onlar daha sərt şəkildə cəzalandırılmalıdır. Biz məktəblərdə təhsilin keyfiyyətindən danışmaq istəyiriksə, orada rüşvətdən söhbət gedə bilməz. Direktor təyin olunan şəxs bilməlidir ki, o bu müəssisəyə təhsilin səviyyəsini artırmaq, bilikli və savadlı gənc nəslin yetişməsinə nail olmaq üçün təyin olunub. Rüşvət almaq, qazanc əldə etmək üçün yox”.
Millət vəkili hesab edir ki, hər insanı məktəb direktoru təyin etmək olmaz: “Bir məktəbə direktor təyin etməzdən öncə onun əvvəlki işi, fəaliyyəti dəqiqliklə araşdırılmalı, yoxlanılmalıdır. Təyinat zamanı tapşırıqlar, kiminsə qohumluğu, kiminsə yaxınlığı nəzərə alınmamalıdır. Direktorların işə qəbulu prosesi tam şəffaf və obyektiv həyata keçirilməlidir. Belə olsa, neqativ hallara da rast gəlinməz”. (Azedu.az)
Nərmin Qarazadə