Dərc olunub: 10.03.2025

 

Azərbaycan Respublikası Prezidentinin hər il 27 mart tarixinin “Elm günü” kimi təsis edilməsi haqqında Sərəncamının icrası ilə əlaqədar olaraq Lənkəran Dövlət Universitetində (LDU) “Elm günü”nə həsr olunmuş Dəyirmi masa keçirilib. Tədbiri LDU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru, dos. Elvin Əliyev açıb və iştirakçıları “Elm günü” münasibətilə təbrik edib.

LDU-nun rektorunun müşaviri, texnika elmləri doktoru, professor Mikayıl Məhərrəmov çıxışında bildirib ki, 2018-ci il aprelin 9-da Prezident İlham Əliyev cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamın ölkədə elmin inkişafına təkan verdiyini, bu sahədə əsaslı keyfiyyət dəyişiliklərinə yol açdığını, gənc tədqiqatçıların yetişməsinə stimul yaratdığını deyən professor Mikayıl Məhərrəmov Lənkəran Dövlət Universitetində son illərdə bu istiqamətdə görülən işlərdən danışıb, elm və təhsilə kompleks yanaşmanın uğurlu nəticələr verəcəyinə əminliyini ifadə edib.

LDU-nun Təbiyyat fakültəsinin dekanı dos. Nahid Paşayev, Aqrar və mühəndislik fakültəsinin dekanı dos. Balayar Şahbazov, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Gülbəniz Əliyeva, Tarix-coğrafiya və incəsənət fakültəsinin dekanı dos. Afaq Qasımova, Filologiya və ibtidai təhsil fakültəsinin dekanı dos. Elman Mirzəyev, Baytarlıq fakültəsinin dekanı vəzifəsini icra edən prof. Cihan Kaçar çıxışlarında ölkədə elmin inkişafı istiqamətində dövlət səviyyəsində aparılan işlərdən danışaraq qarşılıqlı fikir mübadiləsi aparıblar.

Çıxışlarda bildirilib ki, hazırda dövlət səviyyəsində həyata keçirilən strategiyanın əsas prioritetlərindən biri bilik iqtisadiyyatının formalaşdırılması, təhsil, elm və innovasiya arasında səmərəli əlaqələrin yaradılmasıdır. Azərbaycanda son 10 ildə həyata keçirilən siyasət nəticəsində sosial inkişaf göstəricilərinin əhəmiyyətli dərəcədə yüksəlməsi ölkə başçısının ölkəmizdə elmin inkişafı, elmi-texniki potensialın qorunub saxlanılması, modernləşdirilməsi, elm və təhsil sahəsində yüksək ixtisaslı kadrların hazırlanması, onlara daim qayğı göstərilməsi, cəmiyyətdə alimlərin, elm və təhsil işçilərinin nüfuzunun artırılması və Azərbaycanda alınmış elmi nəticələrin xaricdə tanıdılması istiqamətində görülən işlərin nəticəsidir. Elm və təhsilin inkişafına dövlət səviyyəsində göstərilən bu qayğı, əslində, dövlətçiliyin möhkəmləndirilməsi və xalqın milli-mədəni tərəqqisinə və rifah halının yüksəldilməsinə xidmət edən siyasətin tərkib hissəsi kimi qiymətləndirilməlidir.

“Elm günü”nə həsr olunmuş tədbirdə LDU-nun professor-müəllim heyəti, tələbələr, magistrantlar, doktorant və dissertantlar, gənc tədqiqatçılar iştirak edib.