Bakı şəhəri 301 nömrəli tam orta məktəbin normal fəaliyyətinin təşkili Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzarətindədir.
Mektebgushesi.az xəbər verir ki, bu barədə BŞTİ-nin yaydığı məlumatda qeyd edilib.
Bildirilib ki, məktəbdə idarəetmənin və tədrisin keyfiyyətli təşkili məqsədilə direktor vəzifəsinin müvəqqəti icrası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin əməkdaşı Jalə Məhərrəmovaya həvalə edilib:
“Xeyli müddətdir ki, səhhəti ilə əlaqədar işə çıxmayan məktəbin direktoru Sevda Sarıyeva işə qayıtdıqdan sonra onun barəsində tədbirlərin görülməsi nəzərdə tutulur.
Qeyd edək ki, təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Məktəblərdə sağlam işgüzar mühitin təmin olunması, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin artırılması əsas prioritetlərdəndir. Məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır”.
Xatırladaq ki, Bakı şəhəri 301 nömrəli tam orta məktəbin direktorunun müəllimlərə qarşı uyğunsuz davranışı ilə bağlı iddialar səsləndirilib. Məktəbin müəllimləri Sevda Sarıyevanın dərs saatlarını rüşvətlə bölüşdürdüyünü və onun tərəfindən təhqir edildiyini iddia edirlər.