Dərc olunub: 08.03.2025

Bu gün məktəb-valideyn münasibətlərində nəzərəçarpacaq soyuqluq müşahidə olunur. Əsas və ən başlıca səbəblərdən biri yüksək texnologiyaların insanlararası canlı ünsiyyətin önünə keçməsidir.

İstəsək də, istəməsək də raılaşmaq zorundayıq ki, bu gün məktəb-ailə, müəllim-valideyn münasibətləri heç də arzu olunan səviyyədə deyil. Bəlkə də elə bunun nəticəsidir ki, xüsusilə son vaxtlar məktəb-vaıideyn münasibətlərində soyuqluq tendensiyası özünü daha qabarıq şəkildə biruzə verir. Təlim-tərbiyə sahəsində baş verən neqativ hallara görə qarşılıqlı ittihamlar irəli sürülür, məktəb valideyni, valideyn məktəbi günahlandırır. Bəlkə də, ifrat dərəcədə virtuallıq buna şərait yaradır. Elmi-texniki tərəqqi, yüksək texnologiyaların insani münasibətlərin önünə keçməsi əsas bilik ötürücüsü və tərbiyə ocağı kimi məktəbi, müəllim faktorunu böyük ölçüdə arxa plana keçirib.

Halbuki, o qədər də uzaq olmayan keçmişdə kolleqial idarəetmə orqanı olan, pedaqoji kollektivə ümumtəhsil prosesinin, təhsil alanların dərsdənkənar vaxtının, sosial müdafiəsinin təşkilində köməklik göstərmək məqsədilə yaradılan ictimai xarakterli Valideyn komitələri məktəb rəhbərliyi, pedaqoji şura, ictimai təşkilatlarla, mövcud qanunvericilik çərçivəsində sıx əlaqədə işləyirdi. Məktəb Nizamnaməsi və Valideyn komitəsi barədə Əsasnaməyə uyğun olaraq öz işini qurur, uşaqların tərbiyəsində vahid tələbləri müəyyən etmək və onun səmərəliliyini artırmaq məqsədilə ailənin, məktəbin və ictimaiyyətin əlaqələrini möhkəmləndirməyə yardımçı olurdu. Ümumi məktəb valideyn komitəsi ilə yanaşı hər sinif valideyn komitələri də fəaliyyət göstərirdi. Hər rübün sonunda sinif valideyn iclasları, ilin sonunda isə ümumməkdəb valideyn iclasları keçirilərdi. Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilən “Ümumtəhsil məktəbinin valideyn komitəsi barədə Əsasnamə”də Valideyn komitəsinin işinin məzmunu və vəzifələri, Valideyn Komitəsinin işinin təşkili, Valideyn Komitəsinin hüquqları və digər məsələlər öz əksini tapmışdı.

“Məktəb üçbucağı”– məktəb, ailə və cəmiyyət anlayışı pedaqoji ədəbiyyatda və kütləvi mətbuatda ən çox işlənən ifadələrdən biri idi. Hamı dərk edirdi ki, bu üçbucağın bütün mexanizmləri işlək vəziyyətə gətiriləndə  məktəb həyatı da saat mexanizmi kimi işləyir, təlim-tərbiyədə, şagirdlərin hərtərəfli inkişafında uğurlara və nailiyyətlərə gətirib çıxarır. Hansı tərəfdəsə ciddi çatışmazlıq olarsa, onda həm cəmiyyət, həm ailə, həm də məktəb problemlər qarşısında qalır, arzuolunmaz nəticələrə gətirib çıxarır. Axı, insanı yetişdirən, formalaşdıran ilk ocaq sayılan ailədən sonra məktəb və pedaqoji mühitdir və burada hər şey düzgün idarəçilikdən asılıdır. Heç də əbəs yerə deyil ki,  “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da qeyd edildiyi  kimi, təhsilin keyfiyyətinin dayanıqlı yüksəlişində maraqlı tərəflərin cəlb olunmasını təmin edən səmərəli idarəetmə mühüm rol oynayır.

Sonralar bir çoxları nədənsə valideyn-müəllim-şagird münasibətlərinə köhnəlmiş sovet düşüncəsi kimi baxmağa başladı. Ona görə də valideynlə müəllim arasında sanki müəyyən uçurum yarandı. Görünür bir ara bu vacib münasibətlərin məqsəd və məzmununu düzgün başa düşmədik, effektiv icra mexanizmini tapa bilmədik, bir çox hallarda isə bu kimi münasibətlərdə sui-istifadə hallarına yol verdik. Yoxsa nə oldu ki,  birdən birə cəmiyyətimizdə məktəbə edilən maddi dəstək müzakirə mövzusu oldu, “fond pulu”, “süpürgə pulu”, “kağız pulu”, “KSQ, BSQ pulu”, “printer üçün katric pulu” və s. bu kimi yeni anlayışlar dövriyyəyə buraxıldı, məktəbin korrupsiyaya bulaşması haqqında fikirlər səsləndirildı, ayrı-ayrı müəllimlərə, məktəb rəhbərlərinə qarşı ittihamlar irəli sürüldü. Bu kimi qarşıdurmalar, xüsusilə 8 mart – Beynəlxalq Qadınlar Günü və 5 oktyaybr – Beynəlxalq Müəllimlər Günü ərəfəsində pik həddinə çatdırıldı və bu kimi qarşıdurmalar bu günün özündə də davam etməkdədir.

Kimin hansı münasibət bəsləməsindən asılı olmayaraq, bir təkzibolunmaz fikirlə razılaşmalıyıq ki, cəmiyyətdə mövcud olan problemlərin əksəriyyətinin kökü məhz təhsildən qaynaqlanır. O da danılmaz faktdır ki, məktəb illərimizin, təhsillə bağlı fəaliyyətimizin səmimi, qayğısız, problemsiz keçid illərini yaşamışıq. Nə yazıq ki, bir müddət kəsiyində bu illərdən bəri oturuşmuş sistemin ən yaxşı ənənələrini unutduq, yenilik həvəsilə keçmişimizə biganəlik göstərdik. Nəzərə almadıq ki, zamanı qabaqlamaq mümkün olan şey deyil, çünki zaman bizdən sürətlidir. Axı, bizim təhsil sahəsində toplanmış ən böyük təcrübələrdən biri də məhz məktəb-ailə-cəmiyyət əməkdaşlığının səmərəli təşkili olub

Rəqəmsallığın artması müsbət tərəfləri ilə yanaşı istifadəçilərin virtuallığa meylinə, internet asılılığına da təsirsiz ötüşmür. Gəlin görək, bütün müəllimlər və direktorlar öz vəzifələrinin icrası ilə bağlı işləri elektron formada yerinə yetirə bilirlərmi? Bütün valideynlər övladının təhsil göstəricilərini identifikasiya kodu ilə onlayn izləmək imkanına malikdirlərmi? Məktəblərdə ənənəvi jurnalların elektron jurnallar və gündəliklərlə, o cümlədən də kağız dərsliklərin elektron dərsliklərlə əvəz olunması və bu kimi yeniliklər.heç şübhəsiz ki, təhsil sisteminin elektronlaşmasına xidmət edir. Elektronlaşma isə öz növbəsində informasiyanın əlçatanlığı baxımından yeni imkanlar açır və təhsil sisteminin yenilənməsinə və təkmilləşməsinə müsbət təsir göstərir. Elektron jurnallar övladlarının dərsə davamiyyəti və biliyinin qiymətləndirilməsilə bağlı valideynləri məlumatlandırmaq funksiyasını yerinə yetirirməklə yanaşı, həm də valideynə məktəbə gedən övladını nəzarətdə saxlamağa imkanı yaradır. Məsələnin qeyri-məqbul cəhəti ondadır ki, bu hal valideynin bir növ məktəblə canlı ünsiyətini məhdudlaşdırır ki, burda da virtuallıq məktəb-valideyn münasibətində soyuqluq yaranmasına zəmin yaradır.

Heç də əbəs yerə deyil ki,  “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da qeyd edildiyi  kimi, təhsilin keyfiyyətinin dayanıqlı yüksəlişində maraqlı tərəflərin cəlb olunmasını təmin edən səmərəli idarəetmə mühüm rol oynayır. Bu, ilk növbədə, bütün növ təhsil müəssisələrinin müstəqilliyinin artırılmasını, valideyn, şagird, tələbə və təhsil prosesinin digər iştirakçılarını geniş cəlb etməklə təhsil ocaqlarının idarə olunmasını tələb edir. Təhsil siyasətinin uğurlu həyata keçirilməsinin əsas şərtləri onun məqsədi və məzmunu haqqında aydın təsəvvürün yaradılması, ictimai dəstək qazanması və reallaşmasını təmin edən effektiv icra mexanizminin formalaşdırılmasıdır.

Bu gün həssas və mühüm inkişaf sahəsi sayılan təhsildə dinamik dəyişikliklər, mühüm islahatlar aparılır. İslahatlarda təhsilin keyfiyyətinin və səmərəliliyinin artırılması ilə bağlı yeni yanaşmalar, yeni stereotiplər formalaşır, diqqət və qayğı artırılır. Təlim-tərbiyənin, təhsilin komponentləri, faydalanan hədəf qrupları, iştirakçılar və idarəedicilər dəqiqləşdirilir, vəzifə, məsuliyyət və hüquqlar dəyərləndirilir. Pedaqoji heyətin, müəllimin imkanları ilə yanaşı, alternativ imkanlar araşdırılır, ailənin, valideynin bu proseslərdə rolu və məsuliyyəti məsələsi aktuallaşır. Valideynlərin təlim-tədris prosesinə cəlb etmək üçün yeni modullar düşünülür, bu sahədə maarifçilik və praktik tədbirlər həyata keçirilir.

Bütün bunlarla yanaşı hələ ki, valideynlər, məktəb kollektivi və rəhbərliyi arasında qarşılıqlı münasibətləri tənzimləyən əməkdaşlıq konsepsiyası yoxdur. Bu qarşılıqlı münasibətlərin təşkil edilməsi və tənzimlənməsinin vahid sistemi işlənib hazırlanmamışdır. Məktəb rəhbərlərinin pedaqoji kollektivlə valideyn resurslarından səmərəli istifadə etmə istiqamətində apardıqları iş bir o qədər effektli deyil, müəllimlərin valideynlərlə apardığı iş o qədər də ürəkaçan deyil. Valideynlərin məktəb həyatına cəlb olunması mexanizmi, onların təhsilin inkişafında iştirakı, məktəbə kömək imkanlarını müəyyənləşdirən konsepsiyanın ortalığa qoyulmasına böyük ehtiyac duyulur.

Gəlin, bir çox milli və bəşəri dəyər və ənənələrimizə diqqət və sayğı göstərdiyimiz kimi, ciddi səylər və böyük zəhmət hesabına əldə etdiyimiz təhsil dəyərlərimizi və ənənələrimizi də qoruyub saxlayaq, bu şərəfli və məsuliyyətli missiyada əlimizdən gələni əsirgəməyək. Məktəblərdə yaradılan assosasiya, komitə, icma olmasından asılı olmayaraq bunun bir adı, bir məramı, bir məqsədi var – məktəb müqəddəs məbədgah kimi öz nüfuzunu qorumalıdır. Unutmayaq ki, heç bir texniki vasitə, yüksək texnologiyalar insanlararası canlı ünsiyyəti əvəz edə bilməz.