Dərc olunub: 07.03.2025

Bakı Dövlət Universitetinin (BDU) Pedaqogika kafedrasında “Ümumi təhsildə gender bərabərliyi: pedaqoji aspektlər və dərsliklərin ekspertizası” mövzusunda elmi seminar keçirilib. Tədbirdə p.e.d., prof. Elza Mollayeva, prof. Rəna Mirzazadə, dos. Elmina Kazımzadə, prof. Məcid İsmixanov, Pedaqogika və Gender və tətbiqi psixologiya kafedralarının digər əməkdaşları iştirak ediblər.

Seminarı giriş sözü ilə açan BDU-nun Pedaqogika kafedrasının müdiri, pedaqoji elmlər doktoru, professor Ləzifə Qasımova qonaqları salamlayıb, mövzunun aktuallığından,  təhsildə gender bərabərliyinin cəmiyyətin sosial-mədəni inkişafındakı rolundan danışıb. Professor təhsil prosesində bərabər imkanların yaradılmasının və tədris ədəbiyyatının bu prizmadan təhlilinin vacib olduğunu bildirib.

Sonra BDU-nun müəllimi, doktorant İlahə İsgəndərovanın və təhsil tədqiqatçısı, “İZƏ” nəşriyyatının direktoru Orxan Bəyovun məruzələri dinlənilib. Natiqlər qeyd ediblər ki, təhsildə gender bərabərliyinin təmin edilməsi təkcə ədalət və bərabərlik prinsiplərinə uyğunluğu ilə deyil, həm də sosial inkişaf və cəmiyyətin daha inklüziv olması baxımından əhəmiyyətlidir. Vurğulayıblar ki, orta məktəb dərsliklərinin gender perspektivindən ekspertizası, gender bərabərliyi üzrə mövzuların işlənməsi, dərsliklərdə istifadə olunan mövzu və personajların gender bərabərliyini əks etdirməsi tərbiyə və təhsil sistemində bir sıra sahələrdə problemlərin aradan qaldırılmasına kömək edəcək. Pedaqoji baxımdan genderə həssas yanaşmanın təlim keyfiyyətinin yüksəlməsinə şərait yaradacağı da diqqətə çatdırılıb.