Martın 7-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Elm və Təhsil Nazirliyində ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələri üzrə yeni təhsil proqramlarının hazırlanması məqsədilə yaradılan Komissiyanın tərkibində formalaşdırılmış Təhsil ixtisasları qrupu İşçi qrupunun iclası keçirilib. İclasda Təhsil ixtisasları qrupu üzrə İşçi qrupun üzvləri, ali təhsil müəssisələrinin təmsilçiləri, KİV və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Görüşü giriş sözü ilə açan İşçi qrupun həmsədri, ADPU-nun rektoru professor Cəfər Cəfərov qeyd edib ki, elm və təhsil nazirinin müavini İdris İsayevin rəhbərliyi ilə yaradılan Komisiyanın tərkibi müxtəlif qruplardan ibarətdir ki, bu qruplardan biri də Təhsil ixtisasları qrupudur. Qeyd edilib ki, Təhsil ixtisasları qrupu üzrə ilkin işçi qrupu 21 ali təhsil müəssisəsinin rəhbərliyi və professor-müəllim heyətindən formalaşdırılan 106 nəfərdən və əmək bazarını təmsil edən 38 nəfərdən ibarətdir. Müasir dövrün dəyişən tələbləri və inkişaf tendensiyasının tədrisin ümumi məzmununda dəyişikliyi zəruriləşdirdiyini qeyd edən C.Cəfərov yeni proqramların hazırlanması üçün yaradılmış işçi qrupların üzərinə böyük məsuliyyət düşdüyünü bildirib. Daha sonra iclasın gündəliyi təsdiqlənib.
Çıxış edən işçi qrupun həmsədri, “Hədəf” şirkətlər qrupunun baş direktoru Şəmil Sadıqov mövcud təhsil proqramlarının əmək bazarının tələbləri ilə uzlaşma səviyyəsi və yeni proqramların prioritetləri barədə danışıb.
ADPU-nun tədris işləri üzrə prorektoru, İşçi qrupun üzvü dosent Eldar Aslanov iştirakçıları İşçi qrupun heyəti ilə tanış edib. E.Aslanov qeyd edib ki, yaradılan İşçi qrupda pedaqoji ixtisasların tədris edildiyi və pedaqoji kadr hazırlığı üzrə ixtisaslaşmış ümumilikdə 21 ali təhsil müəssisəsi təmsil olunur. Qeyd edilib ki, ali təhsil müsəssisələrinin təklif və təqdimatlarını formalaşdırmaq üçün müəssisə daxilində alt işçi qruplar formalaşdırmaları mümkündür. Təhsil ixtisasları qrupu üzrə İşçi qrupunun tam tərkibinin müəyyənləşdirilməsi və Təhsil ixtisasları qrupu üzrə İşçi qrupun iş planının və reqlamentinin əsdiqi barədə təkliflər səsə qoyularaq qəbul edilib.
Daha sonra magistratura təhsil səviyyəsi üzrə Pedaqogika ixtisası üzrə ixtisaslaşmaların ilkin layihəsi müzakirəyə çıxarılırıb, rəy və təkliflər müzakirə edilib. Müzakirələrdə İşçi qrupda təmsil olunan ali təhsil müəssisələrindən ADA Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Sumqayıt Dövlət Universiteti və digər universitetlərin nümayəndələri də mövzu ətrafında çıxış edib, təkliflərini səsləndiriblər.
Görüş İşçi qrupun üzvlərinin təklifləri və sərbəst çıxışlarla davam edib.