Təhsildə Keyfiyyət Təminatı Agentliyində (TKTA) Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tyutorlarının iştirak etdiyi Tyutor Məktəbi təlim proqramı üzrə yekun imtahan təşkil olunub. İmtahanda iştirak edən 22 tyutor təhsil qanunvericiliyi, tələbəyönümlü təhsil, tyutorların ünsiyyət və peşə bacarıqları istiqamətində nəzəri və praktiki suallar əsasında öz biliklərini nümayiş etdiriblər.
TKTA-nn metodoloji dəstəyilə həyata keçirilən AzMİU tyutorluq fəaliyyətinin keyfiyyətinin artırılması məqsədilə təlim proqramı 3 moduldan ibarət olmaqla ümumilikdə 26 saat davam edib. Təlim müddətində peşəkar təlimçilər tərəfindən tyutorların tələbəyönümlü təhsil mühitinin təşkilində rolu, bu sahəni tənzimləyən hüquqi aktlar, tyutorun peşə səriştələri və ünsiyyət bacarıqları kimi müxtəlif mövzularda iştirakçılara geniş izahlar verilib, həmin biliklərin real nümunələr əsasında iş prosesində tətbiqinin təhsil müəssisəsi üçün əhəmiyyəti vurğulanıb.
Yekun qiymətləndirmənin nəticələri əsasında tyutorlara müxtəlif kateqoriyalara uyğun sertifikatların təqdim olunması planlaşdırılır.