Sarsen Amanjolov adına Şərqi Qazaxıstan Universitetinin rektoru Tolegen Muxtarın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.
Bu barədə AZƏRTAC-a UNEC-dən məlumat verilib.
UNEC-in rektoru professor Ədalət Muradovla keçirilən görüşdə universitetlər haqqında məlumat mübadiləsi aparılıb. UNEC-in təhsil imkanlarını, beynəlxalq reytinqlərdəki mövqeyini yüksək qiymətləndirən qazaxıstanlı rektor bu ali təhsil müəssisəsi ilə əməkdaşlıq etməkdə maraqlı olduğunu bildirib. O, Şərqi Qazaxıstan Universitetinin müəllimlərinin Orhun proqramı çərçivəsində UNEC-də mübadilədə iştirak etdiklərini bildirərək, gələcəkdə bu əlaqələrin daha genişləndirilməsinin hər iki universitet üçün faydalı olacağını diqqətə çatdırıb.
Rektor Ədalət Muradov isə türkdilli dövlətlərin ali təhsil müəssisələri ilə əlaqələrin qurulmasının UNEC-in prioritetlərindən olduğunu vurğulayaraq, mümkün əməkdaşlıqla bağlı fikirlərini bölüşüb.
Görüşdə gələcək əməkdaşlıq istiqamətində zəruri qərarlar qəbul edilib.