Azərbaycan Milli Elmlər Akademiyasının binasına daxil olanda adamın üzünə sanki işıq doğur. Bu, elmin və elm adamlarının işığıdır. Burada addım atdıqca keçmişin dahilərinin izi duyulur, gələcəyin elmi kəşflərinə aparan yollar görünür. Bu böyük elm məbədinin mühitində insanın elmə olan sevgisi daha da güclənir, yeni biliklərə olan marağı artır. Akademiyanın köhnə, amma möhtəşəm divarları sanki minlərlə alimin zəhmətini, fikirlərini və ümidlərini özündə yaşadır. Belə alimlərdən biri – Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri filologiya elmləri doktoru, professor, Xəzər Universitetinin müəllimi Bədirxan Əhmədli AZƏRTAC-ın suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.
-Bu günədək ədəbiyyatşünaslıq sahəsində qazandığınız ən böyük uğur nə olub?
-Bilirsiniz, bəlkə də bu gün mənim də məşğul olduğun ədəbiyyatşünaslıq, ədəbi tənqid kimlər üçünsə dar və məhdud bir sahə kimi görünsün. Ancaq nəzərə alaq ki, milli ədəbi fikir tarixində məhz ədəbiyyatşünaslıq və tənqidlə xalqın qəlbində özünə abidə ucaldan maarifçilər, elm adamları çox olub. Firidun bəy Köçərli, Əmin Abid, Hənəfi Zeynallı, Əli Nazim, Salman Mümtaz, Həmid Araslı, Əli Sultanlı, Abbas Zamanov, Feyzulla Qasımzadə, Kamal Talıbzadə, Bəkir Nəbiyev, Yaşar Qarayev kimi alimlər bu sahədə fundamental tədqiqatlar aparıblar. Yəni bu işin mahiyyətində həm də maarifçilik var. Təsadüfi deyil ki, bolşeviklərin işğal zamanı ilk güllələdiyi şəxslərdən biri Firidun bəy Köçərli olub. Bir çox ədəbiyyatşünaslar – Əli Nazim, Əmin Abid, Salman Mümtaz, Bəkir Çobanzadə və başqaları repressiya olunublar. Mən də onların bu müqəddəs yolunu davam etdirərək xalqa xidmət yolunu seçmişəm. Uğura gəldikdə, bunu yazdığım monoqrafiyalar, dərsliklər, proqram və metodik vəsaitlər, elmi məqalələrimdə, Almaniya, Çin, Pakistan, Hindistan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Gürcüstan, Rusiya, Polşa və başqa ölkələrdə etdiyim onlarla məruzələrimdə görmək mümkündür.
– Çoxlu proqramların, metodik vəsaitin və dərsliklərin müəllifisiniz. İlk dəfə olaraq bakalavr, magistrant və doktorantlar üçün nəzərdə tutulmuş “XX əsr Azərbaycan ədəbiyyatı” dərsliyiniz iki dəfə nəşr edilib. Bu dərslikləri hazırlayarkən hansı çətinliklərlə qarşılaşdınız?
-Hansı çətinliklərlə qarşılaşmadım ki… Deyim ki, müxtəlif dövrlərdə Bakı Slavyan Universiteti, Mədəniyyət və İncəsənət Universiteti, Türkiyədə Kars Kafkas Universiteti və Xəzər Universitetində otuz ilə yaxın mühazirələr oxumuşam. Gördüyüm bu olub ki, müstəqillik dövründə proqramların, metodik vəsaitlərin, dərsliklərin və dərs vəsaitlərinin nəşri, demək olar, yaddan çıxıb. Bu isə tələbə və magistrantların əvvəlki ideoloji prinsiplərlə yazılmış vəsaitlərdən istifadə etməsinə şərait yaradır. Ya da internet, vikipediya məlumatlarından istifadə etməklə kifatyətlənirlər ki, bu da təhsil sistemimizə böyük bir zərbədir. Bunu hiss edərkən XX əsrin ədəbiyyat tarixini yazmağa başladım. Əvvəlcə 2009-cu ildə ədəbiyyat tarixinin proqramını tutdum və yeni dövrləşdirmə irəli sürdüm. Sonra da bu dövrləşdirməyə uyğun yüz ilin ədəbiyyatını sistemləşdirdim və tələbələrin ixtiyarına verdim. 2010 və 2011-ci illərdə bu dərsliklərin 2 cildi çap olundu. Bu yaxınlarda isə 3 cildini çap etdi. İlk dəfədir ki, tək müəllifin bir əsri əhatə edən belə bir dərsliyi işıq üzü görür. Çətin də olsa, bunun öhdəsindən gəlmək mümkün oldu. Yalnız ona görə ki, tələbələr kif basmış ideoloji dərsliklərdən istifadə etməsin. Bu işə aidiyyəti nazirliklər dəstək versələr, tələbələr üçün bu dərsliklər əlçatan ola bilər.
Artıq otuz ildən çoxdur ki, müstəqilik, ancaq hələ də köhnə, sovet dövrünün dərsliklərindən istifadə olunur. Ali məktəblərdə dərslik və dərs vəsaitlərinə münasibətdə total etinasızlıq hökm sürür. Orta məktəb dərsliklərinə qonorar verib yazdırırlar, onu çap edib pulsuz paylayırlar. Ali məktəblərin dərsliklərinə isə heç bir dəstək göstərmirlər. Alim aldığı cüzi maaşla dərslik və dərs vəsaiti, proqram və metodik vəsait çıxarmağa məcbur olur. Bu kitablar müəllifin öz hesabına çap olunur, həmin kitablar isə tələbələrə çatdırılmır. Müəllif yazdığı dərsliklər və dərs vəsaitləri üçün heç bir dəstək görmür, qonorar almır.
– Müasir Azərbaycan ədəbiyyatının tədqiqi sahəsində hansı boşluqlar hələ də qalır?
-Yüz əlli ilə yaxındır ki, Azərbaycan ədəbiyyatı sistemli şəkildə tədqiq olunur. Buna baxmayaraq, ədəbiyyatımızın elə problemləri, istiqamətləri var ki, araşdırılmasını gözləyir. Üstəlik, sovet dövründə araşdırılan bir çox problemlər, ədəbi hadisələr və şəxsiyyətlərin yaradıcılığı ideoloji mövqedən tədqiq olunduğundan yenidən araşdırılmanı zəruri edir. Maarifçi realizm, romantizm və onun hüdudları, mərhələləri, tənqidi realizm istilahları, onun nümayəndələri yenidən tədqiq olunmalı, ideoloji, siyasi yanaşmalardan azad olunmalıdır. Təəssüf ki, magistrant və doktorantlara mövzular verilərkən bunlar nəzərə alınmır. Bundan başqa, aparılan araşdırmalarda nəzəri kontekst, bədii mətnlə işləmək olduqca zəifdir. Nəzəri yanaşmaların zəifliyi həm də universitetlərdə ədəbiyyat nəzəriyyəsi fənninin getdikcə sıradan çıxmasından irəli gəlir. Hətta bütün universitetlərdən ədəbiyyat nəzəriyyəsi kafedraları ləğv edilib. Bu cür filoloji təhsildə tələbə və magistrantlar hansı nəzəri yanaşma sərgiləyə bilərlər. Doktorantura təhsilində də yeni yanaşmalar keçmək lazım gəlir.
-Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinə rəhbərlik edirsiniz. Asiya xalqlarının ədəbiyyatı ilə Azərbaycan ədəbiyyatı arasında hansı oxşarlıqları və fərqləri müşahidə edirsiniz?
-Əvvəla onu deyim ki, bu şöbə yeni yaranıb, cəmi 8 yaşı var. İndiyədək bizdə dünya ədəbiyyatı dedikdə yalnız Avropa və nisbətən Amerika ədəbiyyatı nəzərdə tutulurdu. Asiya xalqlarının ədəbiyyatı isə kənarda qalırdı. Halbuki Yaponiya, Çin, Koreya, Hindistan, Pakistan, İndoneziya, Malayziya, Vyetnam ədəbiyyatını da yaddan çıxarmaq olmaz. Çünki ədəbiyyat geniş mənada mədəniyyətin bir hissəsidir. Bu şöbənin yaranması ilə Asiya ədəbiyyatına qapılar açılmış oldu. Yapon, Çin, Koreya yazıçıları son illərdə Nobel mükafatına layiq görüldülər. Keçən ilin dekabrında “Asiya xalqları ədəbiyyatı: ənənələr və müasir tendensiyalar” adlı beynəlxalq konfrans keçirdik. Konfransa dünyanın müxtəlif ölkələrindən alimlər qatılmışdı. Mən və şöbə əməkdaşları Çin, Pakistan, Hindistan, Türkiyə, Özbəkistan, Qazaxıstan və s. ölkələrdə simpoziumlarda iştirak edərək müxtəlif mövzularda məruzələr oxumuşuq.
Sualınıza gəldikdə isə deyə bilərəm ki, bu yaxınlığı ən çox Koreya ədəbiyyatında hiss etmişəm. Cənubi Koreya yazıçısı Şin Qyonqun “Anam sənə əmanət” romanı sanki Azərbaycan həyatından yazılıb. Romandakı itkin düşən Ana bütün qayğıları, arzuları, işgüzarlığı, övladcanlığı ilə əsl azərbaycanlı ana obrazıdır. Başqa bir Koreya yazıçısı Hanq Kanğın “Vegeterian” romanı isə keçən il Nobel mükafatına layiq görüldü. Bu roman haqqında hələ 2019-cu ildə yazdığım məqalədə əsərin dünya ədəbiyyatındakı yerini göstərməyə çalışmışdım. Əsər mükafat aldıqdan sonra mənim bu məqaləmə çoxlu müraciətlər və istinadlar oldu.
– Sizcə, XX əsr Azərbaycan ədəbiyyatının ən parlaq dövrü hansıdır və niyə?
– Bu, baxır ədəbiyyatı hansı kontekstdən qiymətləndirirsən. Yəni Azərbaycan ədəbiyyatının bütün dövr və mərhələlərində görkəmli şəxsiyyətlər olub. Azərbaycan ədəbiyyatı janr, forma, ideya cəhətdən müxtəlif inkişaf mərhələləri keçib. Mənə görə, ən zəngin mərhələ XX əsrin əvvəlləridir. Yəni bu dövr bütün mahiyyəti, xarakteri, inkişaf istiqamətləri ilə tamamilə yenidir. Bu dövrü mən “XX əsr Azərbaycan ədəbiyyatı” monoqrafiyamda milli hərəkat dövrü adlandırmışam. Təsəvvür edin ki, yüz ilə milli kimliyini müəyyən etməkdə çətinlik çəkən Azərbaycan xalqı çox qısa bir zamanda milli özünüdərk prosesindən keçərək milli dövlətçiliyini yaratdı, Cümhuriyyətini qurdu. Burada Azərbaycan bədii düşüncəsi də böyük məsafə qət etdi. Ədəbi, ictimai hadisələr, şəxsiyyətlər baxımından da bu dövr çox zəngindir. Maarifçi realizm, romantizm, tənqidi realizm ədəbi cərəyanları məhz bu dövrdə üçlükdə addımlayıb, ictimai fikir “Türkləşmək, müasirləşmək, islamlaşmaq” üçlü düsturunu formalaşdıra bilib. Həsən bəy Zərdabi, Firidun bəy Köçərli, Məhəmmədağa Şahtaxtlı, Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Nəriman Nərimanov, Hüseyn Cavid, Mirzə Ələkbər Sabir, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Məhəmməd Hadi, Abbas Səhhət, Abdulla Şaiq, Əliabbas Müznib, Üzeyir Hacıbəyli, Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski və başqa onlarla ədəbi, ictimai xadimlərin birgə səyi ilə ədəbi, elmi, maarifçi, siyasi düşüncədə böyük proseslər baş verdi. Şübhəsiz, bu prosesdə bədii düşüncənin, ədəbiyyatın rolu əvəzedilməz oldu. Çünki ictimai-siyasi cəhətdən hələ tam yetkin olmayan xalq məhz bədii əsərlərlə özünüdərk prosesindən keçdi, özünü tanıdı. Hələ Azərbaycan bədii, ictimai fikrinin heç bir dönəmində bu qədər məsafə qət edilməmişdi.
-Gənc ədəbiyyatçılara hansı məsləhətləri verərdiniz? Onların qarşılaşdığı əsas çətinliklər nələrdir?
-Gənc ədəbiyyatçılar dedikdə elmə gələnləri nəzərdə tuturuqsa, bunu demək mənim üçün çox çətindir. Bu gün elmə gələnlər üçün kifayət qədər maddi və mənəvi stimul yoxdur. Üstəlik gənclərin qarşısında elə baryerlər çəkilib ki, heç kim o baryerləri aşmaq istəməz. Söhbət dissertant və doktorantların qarşısında yaradılmış süni qadağalardan, yanlış yanaşmalardan gedir. Elmin təşkilində də boşluqlar var. Elmlə məşğul olanlar bu boşluqda əzilir, sınır və məşğul olduğu sahədən məmnun olmur. Hər şey də bu məmnuniyyətdən asılıdır.
-Azərbaycan ədəbiyyatının beynəlxalq aləmdə tanıdılması üçün daha hansı addımlar atılmalıdır?
-Azərbaycan ədəbiyyatını əvvəl evin içində tanıtmaq lazımdır, sonra özü-özünü tanıdacaq. Yəni bu gün bədii əsərlər cəmi min tirajla çap olunursa, hansı tanıtmaqdan söhbət gedə bilər. Belə baxanda indi ədəbiyyatın tanınmasında texniki imkanlar çoxalıb. Keyfiyyətli tərcümələr sayəsində bədii əsərlərimiz dünyaya yayıla bilər. Məsələn, dramaturq, yazıçı, filosof Firuz Mustafanın əsərləri rus oxucularına yaxşı tanışdır və onun yaradıcılığı haqqında geniş məlumatları var. Bunu da Firuz müəllim öz imkanları ilə edib. Lakin ədəbiyyatımızı dünyada tanıtmaq istəyiriksə, onun təbliği ilə də məşğul olmalıyıq.
-Ədəbiyyata olan marağınız necə yarandı? İlk tədqiqatınızı xatırlayırsınızmı?
-Ədəbiyyata olan marağım Gürcüstanın Başkeçid rayonunun Az.Gəyliyən kəndində başladı. Kənd kitabxanasına Azərbaycandan kitablar gəlirdi. Buradakı kitabların demək olar ki, çoxunu oxumuşdum. Azərbaycan Dövlət Pedaqoji Universitetində oxuduqda İsmayıl Şıxlı, Feyzulah Qasımzadə, Əbdüləzəl Dəmirçizadə, Məmmədhüseyn Təhmasib, İsrail Mustafayev kimi ədəbiyyat adamlarından dərs aldım. Təyinatla Sabirabad rayonun Abdulabad kəndinə, vaxtilə romantik şairimiz Abbas Səhhətin də işlədiyi orta məktəbə göndərildim. Sonra Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aspiranturasına qəbul oldum və bundan sonra elmlə məşğul olmağa başladım. Burada da görkəmli alimlərlə tanış olmaq, onların araşdırmalarını izləmək fürsətim oldu.
– Siz həm də jurnalistika ilə məşğul olmusunuz. Jurnalistikanı elmə nədən dəyişdiniz?
-Bunun bir tarixi var. 1990-cı ilin 20 Yanvar qırğınından sonra Milli Arxiv İdarəsində işləməyin mənası qalmadı. Mənə elə gəlirdi ki, baş verən həqiqətləri cəmiyyətə çatdırmaq lazımdır. Publisistika buna imkan verirdi. Elə bu zaman professor Teymur Əhmədov Azərbaycan Qaçqınlar Cəmiyyətinin “Vətən səsi” adlı qəzetini çıxarmağa hazırlaşırdı. Məni də dəvət etdi və şöbə müdiri kimi burada işə başladım. İlk işim arxivdən surətini çıxardığım Gülüstan və Türkmənçay müqavilələrini Xalq şairi Osman Sarıvəllinin oğlu Seyranla tərcümə etmək və qəzetdə vermək oldu. Buna qədər bu müqavilələri yalnız bir neçə tədqiqatçı görə bilmişdi. Buradakı məqalələrimi “Başkeçidli”, “Bədirxan Başkeçidli” imzaları ilə dərc etdirirdim.
-Maraqlıdır, burada nə qədər işlədiniz.
-Heç ilyarım çəkmədi, artıq Azərbaycan müstəqil idi, onun strukturları yaradılırdı. Bu strukturlardan biri də Müdafiə Nazirliyi idi. Nazirliyin isə “Xalq ordusu” qəzetini yaratmaq işi gənc hərbi müxbir Üzeyir Cəfərova tapşırılmışdı. Üzeyirin ilk məqaləsini mən redaktə edib qəzetdə çap etdirmişdim. Ona görə də məni bu qəzetə dəvət etdi. İlk sayından başlayaraq 1999-cu ilədək bu qəzetdə işlədim. Əvvəlcə şöbə müdiri, sonra isə redaktor müavini kimi. Mən artıq burada hərbi mundir geyinir, milli ordunun zabiti kimi çalışırdım. 1999-cu ildə ehtiyata və istefaya çıxanda Qarabağ müharibəsi veteranı idim.
– Həyat və elm yolunda sizə ən çox təsir edən müəllimləriniz və alimlər kimlər olub?
-Mən kəndimizin ilk alimiyəm, bu mənada, mənim uşaqlığımda təsir göstərən elm adamı olmayıb. Dayım Emin Mahmudov Tbilisidə Azərbaycan radiosunun redaktoru idi, onun da müəyyən təsiri oldu. Ancaq tələbəlik illərində tələbə yoldaşım, dostum Fazil Mustafayevin əmisi oğlu – tənqidçi, fəlsəfə doktoru İsrail Mustafayevin mənim formalaşmağımda rolu çox olub. Bəlkə ona görə ki, onu yaxından tanıyırdım, məqalələrini izləyirdim. Bir də müəllimlərimin araşdırmaları, şəxsiyyətləri mənə çox təsir edib. Görünür ki, bunun da rolu az olmayıb.