Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Bakı Baş Səhiyyə Mərkəzinin sağlam həyat tərzinin təşviqi məqsədilə keçirdiyi “Sağlam sabah” layihəsi çərçivəsində tələbələrlə ilk görüş keçirilib. Paytaxt ərazisində fəaliyyət göstərən ali və orta məktəblərin tələbə və şagird heyətinin cəlb olunacağı layihənin əsas məqsədi gənc və yeniyetmələrə sağlam həyat tərzinin təbliğidir.
Tədbirdən öncə tədbir iştirakçıları ilə Pedaqoji Universitetin rektoru professor Cəfər Cəfərov və sosial və humanitar məsələlər üzrə prorektor professor Fikrət Rzayev arasında görüş baş tutub. “Sağlam sabah” layihəsinin universitetdə keçirilməsindən məmnun olduğunu bildirən rektor növbəti tədbirlərin universitetin digər inzibati binalarında da daha geniş tələbə heyəti ilə keçirilməsinin arzusunda olduğunu ifadə edib.
ADPU-da fəaliyyət göstərən 4 nömrəli Tələbə Poliklinikasının rəhbərliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Bakı Baş Səhiyyə Mərkəzinin direktor müavini Ləman Mursaqulova, Ana və uşaq sağlamlığının təşkili şöbəsinin müdiri Esmira Hacıyeva, həmin şöbənin böyük mütəxəssisi Nərgiz Kərimova və digərləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan 4 nömrəli Tələbə Poliklinikasının baş həkimi Şəfəq Teymurova tədbirin məqsədi haqqında məlumat verərək, belə mühüm layihələrin həyata keçirilməsinin gənc nəslin maarifləndirilməsi istiqamətində önəmli rol oynadığını nəzərə çatdırıb. Daha sonra söz universitetin sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayevə verilib. O da öz növbəsində “Sağlam sabah” layihəsinin universitetin tələbə heyəti üçün çox faydalı olacağını vurğulayaraq tədbirin təşkilatçılığına görə Bakı Baş Səhiyyə Mərkəzinin rəhbərliyinə minnətdarlığını bildirib.
Tədbir Bakı Baş Səhiyyə Mərkəzinin nəzdində fəaliyyət göstərən 2 nömrəli Uşaq Poliklinikasının həkim-pediatrı Vüsalə Əliyevanın, 8 nömrəli Uşaq Poliklinikasının psixoloqu Zöhrə İslamzadənin, 10 nömrəli Şəhər Poliklinikasının həkim- endokrinoloqu Kəmalə Gözəlovanın və 5 nömrəli Qadın Məsləhətxanasının həkim-ginekoloqu Leyla Məmmədovanın çıxışları ilə davam etdirilib.
“Sağlam təməl sağlam gələcəkdir” devizi altında keçirilən tədbir zamanı gənclərə sağlam həyatın əsas şərtləri, narkomaniya, tütün, alkoqol və digər psixoaktiv maddələr kimi zərərli vərdişlərin mənfi təsirləri, gigiyena qaydaları, sağlam qidalanma, piylənmə və onunla mübarizə yolları, zorakılığın növləri, kiberzorakılıq, ondan qorunma yolları, özünümüdafiə və qorunma strategiyaları, gənc qızların reproduktiv sağlamlığı və s. kimi mövzulara toxunulub, gəncləri ən çox narahat edən məsələlərə aydınlıq gətirilib.
Çıxış edənlər, həmçinin ölkəmizdə icbari tibbi sığortanın tətbiqi ilə tibbi xidmətlərə əlçatanlığın artırıldığını bildirməklə yanaşı hər bir vətəndaşın Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan tibb müəssisələrində bütün tibbi xidmətlərdən ödənişsiz şəkildə istifadə imkanlarının olmasını vurğulayıblar.
Universitetin 120 tələbəsinin qatıldığı tədbir 2 fərqli auditoriyalarda təşkil olunub, interaktiv şəkildə keçən tədbir zamanı gənclərin bütün sualları cavablandırılıb.
Tədbirin sonunda tələbələrə sağlam həyat tərzi, zərərli vərdişlər barəsində anonim sorğu təqdim olunub. Sorğunun nəticələrinin emal olunaraq gələcək tədbirlərdə daha aktual məsələlərə aydınlıq gətirilməsi planlaşdırılıb.