Mektebgushesi

Dərc olunub: 06.03.2025

Martın 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Hindistanın O.P.Jindal Qlobal Universitetinin (JGU) nümayəndələri ilə görüş keçirilib.

ADNSU-dan “Azərbaycan müəllimi”nə bildirilib ki, iki universitet arasında əməkdaşlıq imkanlarının müzakirə olunduğu görüşdə ADNSU-nun rektoru, dosent Rüfət Əzizov qonaqları salmlayaraq rəhbərlik etdiyi universitetin tarixi, beynəlxalq əməkdaşlıq əlaqələri, beynəlxalq tədqiqatlar, mövcud təhsil və tədris sistemi, maddi-texniki bazası haqqında ətraflı məlumat verib.

Rektor, dosent Rüfət Əzizov bərpa olunan enerji və süni intellektlə bağlı beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulmasında və genişləndirilməsində maraqlı olduğunu deyib. O, ölkədə qeyri-neft sektorunun sürətli və rəqabətədavamlı inkişafı üçün görülən işlərin fonunda bir sıra sahələrdə, əsasən də ağır sənaye sahələrində, yaşıl enerji ilə bağlı, o cümlədən  külək və günəş enerjisindən istifadə imkanlarından düzgün istifadə üçün bu sahədə peşəkar kadrların hazırlanmasında xarici universitetlərlə birgə təcrübənin bölüşdürülməsi və layihələrin icrasının önəmini qeyd edib.

JGU-nun Jindal Qlobal Biznes fakültəsinin aparıcı mütəxəssisi Rahul Bhandari və Reytinqlər, Bençmarkinq və İnstitusional Transformasiya Ofisinin baş meneceri Swapnil S Bhosale səmimi qarşılanma üçün rektora təşəkkür edib və təmsil etdikləri  universitetin tarixi, maddi-texniki bazası, beynəlxalq əlaqələr  və beynəlxalq reytinqlərdəki nailiyyətləri, elmi-tədqiqat imkanları və  təhsil səviyyəsi barədə geniş məlumat veriblər. Azərbaycanda ilk dəfə səfərdə olduqlarını diqqətə çatdıran qonaqlar müvafiq ixtisas sahələrində birgə elmi və təcrübə mübadiləsi üzrə əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduqlarını bildirib, bunun hər iki ali təhsil müəssisəsi üçün faydalı olacağına və elmi-tədqiqat işlərinin həyata keçirilməsi üçün geniş imkanlar yaradacağına ümidvar olduqlarını vurğulayıblar.

Görüşdə həmçinin hər iki universitet arasında tələbə və müəllim mübadiləsi, yay məktəbi, ortaq elmi-tədqiqat layihələri və digər əməkdaşlıq imkanları müzakirə edilib.

Sonda qonaqlara xatirə hədiyyələri təqdim edilib.