Dərc olunub: 06.03.2025
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın icra müddətinin uzadılmasına dair yeni dəyişiklik edilib.

Mektebgushesi.az xəbər verir ki, xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Prezident İlham Əliyevin 2024-cü il 12 avqust tarixli 248 nömrəli Sərəncamına əsasən, Dövlət Proqramının icra müddəti 2028-ci ilə qədər uzadılıb. Bununla əlaqədar olaraq, Nazirlər Kabinetinin bir sıra normativ aktlarında dəyişiklik edilib.

Dəyişikliyə əsasən, proqram çərçivəsində xaricdə təhsil alacaq gənclərin magistratura səviyyəsi ilə yanaşı doktorantura səviyyəsində təhsili də əhatə ediləcək. Gənclərin xaricdə təhsil almaq imkanlarını genişləndirmək üçün yeni meyarlar müəyyən edilib.

Həmin meyarlara əsasən, doktorantura səviyyəsi üçün namizədlər magistr elmi-ixtisas dərəcəsinə malik olmalı, xarici ali təhsil müəssisəsinə şərtsiz qəbul olunmalı və prioritet ixtisaslar üzrə təhsil alınmasını təmin etməlidirlər. Eyni zamanda, tədris dilini minimum C1 səviyyəsində bilmək və Dövlət Proqramı çərçivəsində xaricdə təhsili başa çatdırdıqdan sonra Azərbaycan ali təhsil müəssisələrində 5 il işləmək öhdəliyini öz üzərinə götürməlidirlər.

Dəyişikliklər, eyni zamanda, təhsilin maliyyələşdirilməsi qaydalarına şamil olunub. Belə ki, doktorantların illik akademik nəticələri elmi rəhbərin rəyi əsasında qiymətləndiriləcək, akademik borc olduqda təhsil haqqının ödənişi müvəqqətiləşdiriləcək.