Ali təhsil müəssisələri üçün tələbə qəbulu üzrə plan yerləri hazırlanarkən əmək bazarının tələbləri, işəgötürənlərin ehtiyacları, ölkə və region iqtisadiyyatının ümumi inkişaf perspektivləri nəzərə alınmalıdır. Məsələn, bu gün əmək bazarında süni intellekt, “Böyük verilənlər” (Big Data), biotexnologiya, ekoloji sahələr və s. üzrə kadrlara daha çox ehtiyac olduğundan bu istiqamətlər üzrə plan yerlərinin artırılması, yeni ixtisasların yaradılması ölkənin strateji hədəflərinə daha çox uyğun ola bilər.
Digər problem odur ki, qəbul planı hazırlanarkən müəssisələrin işəgötürənlərlə əməkdaşlığı əsas olsa da, bu sahədə də müəyyən çətinliklər var.
Xarici ölkələrin universitetləri plan yerləri ilə bağlı müstəqil qərar verir
Ali təhsil üzrə mütəxəssis Samir Həmidov “Azərbaycan müəllimi”nə bildirib ki, xarici ölkələrin universitetləri plan yerləri ilə bağlı müstəqil qərar verdiyindən onları birbaşa olaraq dövlət qurumları ilə razılaşdırmır. Bu proses, əsasən, ali təhsil müəssisələrinin akademik potensialı, keyfiyyət göstəriciləri və əmək bazarının tələbləri əsasında tənzimlənir. Universitetlər maddi-texniki bazasını, professor-müəllim heyətinin imkanlarını və əmək bazarında formalaşan trendləri nəzərə alaraq qəbul planlarını müəyyən edir: “Əmək bazarının tələbi dedikdə, ali məktəblərin bazarın ehtiyaclarına uyğun kadr hazırlığı həyata keçirməsi nəzərdə tutulur. Əgər müəyyən sahədə işçi qüvvəsinə tələbat çoxalarsa, həmin sahə üzrə qəbul planı da artırılır. Lakin bu proses yalnız bazarın tələbləri ilə məhdudlaşmamalıdır. Universitetlər özlərinin kadr hazırlığı potensialını da nəzərə almalıdır. Təhsil müəssisələrinin maddi-texniki imkanları, laboratoriyaları, professor-müəllim heyətinin sayı və keyfiyyəti, tələbələrin praktiki bilik əldə etmə imkanı bu prosesdə mühüm rol oynayır”.
“Bəzən kommersiya maraqları akademik və keyfiyyət göstəricilərindən üstün tutulur”
Mütəxəssisin sözlərinə görə, əgər bir universitet yalnız kommersiya maraqları naminə resurslarına uyğun olmayan sayda tələbə qəbul edirsə, bu, təhsilin keyfiyyətinə mənfi təsir göstərir: “Azərbaycanda bəzən ali təhsil müəssisələri plan yerləri müəyyən edərkən imkanlarını nəzərə almadan daha çox tələbə qəbul etməyə çalışır. Bu da kommersiya maraqlarının akademik və keyfiyyət göstəricilərindən üstün tutulması ilə nəticələnir. Belə olduqda tədrisin keyfiyyəti aşağı düşür, məzunlar lazımi bilik və bacarıqlara sahib olmadan əmək bazarına daxil olur, nəticədə işəgötürənlərlə ali təhsil müəssisələri arasında uçurum yaranır”.
ADU: Məzunların karyera göstəricilərini diqqətlə araşdırırıq
Azərbaycan Dillər Universitetindən (ADU) sorğumuza cavab olaraq bildirilib ki, əmək bazarının tələbatını diqqətlə öyrənirlər: “ADU işəgötürənlərlə sıx əməkdaşlıq edərək onların gözləntilərini nəzərə alır, məzunların karyera göstəricilərini diqqətlə araşdırır.
İxtisaslar üzrə plan yerləri əmək bazarının ehtiyacları, işəgötürənlərin təklif və rəyləri, məzunların məşğulluq göstəriciləri, gələcək trendlər nəzərə alınmaqla müəyyənləşdirilir”.
Universitetdən o da bildirilib ki, ilboyu hər fakültə üzrə işəgötürənlərlə görüşlər keçirilir. Görüşlərdə ayrı-ayrı ixtisaslara olan tələbat, əvvəlki illərin məzunlarının bilik və bacarıqları geniş müzakirə edilir.
Bəs Bakı Dövlət Universitetində qəbul planı necə hazırlanır?
Bakı Dövlət Universitetindən bildirilib ki, qəbul planını müəyyən edərkən əmək bazarının inkişaf dinamikası, müxtəlif sektorların kadra olan tələbləri, məzunların məşğulluq vəziyyəti nəzərə alınır. Bu məqsədlə müxtəlif analitik alətlər vasitəsilə əmək bazarının dərin təhlili aparılır, işəgötürənlərin mövcud və perspektiv kadr ehtiyacları araşdırılır: “Dövlət qurumları və özəl sektorun nümayəndələri ilə bu sahədə əməkdaşlıq edərək mütəmadi məsləhətləşmələr aparırıq. Dövlət Məşğulluq Agentliyi, Milli Observatoriya və digər aidiyyəti qurumlar tərəfindən təqdim olunan statistik məlumatlar və sorğu nəticələri əsasında ixtisas və ixtisaslaşmalar üzrə qəbul planı formalaşdırılır. Bundan əlavə, Elm və Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq aparılır”.
Universitetdən Karyera və Məzunlarla İş Mərkəzinin müasir tələblərə uyğun şəkildə yenidən təşkil edildiyi bildirilib: “Mərkəz işəgötürənlərlə əməkdaşlığı genişləndirərək tələbələrin məşğulluq imkanlarını artırmaq üçün birgə layihələr həyata keçirir. 2024-cü ilin yanvar ayından sonra tələbələrin peşəkar bacarıqlarının inkişaf etdirilməsi və real iş mühitində təcrübə qazanmaları üçün 17 təşkilatla əməkdaşlıq müqaviləsi imzalanıb”.
“İşəgötürənlər artıq yeni məzunların tam hazırlıqlı olmasını tələb edir”
Ali təhsil üzrə ekspert Samir Həmidov mövzu ilə bağlı daha bir məqama da toxunub. Qərb ölkələrində artıq “işləyə-işləyə öyrənmək” yanaşması qəbul edilmir. İşəgötürənlər yeni məzunların praktik və nəzəri cəhətdən tam hazırlıqlı olmasını tələb edir. Çünki müasir iş mühitində texnologiyalar və iş prosesləri sürətlə dəyişir və müəssisələr əlavə resurslar sərf edərək işçini sıfırdan yetişdirmək istəmirlər. Buna görə də ali təhsil müəssisələri əmək bazarının tələblərini nəzərə alaraq müasir tədris metodlarını tətbiq etməli, tələbələrin praktiki biliklərə yiyələnməsini təmin etməlidir: “Bu problemlərin həlli üçün əmək yarmarkalarının təşkil olunması mühüm rol oynaya bilər. Bu yarmarkalarda işəgötürənlər öz tələblərini universitetlərə birbaşa çatdırmalı, hansı bacarıqlara və biliklərə ehtiyac duyduqlarını açıqlamalıdır”.
Məşğulluq göstəricisi ən yüksək və ən aşağı olan ixtisaslar hansılardır?
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın mətbuat katibi Fidan Seyidşahqızı bildirib ki, mütəmadi olaraq əmək bazarında təhsil pillələri üzrə cari və gələcək təklifi formalaşdıran ehtiyatların təhlili aparılır: “Milli Observatoriya bu istiqamət üzrə Elm və Ali Təhsil Nazirliyi, naziliyə tabe qurumlar, müxtəlif ali təhsil müəssisləri və təhlil tədqiqat mərkəzləri ilə əməkdaşlıq edir”.
Fidan Seyidşahqızı qeyd edib ki, Milli Observatoriya ümumilikdə 569 mindən çox tələbənin fərqli istiqamətlər üzrə təhsilə dair göstəricilərini, 121 mindən artıq məzunun əmək müqavilələrini təhlil edib, nəticələr müqayisə edilərək ümumiləşdirilib. Tədqiqat nəticəsində bakalavriat, magistratura təhsil səviyyələri üzrə yuxarı və aşağı məşğulluq göstəricisi olan ixtisaslar müəyyən edilib. Məşğulluq göstəricisi ən yüksək olan ixtisasların sayı 15 olub: “Məşğulluq göstəricisi ən yüksək olan ixtisaslar arasında “İqtisadiyyat və idarəetmə”, “Texniki və texnoloji”, “Təbiət”, “Geologiya”, “Hidrometeorologiya”, “Menecment” var. Tələbə qəbulu sayında ən çox artımın qeydə alındığı “Hüquqşünaslıq”, “Regionşünaslıq”, “Tarix”, “Kimya” ixtisas qrupları da məşğulluq göstəricisi ən yüksək olan 15 ixtisas arasında yer alıb. Ən aşağı məşğulluq göstəricisi isə “Təhsil” ixtisasları qrupunda müşahidə edilib”.
Nəticə etibarilə universitetlərin yalnız kommersiya maraqları naminə plan yerlərini artırması təhsilin keyfiyyətinə zərər verir. Bunun qarşısını almaq üçün əmək bazarının tələbləri universitetlərə daha effektiv şəkildə çatdırılmalıdır. Əmək bazarı ilə ali məktəblər arasında daha sıx əlaqələrin qurulması, tələbələrin praktiki biliklərinin artırılması və müasir ixtisasların yaradılması Azərbaycanın ali təhsil sisteminin daha rəqabətli və dayanıqlı olmasını təmin edə bilər.