Dərc olunub: 02.03.2025
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) “Yenilikçi və İnkişaf Mükafatı”na layiq görülüb.
Bu məqsədlə Pedaqoji Universitetdə ATGTİ-nin rəhbər heyəti ilə görüş keçirilib.
Dövlətin gənclərə göstərdiyi diqqət və qayğı, ADPU-nun təhsil və elm sahəsində həyata keçirdiyi fəaliyyətlər müzakirə olunduğu görüşdə ADPU-nun rektoru professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektor dosent Eldar Aslanov, sosial və humanitar məsələlər üzrə prorektor professor Fikrət Rzayev, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Turan Kərimli, ATGTİ-nin İdarə Heyətinin sədri Rəşad Zeynalov və ADPU TGT-nin sədri Çiçək Sultanlı iştirak edib.
ATGTİ-nin sədri Rəşad Zeynalov təşkilatın fəaliyyəti, gələcək layihələri və gənclərin inkişafına verdiyi töhfələr barədə məlumat verib. ADPU rəhbərliyi ATGTİ-nin fəaliyyətini yüksək qiymətləndirib və təşkilatın gənclər üçün yaratdığı imkanları təqdir edib.
Bundan əlavə, ATGTİ-nin regionlarla əlaqələrinin daha da genişləndirilməsi və müxtəlif tədbirlərin bölgələrdə keçirilməsi imkanları müzakirə olunub.
Görüşün yekununda rektor professor Cəfər Cəfərova Tələbə Gənclər Təşkilatının davamlı və sistemli inkişafına verdiyi töhfəyə görə “Yenilikçi və İnkişaf Mükafatı” təqdim edilib.