Məlum olduğu kimi, Yüksək Texnologiyalar Parkı ərazisində “SABAH.city” şəhərciyi yaradılır. 2026-cı ildən etibarən SABAH qruplarının proqramları burada tədris olunacaq.
Mektebgushesi.az “Azərbaycan müəllimi” nə istinadən xəbər verir ki, layihə 3 mərhələdə icra olunacaq. Şəhərcikdə konfrans mərkəzləri, startaplar üçün məkanlar, tədqiqat və inkişaf laboratoriyaları, tədris sahələri, ictimaiyyət üçün nəzərdə tutulmuş zonalar və idman mərkəzləri yaradılacaq. Bu yanaşma müxtəlif sahələrin qarşılıqlı əlaqəsini təmin edəcək dayanıqlı ekosistemin formalaşmasına imkan yaradacaq.
İlk mərhələ – 2024-2026-cı illər:
– SABAH.city-nin yaradılması məqsədilə 4 hektar ərazidə ilkin infrastruktur qurulacaq.
– Startup inkubatorları, akseleratorlar, vençur studiyaları, vençur kapital fondları və texnologiya transfer ofisləri fəaliyyətə başlayacaq.
– Aparıcı dövlət və özəl təhsil müəssisələri, eləcə də innovativ şirkətlər SABAH.city-nin ilk sakinləri kimi fəaliyyət göstərəcəklər.
İkinci mərhələ – 2026-2029-cı illər:
– Şəhərciyin ərazisi 15 hektara qədər genişləndiriləcək, yeni imkanlar yaradılacaq.
– SABAH.city-də qabaqcıl tədqiqat mərkəzləri, müasir data mərkəzləri və innovativ birgə iş məkanları qurulacaq.
– Şəhərcikdə fəaliyyət göstərəcək aparıcı dövlət və özəl təhsil müəssisələri, eləcə də innovativ şirkətlərin əhatə dairəsi genişləndiriləcək.
Üçüncü mərhələ – 2029-cu ildən sonra:
– İnfrastruktur 20 hektara qədər genişləndiriləcək, məkan və resurslardan optimal istifadə təmin olunacaq.
– Beynəlxalq innovativ şirkətlər regional ofislərini açaraq SABAH.city-nin qlobal miqyasda nüfuzunu artıracaq.
– SABAH.city regionun aparıcı tədqiqat, inkişaf və innovasiya mərkəzi kimi mövqeyini möhkəmləndirəcək.
Qeyd edək ki, bir müddət əvvəl Yüksək Texnologiyalar Parkı ilə Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasında “SABAH.city” layihəsi çərçivəsində əməkdaşlığa dair Anlaşma Sazişi imzalanıb.







