“Ümumtəhsil məktəblərinin stabillik rejimindən inkişaf rejiminə keçidi: yanaşmalar, problemlər” mövzusunda VI panel müzakirə keçirilib.
Mektebgushesi.az xəbər verir ki, paytaxtdakı 276 nömrəli tam orta məktəbdə keçirilən görüş Beynəlxalq Humanist Pedaqogika Mərkəzinin nəzdində Humanist Pedaqogika üzrə Təhsil Təşkilatlarının Beynəlxalq Assosiasiyası, ABŞ-ın Corc Vaşinqton Universiteti və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Görüşdə elm və təhsil nazirinin müşaviri, Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən Elnur Əliyev, deputat Mehriban Vəliyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Anar Qədiməliyev, Humanist Pedaqogika üzrə Təhsil Təşkilatlarının Beynəlxalq Assosiasiyasının prezidenti Əməkdar müəllim Asif Cahangirov, Corc Vaşinqton Universitetinin Təhsil və İnsan İnkişafı Məktəbinin dekanı professor Maykl Foyer, Avropa Azərbaycan Məktəbinin direktoru, Qafqaz və Orta Asiya üzrə Beynəlxalq Bakalavriat məktəbləri Assosiasiyasının sədri Françesko Bankini, Corc Vaşinqton Universitetinin Təhsil və İnsan İnkişafı Məktəbinin proqram direktoru Sevinc Məmmədova və məktəb direktorları iştirak ediblər.
Elm və təhsil nazirinin müşaviri, Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən E.Əliyev çıxışında ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq, təhsildə keyfiyyətin dayanıqlı olmasını təmin etmək məqsədilə qarşıya qoyulan hədəflərdən və təhsil müəssisələrində tədrisin effektiv idarə olunmasından və beynəlxalq qiymətləndirmə tədqiqatlarından danışıb.
BŞTİ-nin müdir müavini Anar Qədiməliyev müasir təhsil sisteminin qurulması istiqamətində görülən işlərin, həmçinin təhsilverənlərin və idarəetmə heyətinin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində həyata keçirilən tədbirlərin davamlı olmasının zəruriliyini vurğulayıb.
Deputat M.Vəliyeva, Humanist Pedaqogika üzrə Təhsil Təşkilatlarının Beynəlxalq Assosiasiyasının prezidenti A.Cahangirov, Avropa Azərbaycan Məktəbinin direktoru F.Bankini və digər çıxış edənlər təhsilin inkişafı istiqamətində atılan addımlardan, qabaqcıl ölkələrin təhsil təcrübələrindən, ümumi təhsil sahəsində tətbiq olunan yeniliklərdən, məktəblərin stabil inkişafından və təhsil sahəsində beynəlxalq əlaqələrin daha da genişləndirilməsindən söhbət açıblar.
Görüşdə “Niyə stabillik rejimi deyil, məhz inkişaf rejimi?”, “İnkişaf rejimində fəaliyyətin üstün cəhətləri”, “Ölkənin ümumtəhsil məktəblərində inkişaf rejiminin tətbiqi təcrübəsi”, “İnkişaf rejiminin kütləvi tətbiqi üçün zəruri alətlər: məktəb fəaliyyətinin qiymətləndirilməsi üzrə meyarlar, monitorinq sistemi, mənəvi və maddi stimullaşdırma” mövzuları ətrafında panel müzakirələr aparılıb.