Dərc olunub: 27.02.2025

”Nüfuz və qarşılıqlı hörmət olmadan səmərəli idarəetmə həyata keçirilə bilməz.”

Yəqin, çoxları bilməmiş deyil ki, “direktor” sözü latınca “idarəedici” sözündən götürülüb, “yönəldən”, “istiqamət verən” mənasını verir. Azərbaycanda direktor “müəssisə, idarə yaxud məktəb müdiri” kimi izah edilir. Direktor məktəbin rəhbəri, təlim – tərbiyə işinin və təsərrüfat fəaliyyətinin təşkilatçısıdır. O, müxtəlif bir – birini tamamlayan funksiyaları – təşkilatçılıq, pedaqoqluq, inzibatçılıq, ictimai xadimlik funksiyalarını yerinə yetirir. Bu baxımdan orta ümumtəhsil müəssisələrinə rəhbərlik edən şəxslərin idarəetmə və menecerlik bacarıqları, yaradıcı keyfiyyətləri mütəmadi müzakirə olunan mövzulardandır.

Zaman-zaman yazılı və elektron mediada bəzi məktəb direktorları tərəfindən rəhbər işçiyə yaraşmayan hərəkətlərə yol verməsi, kollektiv üzvləri və valideynlərlə qarşıdurma yaratması kimi faktlarlarla rastlaşır, “Məktəb direktoru vəzifəsinə təyin edilərkən hansı amillər nəzərə alınmalıdır?” ; “Məktəb direktorları necə təyin edilməlidir?” ; “Təyinat zamanı nələrə üstünlük verilməlidir?” ; ”Vəzifəyə təyin olunarkən diplom, staj və ixtisas nə kimi önəm daşıyır? “və s. bu kimi suallara cavab axtarmalı oluruq. Təəssüf ki, bu gün özünü misir fironları kimi aparan məktəb direktorları heç də az deyil.

Elə ondan başlayaq ki, bir müddət əvvəl də Nazir tərəfindən bu kimi məsələlərə münasibət bildirilmişdi: “Məktəb direktorları ilə bağlı hər zaman narazılıqlar olub, düşünürəm ki, bu hər zaman olacaq” və nazir səviyyəsində o da etiraf olunmuşdu ki, “ən təcrübəli direktorlarımızın rəhbərlik etdiyi məktəblərdə belə müəyyən problemlər müşahidə olunur.” Əlbəttə ki, təəssüf keçiriləsi haldır, baxmayaraq ki, məktəb direktoru səlahiyyətli rəhbər, təlim – tərbiyə işinin və təsərrüfat fəaliyyətinin əsas təşkilatçısıdır. Məktəbdə formalaşan iş mühiti və üslubu təlim – tərbiyə sisteminin idarə edilməsində dövlət standartlarının həyata keçirilməsi məktəb direktorundan, onun şəxsiyyətindən birbaşa asılıdır.

Məktəb elə sahədir ki, ona rəhbərlik edənin təkcə nəzəri bilikləri, ali təhsil almasına dair müvafiq sənədləri kifayət etmir. Gərək, lazımi səriştə və təcrübəsi, işlədiyi mikro ərazidə hörməti və nüfuzu olsun, valideynlə, ictimaiyyətlə işləməyi bacarsın. Hər şeydən əvvəl məktəb direktorunun bölgənin xarakterik xüsusiyyətlərinə bələd olması vacib şərtdir. O, ərazidə tanınmalı və ictimaiyyət tərəfindən qəbul edilməli, kollektivdə şəriksiz lider olmalıdır. Təhsil Qanunvericiliyimizə əsasən məktəbin idarə olunması aşkarlıq, şəffaflıq və demokratiklik prinsiplərinə əsaslanır. Direktor konkret iş sahələri əhatə olunmaqla, məktəbin fəaliyyət istiqamətlərini müəyyənləşdirir, il ərzində görüləcək işləri planlaşdırır. Nümunəvi Nizamnamə ilə müəyyən edilən vəzifələrin həyata keçirilməsinə nəzarət edir. O, ümumi təhsilin inkişafı ilə bağlı dövlət qərarlarından irəli gələn vəzifələrin yerinə yetirilməsində məsuliyyət daşıyır.

İşçilərin əmək funksiyasını, valideyn və şagirdlərin hüquq və vəzifələrini bilmək isə xüsusilə önəmlidir. Vacib xarakterlərdən biri kimi direktor məsuliyyəti, təşəbbüskarlığı, hərtərəfli biliyi, məntiqli və operativ qərarçıxarma bacarığı ilə fərqlənməlidir. O, təhsilə aid olan hüquqi-normativ sənədləri, yerli qabaqcıl və beynəlxalq təcrübəni daim öyrənməlidir. “Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif – İxtisas Sorğu Kitabçası”nın bir bölməsi ümumtəhsil məktəbində işləyən işçilərə şamil edilib. Həmin bölmədə direktorun əmək funksiyası da kifayət qədər əks olunub. Təhsil sisteminin idarəolunmasının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərin genişləndirilməsi, direktorların peşəkar meyarlara əsaslanan, şəffaf və ictimai nəzarət şəraitində seçilib təyin edilməsi məqsədilə verilən əmrə əsasən “Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul və direktorların yerdəyişməsi üzrə qaydalar” təsdiq edilib.

Hesab edirəm ki, seçim zamanı namizədlərin yalnız yaşadıqları ərazidə yerləşən təhsil müəssisələrinə rəhbər seçilməsi direktor təyinatı təcrübəsində ən uğurlu dəyişikliklərdən biri ola bilər. Bu, idarəetmənin daha mobil və səmərəli təşkil etməklə yanaşı, həm də təhsilin keyfiyyətinin nəzərəçarpacaq dərəcədə yüksəldilməsinə səbəb olar. Direktor hər şeydən əvvəl şəxsiyyət olmalıdır. Məktəbə tanınmış, nüfuzlu, liderlik missiyasını öz üzərinə götürə bilən biri rəhbərlik etməlidir. Loru dildə desək, məktəb direktoru nə də olmasa, tabeliyindəki kollektiv üzvlərindən “bir baş” yüksək olmalıdır.

Məktəb rəhbərliyi kollegial idarəetmə orqanı çərçivəsində pedaqoji kollektivə ümumtəhsil prosesinin, təhsilalanların dərsdənkənar vaxtının, sosial müdafiəsinin təşkilində köməklik göstərmək məqsədilə yaradılan ictimai xarakterli valideyn komitələri, pedaqoji şura, ictimai təşkilatlarla, mövcud qanunvericilik çərçivəsində sıx əlaqədə işləyərsə, səmimiyət bir o qədər çox, narazılıq və şikayətlər də bir o qədər az olar. Bütün bunlar məktəbdə sağlam mənəvi-psixoloji durumun mövcud olmasını şərtləndirən səbəblərdəndir. Buna görə də direktor seçiminə ciddi və həssaslıqla yanaşılmalıdır. Müsabiqədə test suallarından daha çox müsahibə zamanı namizədin psixololi durumuna, ictimai və sosial həyat tərzinə diqqət yetirilməlidir.

Seçim zamanı namizədlərin imkan daxilindəyaşadıqları ərazidə yerləşən təhsil müəssisələrinə rəhbər seçilməsi direktor təyinatı təcrübəsində ən uğurlu dəyişikliklərdən biri ola bilər. Bu, idarəetmənin daha mobil və səmərəli təşkil etməklə yanaşı, həm də təhsilin keyfiyyətinin nəzərəçarpacaq dərəcədə yüksəldilməsinə səbəb olar. Direktor hər şeydən əvvəl şəxsiyyət olmalıdır. Tanınmış, nüfuzlu, liderlik missiyasını öz üzərinə götürə bilən biri məktəbə rəhbərlik etməlidir. Azərbaycan gerçəkliyində müxtəlif təfəkkürə, fərqli mədəni səviyyəyə malik, peşəkarlıq göstəricilərinə görə də bir-birindən tamamilə seçilən məktəb direktorları var. Böyük Azərbaycan maarifçisi mərhum akademikimiz Mehdi Mehdizadə “Azərbaycan xalq maarifinin sürətli inkişafı” kitabında yazırdı: “Məktəb direktoru – bu məsul vəzifə bir çox ixtisası özündə birləşdirir. O, müəllimi, metodisti, dövlət inspektorunu, təsərrüfatçını, tədris prosesi təşkilatçısını, yaşlı və uşaq kollektivləri tərbiyəçisini bir şəxsdə birləşdirməlidir. Burada elmi idarəetməyə nəinki hərtərəfli, mükəmməl yiyələnmək, həm də həqiqi fədakarlıq, seçdiyi işə son dərəcə sədaqətli olmaq tələb edir.”

Bir müdrik kəlamda deyildiyi kimi, idarə etmək çox çətindir, əgər bunu təmiz vicdanla edirsənsə. Məktəbi idarə etməyə təkcə nəzəri biliklər kifayət etmir.Valideynlərin məktəb həyatına cəlb olunması mexanizmi, onların təhsilin inkişafında iştirakı, məktəblə əməkdaşlıq imkanlarını müəyyənləşdirən konsepsiyanın ortalığa qoyulmasına böyük ehtiyac duyulur. məktəbdə konkret olaraq vətəndaş qəbulu qrafiki əvvəldən mövcud olub. O ki, qaldı məktəb direktorlarının iş günlərində qrafikə uyğun olaraq qəbul keçirmələrinə. belə bir təcrübə bəyənmədiyimiz sovet dönəmində də olub, bir çox məktəblərimizdə bu günün özündə də tətbiq olunmaqdadır. Hələ üstəlik qrafikdənkənar qəbullar həyata keçirən direktorlarımız da var.