Botanika İnstitutunun Geobotanika şöbəsinin əməkdaşlarına aid 3 monoqrafiya çap olunub.
İnstitutdan bildirilib ki, şöbənin müdiri dosent Naibə Mehdiyevanın “Azərbaycanın dərman bitkilərinin biomüxtəlifliyi” (Bioraznoobraziye lekarstvennıx rasteniy Azerbaydjana) monoqrafiyasında müvafiq sahə kompleks tədqiq edilib. Əsərdə Azərbaycan florasında yayılan müxtəlif botaniki, müalicəvi, farmakoterapevtik və digər xüsusiyyətləri ilə seçilən dərman bitkilərinin istifadəsi və əlamətləri birləşdirilib. Təqdim olunan kitabda daha çox tələb olunan bioloji fəal maddələrin yeni mənbələri və dərman xammalı ehtiyatlarının axtarışının perspektiv istiqamətlərinə xüsusi diqqət yetirilib.
Şöbənin əməkdaşı, institutun elmi katibi Nigar Mürsəl qızının monoqrafiyası “Böyük Qafqaz ərazisində bəzi nadir və itmə təhlükəsində olan növlərin senopopulyasiyalarının müasir vəziyyəti və proqnostik qiymətləndirilməsi” adlanır. Müəllif Böyük Qafqaz ərazisində bəzi nadir və itmə təhlükəsində olan növlərin senopopulyasiyalarının müasir vəziyyətini tədqiq edib.
Hər iki kitabın elmi redaktoru professor Səyyarə İbadullayevadır.
Şöbənin aparıcı elmi işçisi dosent Sadıq Qarayevin “Palıd (Quercus L.): introduksiyası və iqlimləşdirilməsi” monoqrafiyası isə Abşeronun quru subtropik iqlim şəraitində yaşıllaşdırmada istifadəsi perspektivli olan palıd növlərinin seçilməsinə və becərilmə qaydalarının müəyyənləşdirilməsinə həsr edilib. Əsər Azərbaycan florasına aid 12 növ palıdın sistematikası, botaniki-coğrafi xüsusiyyətləri, morfogenezi, kök sistemi, böyümə və inkişaf dinamikası, fenologiyası, çiçəkləmə və meyvə verməsi, çoxaldılması, xəstəlik, zərərvericilər və onlara qarşı mübarizə üsullarının tədqiqi kimi məsələləri əhatə edir.