Dərc olunub: 26.02.2025

Məlum olduğu kimi Bakı məktəblərində ilk dəfə “Rəqəmsal məktəb” platforması fəaliyyətə başlayıb. Hələlik sınaq müddətində olan layihə müəllim, şagird, valideyn və direktorları əhatə edir. Bu layihə hazırda yalnız Bakı şəhərində, 324 məktəbi əhatə edir və hələlik 500 mindən çox şagird bu platformanın çərçivəsinə daxildir.

Onu da qeyd edək ki, 2026-cı ilin yanvarından ölkədəki bütün məktəblərdə “elektron jurnal” tətbiq ediləcək.

Bəs, bu layihələr şagirdlərin və valideynlərin qayğılarını nə qədər azaldacaq?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan təhsil üzrə ekspert Nadir İsrafilov deyib ki, məktəblərdə ənənəvi jurnalların elektron jurnallar və gündəliklərlə, o cümlədən də kağız dərsliklərin elektron dərsliklərlə əvəz olunması uzun müddətdən bəri müzakirə olunan məsələlərdən biridir:

“Ədalət naminə deyək ki, bu istiqamətdə müəyyən işlər görülüb və bu kimi yeniliklər heç şübhəsiz ki, təhsil sisteminin elektronlaşmasına xidmət edəcək. Elektronlaşma isə öz növbəsində informasiyanın əlçatanlığı baxımından yeni imkanlar açacaq və təhsil sisteminin yenilənməsinə və təkmilləşməsinə müsbət təsir göstərəcək. Elektron jurnallar övladlarının dərsə davamiyyəti və biliyinin qiymətləndirilməsilə bağlı valideynləri məlumatlandırmaq funksiyasını yerinə yetirirməklə yanaşı, həm də valideynə məktəbə gedən övladını nəzarətdə saxlamağa imkanı yaradacaq. Elektron jurnala valideynin əlaqə nömrəsi daxil edilir və o sms vasitəsilə avtomatik olaraq övladının gündəlik hansı qiyməti aldığını bilir”.

Müsahibimiz hesab edir ki, elektron jurnal məsələsi  müəllimlərin iş yükünü artıracaq:

“Müəllim həm ənənəvi kağız daşıyıcısı olan jurnalı, ardınca da elektron jurnalı yazmalı olur. Məsələnin qeyri-məqbul cəhəti ondadır ki, bu hal valideynin bir növ məktəblə canlı ünsiyətini məhdudlaşdırır ki, burdada virtuallıq məktəb-valideyn münasibətində soyuqluq yaranmasına zəmin yaradır.

Elektron dərsliklərin yaradılmasına gəlincə

Bu, ekologiyanın qorunması, kütləvi ağac kəsiminin məhdudlaşdırılması, şagirdlərin ağır çanta yükünün aradan qaldırılması baxımından müsbət haldır. Məlumat üçün bildirim ki, hələ 2012-ci ildən başlayaraq qardaş Türkiyənin ümumtəhsil məktəblərində çox böyük strateji əhəmiyyət daşıyan “FATİH Projesi” adlı proqram həyata keçirilir. Proqrama uyğun olaraq, ölkənin bütün şagirdlərinə dövlət hesabına fərdi tablet, planşetlər verilir. Bu planşetlər təlim prosesində istifadə olunur, müxtəlif tədris vəsaitləri və məlumat qaynaqları ora yüklənir. Bununla da şagirdlərin canı kağız dərsliklərdən, dövlətin canı isə hər il sərf olunan əlavə maliyyə vəsaitlərindən qurtulmuş olur”.