Dərc olunub: 26.02.2025

 

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Aİİ və Bakı İlahiyyat Kollecinin (BİK) əməkdaş və tələbələri iştirak ediblər.

Tədbirdə açılış nitqi ilə çıxış edən Aİİ İlahiyyat fakültəsinin dekan müavini, ilahiyyat üzrə fəlsəfə doktoru Kövsər Tağıyev fevralın 25-dən 26-na keçən gecə erməni cəlladlarının Xocalıya hücumu zamanı xüsusi qəddarlıqla qətlə yetirdikləri azərbaycanlılar arasında çox sayda yaşlı, qadın və uşaqlar olduğunu qeyd edib. K.Tağıyev bu dəhşətli soyqırımı aktını unutmamağın vacibliyini qeyd edib. Bildirib ki, hər zaman tarixi faktları araşdıraraq, dünya ictimaiyyətinə ermənilərin xalqımıza qarşı törətdikləri dəhşətli cinayətləri göstərməliyik.

  1. Tağıyev 44 günlük Zəfər mübarizəmizdə torpaqlarımızın azadlığı, yurd-yuvalarından didərgin düşmüş vətəndaşlarımızın öz evlərinə geri dönməsi ilə şəhidlərimizin ruhunun şad olduğunu vurğulayıb.

AMEA Arxeologiya və Antropologiya İnstitutu Məhkəmə arxeologiyası şöbəsinin müdiri, t.f.d., dos. Akif Quliyev tədbirdə çıxış edərək, Xocalıda, Qaradağlıda, Əskiparada xalqımıza qarşı törədilmiş faciələrin qısasının 44 günlük Vətən Müharibəsində alındığını diqqətə çatdırıb. Məruzəçi torpaqlarımızın düşmən tapdağından azad edilməsindən sonra Xocavənd, Füzuli, Xocalı rayonlarında aparılan arxeoloji qazıntılarla aşkar edilən kütləvi məzarlıqlar barədə məlumat verib. O qeyd edib ki, əsir düşmüş, girov götürülmüş və itkin hesab edilmiş insanların siyahısına daxil olunan vətəndaşların axtarışı Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) dəstəyi və Birinci Qarabağ müharibəsindən geri dönməyi bacaran azərbaycanlı hərbi əsirlər və girovların ifadələrinə əsasən aparılır.

A.Quliyev vurğulayıb ki, artıq antropologiya sahəsində yeni texnologiyalardan və üsullardan istifadə edilsə də, ermənilərin insanları vəhşicəsinə qətlə yetirib, kütləvi şəkildə dəfn etməsi arxeoloji qazıntılar zamanı bir sıra çətinliklər yaradır.