Dərc olunub: 24.02.2025

 

Azərbaycan Valideyn-Müəllim Assosiasiyası İctimai Birliyinin icraçı direktoru Şahin Rəcəbov QHT.az-a açıqlamasında ailənin cəmiyyətin təməl sütunu olduğunu vurğulayaraq, valideynlərin uşaqların xoşbəxtliyi üçün mübarizə apardığını, lakin müxtəlif sosial və mənəvi problemlərlə üzləşdiyini bildirib.

O qeyd edib ki, müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı və xarici mədəniyyətlərin KİV və televiziya vasitəsilə evlərə daxil olması uşaqların dünyagörüşünə və davranışlarına təsir edir:

“Ənənəvi ailə dəyərlərinin daşıyıcıları olan valideynlər uşaqlarla birlikdə KİV və özəl televiziya kanallarında ailə dəyərlərinin ucuzlaşdırılmasını müşahidə edirlər. Təbii ki, ətraf mühitdə baş verən yeniliklər uşaqların davranışlarına təsirsiz ötüşmür. Valideynlər arasındakı gərgin psixoloji münasibətlər uşaqlara ötürülür, nəticədə uşaqlar aqressivləşir və onlarda assosial, qeyri-adekvat davranışlar müşahidə olunur. Əlbəttə ki, valideyn zümrəsi ilə xüsusi məşğul olan hər hansı mərkəzlərin olmaması səbəbindən psixoloji gərginliyin artması kütləvi xarakter almağa başlayır. Cəmiyyətin bütün günahları valideynlərdə görməsi isə əlavə gərginlik yaradır“. 

Şahin Rəcəbovun sözlərinə görə, bütün bunlar ailə dəyərlərimiz və tərbiyə ənənələrimizlə bağlı məsələlərdir, tərbiyə qarşılıqlı prosesdir və burada tərəflər bir-birindən faydalanmalıdır:

“Məktəb təlim-tərbiyəsi ilə ailə təhsilinin uzlaşdırılması uşaqların düzgün inkişafının əsasını təşkil edir. Bu baxımdan valideynlərin müəllimləri, müəllimlərin isə valideynləri qınaması doğru yanaşma deyil. Əksinə, onların qarşılıqlı faydalı əməkdaşlığına ehtiyac vardır. Cəmiyyətdə iki günahkar tapmaq olar: valideyn və müəllim. Düzgün qərar verməyən prokurorun da, əməliyyatı düzgün icra etməyən həkimin də, evi düzgün tikməyən bənnanın və mühəndisin də valideyni və müəllimi olub. Bu baxımdan qarşılıqlı faydalı əməkdaşlığa nail olmaq üçün ilk növbədə müəllimlər özünü təkmilləşdirməklə yanaşı, valideynlərin də pedaqoji maariflənməsinə dəstək olmağa çalışmalıdırlar. Çünki ailədə müəllimin ən böyük davamçısı valideyndir. “Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” İctimai Birliyi olaraq, Valideyn-Təlim Mərkəzinin dəstəyi və müxtəlif layihələr vasitəsilə ölkənin bir çox regionlarında minlərlə valideynlə görüşlər keçirilmiş, müxtəlif səpkili pedaqoji və psixoloji maarifləndirmə işləri aparılmışdır. Lakin çoxsaylı filiallarımız üçün cəmi bir neçə məktəbdə şərait yaradıldığından bu maarifləndirmənin coğrafi ərazisini genişləndirmək hələ də mümkün olmamışdır”.

Şahin Rəcəbov hesab edir ki, valideyn icmalarının artırılması, pedaqoji və psixoloji maarifləndirmə işlərinin genişləndirilməsi üçün müvafiq dövlət orqanında valideynlərlə bağlı strukturun yaradılması vacibdir. O, “Tərbiyə haqqında” Qanunun, “Milli Tərbiyə Konsepsiyası” modelinin tətbiqinin, Məktəb-Ailə müqaviləsinin hazırlanmasının və qanunvericilikdə valideynlərin rol və məsuliyyətinin artırılmasının bu istiqamətdə mühüm addım ola biləcəyini vurğulayıb:

“Məktəb psixoloqlarının işinin yenidən qurulması ilə yanaşı, ailə psixoloqları təsisatının formalaşdırılması da dövrün tələbidir. Cəmiyyət yalnız yüksək mədəni keyfiyyətlərə malik, pedaqoji və psixoloji maariflənmiş valideynlər və nüfuzu yüksək olan peşəkar müəllimlərin faydalı əməkdaşlığı nəticəsində kamil vətəndaş–şəxsiyyət yetişdirə bilər.”