Siyəzən Rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ədəbiyyat İnstitutu, Milli Məclisinin Elm və təhsil komitəsi və Quba – Xaçmaz Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “Məktəb, elm və ədəbiyyat” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransdan əvvəl iştirakçılar şagirdlərin rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar. Sonra məktəblilər tərəfindən uşaq ədəbiyyatının tanınmış nümayəndələrinin əsərləri əsasında hazırlanmış səhnəciklər təqdim edilib. Bu səhnəciklər həm əyləncəli, həm də maarifləndirici olub, iştirakçılara ədəbiyyatın gənc nəsil üzərindəki təsirini bir daha göstərib.
Konfransda çıxış edən AMEA prezidenti akademik İsa Həbibbəyli akademiyanın Ulu Öndər Heydər Əliyevin şəxsiyyətini əks etdirən kitabını və 10 cildlik nəzərdə tutulan, hazırda 7 cildi çapdan çıxmış “Azərbaycan ədəbiyyatı tarixi” kitabını məktəbin kitabxana fonduna hədiyyə edib.
Milli Məclisin elm və təhsil komitəsinin sədri professor Anar İskəndərov çıxışında hər zaman aktual olan elm, məktəb və təhsilin əhəmiyyəti məsələlərinə toxunub.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Uşaq Ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru və Milli Məclisin deputatı Elnarə Akimova çıxışı zamanı bildirib ki, regionlarda mütaliəni gücləndirmək önəmli məsələlərdən biridir və inamlı gələcəyin təməl prinsiplərindəndir. Gənc nəslin savadlı, mütaliəli, vətənpərvərlik ruhunda yetişməsi üçün belə tədbirlərə və təşəbbüslərə çox ehtiyac var.
Daha sonra tədbirdə iştirak edən şəhid övladlarına kitablar hədiyyə edilib. Həmçinin uşaq yazıçıları Zahid Xəlil və Nurlana İşıq, Sumqayıt şəhər 35 nömrəli tam orta məktəbin müəllimi Nigar Vəliyeva məktəblilərə kitablar hədiyyə ediblər.
Sonda Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov konfransın təşkilində fəal iştirak edən müəllimlərə fəxri fərmanlar təqdim edib.
Bu konfrans bütün iştirakçılar tərəfindən kitabın və ədəbiyyatın təhsildəki rolunu və gənc nəslin mədəniyyət və elm sahəsinə olan marağını daha da artırmağa yönəlmiş əhəmiyyətli bir təşəbbüs kimi qiymətləndirilib.










