Mektebgushesi

Dərc olunub: 21.02.2025

Dövlət İmtahan Mərkəzi (DİM) martın 16-da I, II, III və IV ixtisas qrupları üzrə sınaq imtahanı keçirəcək.

Mektebgushesi.az xəbər verir ki, bu imtahan Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə qəbul imtahanının II mərhələsi üzrə keçiriləcək yeganə sınaq imtahanıdır. İmtahanın məzmunu və təşkilati forması qəbul imtahanlarının modelinə tam uyğundur.

İmtahana qeydiyyat 26 fevral saat 23:59-dək aparılacaq.

Sınaq imtahanına qeydiyyatdan keçmək üçün ekabinet.dim.gov.az keçidində “Şəxsi kabinet” yaradılmalıdır (şəxsi kabineti olmayanlar). “Şəxsi kabinet”in “Hesab” bölməsinə imtahanda iştirak üçün nəzərdə tutulan məbləğ (40 AZN) yüklənilir. Hesaba lazımi miqdarda vəsait əlavə etmək üçün müxtəlif ödəniş üsullarından yararlanmaq olar.

Daha sonra DİM-in saytında yerləşdirilən qeydiyyat linki vasitəsilə “Şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə sistemə daxil olub “İmtahana buradan yazılın” düyməsini basmaq lazımdır. Açılan səhifədə imtahan yeri seçilir. Sonra isə imtahan verəcəyiniz bölmə, ixtisas qrupu seçilir və “Qeydə al” düyməsi basılır.

İmtahanın müddəti 3 saatdır. Yazılı cavablandırılması tələb olunan açıq tipli tapşırıqların cavabları “cavab vərəqi”ində nəzərdə tutulan müvafiq yerlərdə, digər tapşırıqların cavabları isə “cavab kartı”ında qeyd olunur. İmtahanın sonunda cavab vərəqələri və cavab kartları abituriyentlərdən təhvil alınır.

Sınaq imtahanında istifadə olunacaq test tapşırıqları 11-ci sinif üçün ümumtəhsil müəssisələrində qüvvədə olan tədris proqramlarının 2025-ci il fevral ayının sonunadək olan hissəsini əhatə edəcək.