Dərc olunub: 21.02.2025

ADPU-nun Şamaxı filialında “Konstitusiya və suverenlik ili”  və 21 Fevral Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Ana  dilinin dövlət dili statusu müstəqilliyimizin rəmzidir mövzusunda  dəyirmi masa keçirildi.

Tədbirdə filialın rəhbərliyi, professor-müəllim heyəti və tələbələri iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan filialın direktoru, dosent Tünzalə Yusifova bu əlamətdar günün tarixindən və əhəmiyyətindən bəhs edib. O qeyd edib ki, Ana dilimizi qorumaq və inkişaf etdirmək hər bir azərbaycanlının müqəddəs borcudur.Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması ulu öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. Hazırda bu ənənələri Prezident İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlətimizin başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamı və bu istiqamətdə görülən digər işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür.

Daha sonra Dil, ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müəllimi Xasıyeva Səkinəxanım “Ana  dilinin dövlət dili statusu müstəqilliyimizin rəmzidir”, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının tələbəsi Qurbanlı Səbinənin “Ana dilinin saflığının qorunması və işləkliyində tələbə gənclərin rolu” mövzusunda ətraflı çıxışları dinlənildi.

Ardınca tədbir mövzu ətrafında müzakirə ilə davam etdi. Çıxış edənlər qeyd edib ki, dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Bu baxımdan ana dilindən düzgün istifadə etmək, onu qorumaq və inkişaf etdirmək hər birimizin müqəddəs borcudur.