Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında 21 Fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə “Milli varlığımızın ifadəsi ana dilimizdir” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan filialın direktoru dosent Yusif Alıyev tədbir iştirakçılarını 21 Fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə təbrik edib. Azərbaycan dilinin öz qrammatik quruluşuna və zəngin fonetik ahənginə görə fərqlənən dillərdən olduğunu qeyd edən Y.Alıyev milli-mənəvi dəyərlərimizin daşıyıcısı olan ana dilimizin qorunub saxlanılmasının və inkişafının zəruriliyi barədə danışıb.
Filialın Filologiya kafedrasının müəllimi f.f.d Aytən Qurbanova Ulu Öndər Heydər Əliyevin ana dilinin qorunması və inkişafı istiqamətində həyata keçirdiyi misilsiz fəaliyyətlər barədə söz açıb.
Filologiya kafedrasının professoru İsmayıl Kazımov Beynəlxalq Ana Dili Gününün tarixi haqda, kafedranın dosenti Qələmşah Heybətov isə Azərbaycan dilinin müasir problemləri, internet saytları, KİV, reklam vasitələrində yol verilən üslüb və qrammatik səhvlər, televiziya aparıcılarının nitqində yol verdikləri qüsurlar və bunların aradan qaldırılması yolları barədə danışıb.
Tədbirin bədii hissəsində filial tələbələrinin ifasında şeir kompozisiyaları təqdim edilib.



