Mektebgushesi.az xəbər verir ki, İtaliyanın aparıcı aqrar şirkətlərinin nümayəndələrinin, bu sahədəki yerli və xarici ekspertlərin, professor-müəllim heyətinin və tələbələrin iştirakı ilə təqdimat keçirilib.
Tədbirdə çıxış edən ADA Universitetinin prorektoru Elkin Nurməmmədov kənd təsərrüfatının əsas sektorlarından biri olan heyvandarlığın inkişafının vacibliyindən söz açıb. O bildirib ki, heyvandarlığın inkişafında yer alan səbəblər sırasında heyvandarlığın qida təhlükəsizliyinə, regionların sosial-iqtisadi artımına və ölkəmizin qeyri-neft sektorunun inkişafına təsirini qeyd etmək olar. Elkin Nurməmmədov əlavə edib ki, Azərbaycanın kənd təsərrüfatı strategiyası aqrar sahədə elmi yanaşmaların və innovasiyaların tətbiqini nəzərdə tutduğundan, ADA Universiteti bu işə fayda verə biləcək yerli kadrlar yetişdirməyi öz məqsədlərindən biri kimi müəyyənləşdirib.
“Bu proqramın mühüm xüsusiyyətlərindən biri tələbələrin təhsil prosesinin bir hissəsini ADA Universitetinin Gəncə kampusunda davam etdirmələri olacaq. Burada onlar öz sahələri üzrə praktiki biliklərini inkişaf etdirəcək və özəl şirkətlərlə əməkdaşlıq çərçivəsində sahə təcrübəsi və təqaüd imkanları əldə edəcəklər.
Kənd təsərrüfatı və qida elmləri fakültəsinin bakalavr ixtisaslarına xüsusilə Bakıdan kənardakı tələbələrin də cəlb edilməsi məqsədilə ADA Universiteti özəl sektorla birlikdə təqaüd proqramları üzərində çalışır”, – deyə prorektor Elkin Nurməmmədov əlavə edib.
Kənd təsərrüfatı və qida elmləri fakültəsinin dekanı Mateo Vittuari İtaliya-Azərbaycan Universitetinin layihəsi çərçivəsində italyan universitetləri və şirkətlərinin ADA Universiteti ilə əməkdaşlıq etdiyini vurğulayıb. Bildirib ki, xüsusilə Bolonya Universiteti ən son heyvandarlıq texnologiyalarını və bu sənayedəki aparıcı şirkətlərin təcrübələrini azərbaycanlı gənclərlə bölüşür. Dekan bu səbəbdən də heyvandarlıq üzrə bakalavr proqramının beynəlxalq standartlara əsaslanaraq, regionların inkişafına fayda verəcək mütəxəssislər yetişdirəcəyini, onlara ən yaxşı təcrübəni qazandıracağını söyləyib.
Təqdimat “Təhsil vasitəsilə heyvandarlıq sahəsində yeni iş imkanlarının təqdim edilməsi” mövzusundakı panel müzakirələrlə davam edib. Paneldə Azərbaycanı və İtaliyanı təmsil edən müvafiq sahənin aparıcı ekspertləri, şirkət rəhbərləri və tədqiqatçılar universitet-sənaye əməkdaşlığı, kənd təsərrüfatı sektorunda məşğulluq və Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi üçün beynəlxalq tərəfdaşlıqların rolu kimi mövzuları müzakirə ediblər.
Tədbir iştirakçıları italyan mütəxəssislərlə görüşmək, aqrar biznes, praktikanın məhsuldarlığa təsiri və digər mövzular barədə söhbət aparmaq imkanı əldə ediblər. Həmçinin ADA Universitetinin nümayəndələri iştirakçılara proqramın əsas komponentləri, tədris metodu, təqaüd imkanları və gələcək karyera fürsətləri barədə ətraflı məlumat veriblər.
Xatırladaq ki, 2024-cü ildə ADA Universiteti İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində Bolonya Universiteti ilə birgə təqdim etdiyi Qida elmləri və Kənd təsərrüfatı fakültəsinə Kənd təsərrüfatı Texnologiyaları, Qida texnologiyaları və Menecment (Kənd təsərrüfatı və Qida sənayesi) üzrə 110 tələbə qəbul edib.




