Qızların təhsili məsələsi yalnız fərdi inkişaf və ailə maraqları kontekstində olmamalıdır.
Mektebgushesi.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Bakı Dövlət Universitetində “Qızların təhsil hüququ” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Komitə sədri bildirib ki, qızların təhsili həm də cəmiyyətin tərəqqisi və iqtisadi güclənməsi baxımından vacib amil olmaqla gələcəyə qoyulan sərmayə kimi dəyərləndirilməlidir.
B.Muradova vurğulayıb ki, qızların təhsil almasına mane olan cəhətlər kimi adətən ailələrin müdaxilələri, eləcə də maddi çətinlikləri göstərmək olar:
“Lakin ictimaiyyət və müvafiq qurumlar bu kimi hallarla mübarizədə birgə səylər göstərməli, mediada maarifləndirmə və təşviqat işini genişləndirməli, yeni dövrün qarşımıza çıxardığı çağırışlara birgə cavab verməlidir”.
Onun sözlərinə görə, aidiyyəti qurumlarla əməkdaşlıq çərçivəsində qızların ali təhsil müəssisələrinə qəbulunu təşviq etmək, onların akademik inkişafına dəstək olmaq və təhsildə gender bərabərliyini təmin etmək əsas hədəflərdən biri olub.
O vurğulayıb ki, hazırda Elm və Təhsil Nazirliyi ilə birgə həyata keçirilən təşəbbüslər vasitəsilə təhsil siyasətində qızların dəstəklənməsi sahəsində yeni mexanizmlər tətbiq olunur.