Dərc olunub: 20.02.2025

 

AMEA-nın Rəyasət Heyətinin binasında Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı öz işinə başlayıb.

Mektebgushesi.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Elm və təhsil naziri Emin Əmrullayev, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Türkiyə Elmlər Akademiyasının (TÜBA) prezidenti professor Müzəffər Şəkər (onlayn), ÇXR Honq-Konq Kore Akademiyasının İdarə Heyətinin üzvü professor Li Lei (onlayn), AMEA-nın Rəyasət Heyətinin üzvləri, millət vəkilləri, Akademiyanın həqiqi və müxbir üzvləri, AMEA-nın və əhatə etdiyi elmi müəssisə və təşkilatların direktorları, ali təhsil müəssisələrinin rektorları, respublika üzrə 2024-cü il ərzində əldə edilmiş mühüm elmi nəticələrin müəllifləri iştirak edirlər.

Əvvəlcə 2024-cü ilin yekunlarına həsr edilmiş elmi nailiyyətlər sərgisinə baxış olub.

İclası AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq Ümumi yığıncağın gündəliyindəki məsələləri diqqətə çatdırıb.

Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra görkəmli alim, AMEA-nın müxbir üzvü Rüfət Mirqasımovun xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Ümumi yığıncaqda AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin “Akademiyada təməl islahatlardan – İnkişaf Konsepsiyasına və Yol Xəritəsinə” mövzusunda məruzəsi dinlənilib.

Sonra elm və təhsil naziri Emin Əmrullayev çıxış edib.