Dərc olunub: 20.02.2025

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Konstitusiyada dini etiqad azadlığı” mövzusunda seminar keçirilib.

Tədbir Aİİ tələbələrinin iştirakı ilə baş tutub.

İlahiyyat fakültəsinin dekan müavini, dosent Asəf Qənbərov çıxışında sözügedən mövzuda təlimlərin keçirilməsinin əhəmiyyətini diqqətə çatdırıb. O, məruzəsində insan hüquqlarının inkişafında dinin mövqeyinin və rolunun beynəlxalq konvensiyalarda necə əks olunduğunu nəzərə çatdırıb. Daha sonra müxtəlif  dinlərdə insan hüquqlarına münasibəti müqayisəli şəkildə qeyd edib, ölkəmizdə dini və etnik azlıqların hüquqlarına münasibəti yüksək qiymətləndirib. A.Qənbərov insan hüquqları üçün təhlükə törədən amillərlə mübarizə üsullarını da şərh edib.

Məruzəçi insan hüquqları və haqlarının Konstitusiyamızda necə əks olunduğunu, insan haqlarının qorunmasının hansı maddələrdə öz əksini tapdığını diqqətə çatdırıb. Dini etiqad anlayışının tarixi, nə zaman formalaşdığı, həmçinin müasir insan hüquqları hərəkatının tarixi, beynəlxalq səviyyədə tanınması barədə ətraflı danışıb.

Seminar müzakirələrlə davam edib.

Məlumat üçün bildirək ki, seminar Azərbaycan Respublikası Prezidentinin 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq təsdiqlənmiş tədbirlər planına əsasən baş tutub.