Dərc olunub: 19.02.2025

 

2025-2026-cı tədris ili üzrə paytaxt məktəblərində birinci sinfə elektron qeydiyyat prosesinə hazırlıq çərçivəsində mikroərazilər üzrə ünvanların dəqiqləşdirilməsi ilə bağlı 76 vətəndaş müraciəti cavablandırılıb və müvafiq qaydalara uyğun şəkildə icra olunub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, fevralın 12-18-də valideynlər müvafiq məsələlərlə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Çağrı Mərkəzinə (146-1 nömrəli), dislokasiya@baku.edu.gov.az elektron poçtuna, 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsinə müraciət ediblər.

Qeyd edək ki, I sinfə elektron qeydiyyat prosesi ilə bağlı məktəblərin mikroərazi üzrə ünvanları vətəndaşlara açıqlanıb. I sinfə elektron qeydiyyatla bağlı mikroərazilər müvafiq icra hakimiyyəti orqanlarının təqdim etdikləri dislokasiyaya uyğun olaraq müəyyənləşdirilib.

Vətəndaşlar müvafiq linkə daxil olaraq daimi qeydiyyat ünvanının (yeni inşa olunmuş binalarda “Azərişıq” ASC-nin abonent kodu öz adına olan evlərin ünvanının) dislokasiyada olmasını dəqiqləşdirməlidirlər. Daimi qeydiyyat ünvanı (yeni inşa olunmuş binalarda “Azərişıq” ASC-nin abonent kodu öz adına olan evlərin ünvanı) dislokasiyada olmayan valideynlər müvafiq formanı doldurub, martın 3-dək 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsinə yaxınlaşaraq və ya dislokasiya@baku.edu.gov.az elektron poçtuna göndərərək təklif və rəylərini verə bilərlər.

Əlavə sualı olan vətəndaşlara Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Çağrı Mərkəzinə (146-1) zəng etmək tövsiyə olunur.