Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİRK) tərəfindən adlı təqaüdə layiq görülüb.
AHİK-in Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında keçirilən tədbirdə ölkə universitetlərinin təhsildə fərqlənən, həmçinin tələbə həmkarlar ittifaqı hərəkatında fəallıq göstərən 100 tələbəsinə adlı təqaüd təqdim edilib və onlardan 5-i BMU-nun tələbəsidir.
Mükafat alan BMU tələbələri Nihat Süleymanlı “Energetika mühəndisliyi”, Nadir Daşdıyev “Elektrik və elektronika mühəndisliyi”, Kamran Məmmədov “Kimya mühəndisliyi”, Rəşad Əliyev “Elektrik və elektronika mühəndisliyi”, Əli Hüseynov isə “Mühasibat” ixtisaslarında təhsil alırlar.
“Adlı təqaüd” layihəsi ATİAHİRK tərəfindən 1995-ci ildən həyata keçirilir. Dövlətin gənclər siyasətinə dəstək xarakteri daşıyan bu layihə ilə tələbələrin sosial müdafiəsinin gücləndirilməsinə, əmək hüquqlarının qorunmasına, potensialının inkişaf etdirilməsinə, eləcə də elmə, təhsilə həvəslərinin artırılmasına mühüm töhfələr verilir.