Bu, valideynlərin məktəb fəaliyyətlərində daha aktiv iştirak, məktəbin isə ailələrlə daha sıx əməkdaşlıq etməsinə imkan yaradır
Uzun illərdir, pedaqoqlar tərəfindən “təhsil üçbucağı” termini istifadə edilir və icrasının düzgün həyata keçirilməsi üçün müxtəlif pedaqoji məqalələr, tövsiyələr verilir. Amma təəssüf ki, bu gün hədə də dünya təhsilində “valideyn, şagird, məktəb” əməkdaşlığı bir problem olaraq müzakirələrə çıxarılır, həlli yolları axtarılır. Ümumiyyətlə, pedaqoqlar məktəbin həyatla ayaqlaşa bilməsi, yaşamın tələblərinə cavab verməsi üçün yollar, metodlar axtarırlar. “Təhsil üçbucağı” da bu metodlardan biridir. Uşağın ilk və ən vacib müəllimi kimi, valideynlər uşağın təhsilə marağının oyadılmasında, dəstəklənməsində və evdə təhsilin davam etdirilməsində əsas rol oynayırlar. Valideynlər uşaqların məktəbdəki fəaliyyətləri ilə maraqlanmalı, onlara dəstək göstərməli və məktəblə sıx əlaqədə olmalıdırlar. Təhsil prosesinin mərkəzində duran şagird aktiv öyrənən olmalı, maraqlarını kəşf etməli, suallar verməli və öyrənmə prosesində iştirak etməlidir. Şagirdin motivasiyası öyrənmə həvəsi və fərdi xüsusiyyətləri onun uğuruna birbaşa təsir edir. Məktəb təhsilin keyfiyyətini təmin edən, şagirdlərə öyrənmə imkanları yaradan və valideynlərlə əməkdaşlıq edən bir mühit olmalıdır. Məktəbin müəllimləri, tədris metodları, kurikulumu və ümumi təşkilatlanması təhsilin keyfiyyətinə təsir edən amillərdir.
Təhsil prosesində daha çox “Təhsil üçbucağı” modeli ifadəsini eşidirik: valideyn, şagird və məktəb arasında qurulan qarşılıqlı münasibətlər. Lakin bizim təqdim etdiyimiz nəzəriyyə “Təhsil dairəsi” adlanır ki, yanaşmamızda bu çərçivəni “üçbucaq”dan “dairə” modelinə keçirməyin, keyfiyyətli təhsil baxımından daha məqsədəuyğun olduğuna inanırıq. Aşağıdakı “dairə” nəzəriyyəsinin elmi, psixoloji və sosial əsasları, eləcə də öncəki məqalələrimizdə təklif etdiyimiz “Təhsildə beşlik” nəzəriyyəmizin özünüdərk, sağlamlıq, bacarıq, yaradıcılıq və bilik xətlərinə necə dayaq olduğunu araşdıracağıq. Beynəlxalq nümunələr, müasir pedaqoji yanaşmalar və müxtəlif tədqiqat faktları əsasında bu nəzəriyyənin üstünlüklərini izah etməyə çalışacağıq.

“Təhsil üçbucağı”nın fəlsəfəsi
“Təhsil üçbucağı” (Education Triangle) anlayışı təhsildə müxtəlif tərəflər arasındakı qarşılıqlı əlaqələri təsvir etmək üçün istifadə olunur. Bu anlayışın müxtəlif versiyaları bir çox pedaqoqlar və təhsil nəzəriyyəçiləri tərəfindən davamlı istifadə edilib. Təhsil üçbucağı anlayışı fərqli pedaqoq və nəzəriyyəçilərin elmi işlərində müxtəlif formalarda təsvir edilir. Amerikalı pedaqoq Con Devey (1859-1952) təhsil üçbucağını təhsil prosesində məktəb, ailə və cəmiyyət arasındakı əlaqə kontekstində təsvir edir. Onun fəlsəfəsinə görə, təhsil yalnız məktəblə məhdudlaşmır, həm də sosial və cəmiyyət təsirləri ilə inkişaf etdirilməlidir. Sovet pedaqoqu və psixoloqu Lev Vıqotskinin (1896-1934) “Sosial inkişaf nəzəriyyəsi” təhsil üçbucağını müzakirə etməsə də, onun nəzəriyyəsi bu modeli dolayısı ilə təsvir edir. O, təhsilin valideyn, müəllim və şagird arasında koordinasiyalı əməkdaşlıqla inkişaf etdirilə biləcəyini vurğulayır. Fransız pedaqoq Celestin Freinet (1896-1966) təhsil prosesində valideynlərin fəal iştirakının əhəmiyyətini önə çıxarıb. Onun yanaşmasında “üçbucaq” daha çox müəllim, valideyn və şagird arasındakı dinamik əməkdaşlıq kimi təsvir edilir. Braziliyalı pedaqoq Paulo Freire (1921-1997) təhsili dialoq və qarşılıqlı əlaqə vasitəsilə gücləndirməyə çalışıb. Freire müəllim-şagird münasibətlərində qarşılıqlı əlaqənin və hər iki tərəfin aktiv iştirakının vacibliyini vurğulayıb. Müasir dövr təhsil nəzəriyyəçilərindən biri olan Coys Epstein məktəb, ailə və cəmiyyət arasındakı əlaqələri təhsilin əsas istiqamətlərindən biri kimi diqqət mərkəzində saxlayıb.
Üçbucaqdan dairəyə
Amerikalı təhsil nəzəriyyəçisi Con Devey (1897) məktəbin yalnız formal bilik verməklə məhdudlaşmaması, eyni zamanda sosial-emosional əməkdaşlıq yaratmaq kimi geniş missiya daşıması gərəkdiyini vurğulayır. Deməli, bu əməkdaşlıq “bucaq toqquşması” formasında qalmaqdansa, daha vahid, daha çevik yanaşmaya keçməlidir. Ənənəvi təhsil paradiqmasında valideyn-uşaq-məktəb “üçbucağı” anlayışı, bu üç tərəfin “kəsişmə nöqtələrində” toqquşması və əməkdaşlıq etməsi düşüncəsindən qaynaqlanır. Bu baxış, sanki hər nöqtənin öz mənafe dairəsini qoruduğu, yalnız şikayət və ya münaqişə yarandıqda bir araya gəldiyi bir sistemi xatırladır. Belə olduqda, valideyn daha çox “cüzi müdaxilə edən kənar şəxs”, məktəb isə “rəsmi məsuliyyət daşıyan qurum” kimi görünür ki, biz yanaşmamızda bunu qəbul etmirik.
Bizim yanaşmamızda “dairə” – valideynlər, balabilgələr (şagirdlər) və məktəbin eyni çevrədə, bərabər aralıqlarda dayanan beş əsas hədəf üçün ortaq məsuliyyəti bölüşdüyü modeldir. Bu model, özünüdərk, sağlamlıq, bacarıq, yaradıcılıq və bilik istiqamətlərinin təkcə məktəbdə yox, ailədə və uşağın sosial mühitində də eyni perimetr üzrə cəmlənməsinə imkan yaradır. Kloud Levi Straus “mədəni strukturlar” nəzəriyyəsində dairəvi məkan rəmzini toplumun vahid struktur kimi yaşamasında önəmli sayır. Kurt Levinin “Field Theory”si göstərir ki, insan özünü hansı sosial məkanda hiss edirsə, orada daha aktiv davranır.

Dairə modeli, uşağın mikro sistemlərindən olan ailə və məktəbi bir dairədə birləşdirir. Bu, iki mühit arasında sıx əlaqələrin qurulmasına, uşağın hər iki mühitdə də eyni dəyərlərlə böyüməsinə şərait yaradır. Dairə modeli, ailə və məktəb arasında əlaqələri möhkəmləndirməklə, uşağın mezzo sisteminə də müsbət təsir göstərir. Bu, valideynlərin məktəb fəaliyyətlərində daha aktiv iştirak, məktəbin isə ailələrlə daha sıx əməkdaşlıq etməsinə imkan yaradır. Bronfenbrennerin də qeyd etdiyi kimi, bu sistemlərin inteqrasiyası, uşağın şəxsiyyət baxımından daha sağlam, bütöv və hərtərəfli inkişafına yol açır. O ekoloji sistemlər nəzəriyyəsi ilə uzlaşaraq, dairə modeli, təhsil prosesində ailənin və məktəbin paralel fəaliyyətinin vacibliyini vurğulayır. Bu modelin tətbiqi, daha bütöv, sağlam və uğurlu gələcək nəsillərin yetişdirilməsinə töhfə verə bilər.
“Dairə modeli” təhsilin məqsədini, rolunu və funksiyalarını yenidən müəyyənləşdirən, bütün iştirakçıları bərabər tutan və ortaq məsuliyyət prinsipinə söykənən bir yanaşmadır. Bu model, uşaqların özünüdərk, sağlamlıq, bacarıq, yaradıcılıq və bilik kimi hərtərəfli inkişafını təmin edir. Jean Piaget uşağın zehni inkişafında ailə və məktəbin paralel iştirakı olmadan, müstəqil tənqidi düşüncənin formalaşmasını çətin hesab edirdi. Tənqidi və yaradıcı düşüncə isə bilikdən ibarət “xarici informasiya axını”nı uşaq üçün mənimsənə bilən hala gətirir. Deməli, dairə modelində ailə ilə məktəb – özünüdərk, sağlamlıq, bacarıq, yaradıcılıq və bilik kimi beşliyin zənginləşməsinə birlikdə dəstək verir. Finlandiya, Danimarka kimi Avropa ölkələrində valideyn komitələri, məktəb idarə heyətində valideyn təmsilçiləri aktiv fəaliyyət göstərir. OECD-nin “Education at a Glance” hesabatlarında ailə-məktəb ortaq qərar mexanizmlərinin uşaqlarda bilik keyfiyyətinin və psixoloji sağlamlığın yüksəlməsinə gətirdiyi vurğulanır. Bu, Hədəf konseptində də yer alan “bilik və yaradıcılıq” xəttini də dəstəkləyir; valideynlər uşaqların yaradıcılıq layihələrinə qatılaraq, onların tədqiqat və öyrənmə proseslərinə bilavasitə töhfə verir.
Hədəf konseptinin beş əsas xətti bir-birindən ayrı deyil, iç-içədir. Şagirdin (Hədəf konsepti şagirdə “balabilgə” deyir) özünüdərk prosesində ailənin mənəvi dəyərləri, məktəbin pedaqoji yanaşmaları, onun sağlam psixologiyasına və sosial kimliyinə təsir edir. Sağlamlıq aspekti fiziki və emosional baxımdan dayanıqlı olmağı tələb edir. Bacarıq isə uşaqda müasir dünyanın (və ya “bilgi cəmiyyətinin”) praktiki səriştələrinə yiyələnmə anlamına gəlir. Yaradıcılıq kombinasiya və yeni ideyalar ortaya qoyma bacarığını qüvvətləndirir. Nəhayət, bütün bunlar birlikdə bilik əsasında daha real və dərin mənalandırma ilə üst-üstə düşür. Əgər biz ailə, balabilgə və məktəbi dairəvi qapalı sistem kimi deyil, açıq və ortaq bir çevrədə birləşən elementlər kimi görsək, uşağın inkişafına bəşəri və milli dəyərlər paralel şəkildə yeridilə bilər. İnsanın “özünüdərki”, “sağlamlığı”, “bacarığı”, “yaradıcılığı” və “biliyi” bir dairədə qovuşduqda, nəticə etibarilə ictimai və mədəni baxımdan daha sağlam nəsil yetişir. Təhsil dairəsi konsepsiyası, ailə-uşaq-məktəb arasında bu paylaşmanın fasiləsiz olduğu mədəni ortam qurur. Özünüdərk, sağlamlıq, bacarıq, yaradıcılıq və bilik kimi beş hədəf eyni dairədə paylaşılırsa, şagird “müəyyən anlarda toqquşan” fərqli dəyərlər əvəzinə, “hər gün birlikdə yaşanan” dəyərlərlə böyüyür.

Dairə modelinin əhəmiyyəti
Ənənəvi modeli izləyən məktəblər valideyni yalnız iclaslar və şikayət zamanı görməyə alışır. Halbuki dairə modelində valideyn proaktiv şəkildə məktəb həyatına cəlb olunur. Mütəmadi olaraq “Açıq qapı” günləri, “Valideyn-müəllim yaradıcılıq sərgisi”, “Bilik həftəsi” kimi tədbirlər keçirilir. “National Parent Teacher Association” (ABŞ) bu təcrübənin uşaqların akademik uğurunu 30%-ə qədər artırdığına dair statistika təqdim edir.
Valideyn məktəbdən kənarda qaldıqca, uşağın məktəbdə öyrəndiyi bilik və bacarıqlar evdə qarşılıq tapa bilmir. “Harvard Family Research Project”in araşdırmaları ailə-məktəb əməkdaşlığının zəif olduğu mühitdə, uşağın akademik göstəricilərinin də aşağı düşdüyünü ortaya qoyur. Bu, uşağın yaradıcılıq potensialına və özünüdərk prosesinə də mənfi təsir edir, çünki o, iki fərqli dəyərlər sistemi arasında qalmış olur: evdəki “köhnə” model və məktəbdəki “yeni” model və ya əksinə. Əslində təklif etdiyimiz “Dairə nəzəriyyəsi”, ailə kultunun önəmli olduğunu vurğulayır, dağılmamasına dəstək verir. Çünki, insanın ilk sosial çevrəsi onun ailəsidir, bu ailə təməlləri nə qədər sağlam olarsa, böyüməkdə olan insan da milli və bəşəri dəyərlərə cavab verir. Əgər məktəbdə dəyər aşılanırsa, uşaq ailədə bunun əyani nümunəsini görmürsə, o zaman birtərəfli və naqis inkişaf edəcək.
Təqdim etdiyimiz yeni model valideyni “xarici müşahidəçi”dən “prosesin daxilində” olan tərəfə çevirir. Şagirddə hansısa çətinlik və ya yeni maraq doğursa, məktəb rəhbərliyi və müəllimlə birlikdə valideyn də əvvəl-axır qərarlar qəbul etmək prosesinə qatılır.
Bəzən valideynin şikayəti “müəllim düzgün üsul tətbiq etmir” ya da “balabilgə ev tapşırıqlarını anlamır” kimi formal məsələlərlə bağlı olur. Dairə modeli şikayəti “eyni həlqədə bir problem” kimi qəbul etdiyindən, orada yaradıcı yanaşma və yeni bilik tətbiqləri üçün yer açılır. Valideynin fikirləri dərsin məzmununa və metoduna işıq tuta bilər, məktəb isə yaradıcılığı qorumaq üçün valideynlə ortaq layihələr hazırlayır.

Dairə modelinin tətbiqi
Uzaq Şərq yanaşmalarında ailə-məktəb icma modeli dairəvi prinsiplərə daha yaxındır. Yaponiyanın “Koşidoyə” praktikasında uşaq, ailə, müəllim və qonşuluq icması eyni mühitdə “harmoniya”nı paylaşır. Ailə də uşaqla maraqlı layihələrə qatılır və məktəbin gündəlik fəaliyyətinə qismən də olsa inteqrasiya olur. Burada balabilgənin həm akademik, həm bədii (yaradıcılıq) fəaliyyətləri, həm də davranış nümunələri davamlı izlənilir, çünki dairənin içərisində bütün tərəflər var.
Bilikli nəsil yetişdirmək üçün sadəcə dərsliklər və imtahanlar yetərli deyil. Ailənin, məktəbin və balabilgənin eyni dairədə “birləşmə”si, biliklərin gündəlik həyata transfer edilməsini asanlaşdırır. Maslovun ehtiyaclar iyerarxiyasında da vurğulandığı kimi, uşaqların mənəvi və sosial tələbatları ödənmirsə, bilik “mexaniki əzbər” səviyyəsində qalır. Lakin dairə modelində uşağın fiziki, emosional ehtiyacları da qarşılandığından, bilik “yaşayan bilik” formatına yüksəlir. Uşaq, evdə aldığı dəyərlər və məktəbdə qazandığı biliklər arasında harmoniya gördükcə öz kimliyi haqqında daha aydın təsəvvür formalaşdırır. Bu prosesdə ailə və məktəbin eyni çevrədə dayanması, uşağın fiziki və emosional baxımdan daha sabit şəraitdə böyüməsini təmin edir. Məktəbin tədris proqramında hər həftə bir dəfə “Valideyn saatı” adlı dərsin tədrisi valideynin özünü məktəbin müəllimi kimi hiss etdirəcək. İlin əvvəlində dərs cədvəli qurularkən hər həftənin valideyni əvvəlcədən müəyyənləşdirilib, cədvələ yerləşdirilir və beləcə bir sinifdə olan 20-30 şagirdin valideynlərindən bir və ya hər ikisi heç olmasa həftədə bir dəfə övladının sinfində öncədən sinif rəhbəri ilə müəyyənləşdirilmiş bir dərsi keçir. Bu dərslər valideynin peşə bacarıqları əsasında müəyyənləşir ki, balabilgələrə fərqli bir üfüq də göstərir. Tövsiyə olunandır ki, hər iki valideyn sinfə eyni anda gəlib, ikisi ortaq şəkildə inteqrativ ailə dərsi keçsinlər.
Valideynlər məktəbin layihələrinə cəlb olunanda, uşaqlar daha çox təcrübə sahəsinə malik olur. Celestin Freinetin də dediyi kimi, “təhsil uşağın həyatına nə qədər yaxın olarsa, o qədər təsirli olar”. Bəzən valideynlərin peşə sirlərini, bacarıqlarını şagirdlərlə bölüşməsi onlarda təlimə və yaradıcılığa marağı gücləndirir. Bundan başqa, müəllimlər də valideynlərin gündəlik həyat təcrübəsini sinfə daşıyaraq, elmi bilikləri praktiki nümunələrlə birləşdirə bilərlər.
Məktəbdə ildə iki dəfə “Atalar, analar və ya ailələr” gününün keçirilməsi ailə, məktəb əlaqələrinə çox ciddi şəkildə müsbət təsir edir. Valideyndən-valideynə valideyn-məktəb əlaqələrinin genişləndirilməsi, “valideyn-müəllim”, “valideyn-valideyn” münasibətlərinin səmərəli təşkili, faydalı ünsiyyət mühitinin yaradılması məqsədilə keçirilən layihədir. Bu layihəyə əsasən, məktəbin ana valideynləri həm məktəb heyəti, həm də öz aralarında fəal ünsiyyət quraraq təlim-tərbiyə işlərində yaxından iştirakla bərabər, öz aralarında da sosial fəaliyyətin, əməkdaşlığın yaranmasına nail olurlar. Valideyn analar üçün nəzərdə tutulan proqramda analar bir günlük məktəbin sosial həyatında, seminarlarda iştirak edir, tədbirlərdə, dərnəklərdə səmərəli vaxt keçirirlər. Analar məktəbə dəvət olunan həftə balabilgələr tərəfindən “Ailəmə anonim məktub” yazılır, ümumi bir qutuya salınır, valideynlər gəldikləri zaman hər valideynə 3 məktub oxuma haqqı verilir ki, onlar uşaqların gözü ilə özlərini görürlər. Məktəb direktoru toplanan məktublardan 10 ən yaxşısını seçib ilk görüşdəki ümumi toplantıda slayd şəklində təqdim edir və uşaqların problemlərini dilə gətirir.
“Sən şagird ol, mən müəllim!” layihəsi balabilgələrin bir-birini anlaması, dəyərləndirməsi, balabilgə-müəllim münasibətlərinin inkişafı və balabilgələrdə empatiya duyğusunun aşılanması və komanda işi anlayışının formalaşmasına xidmət məqsədilə yaranıb. Layihənin bütün təhsil pilləsi üzrə keçirilməsi mümkündür. “Sən şagird ol, mən müəllim!” layihəsinin məqsədi balabilgələrin kiçik yaşlarından etibarən özlərini ifadə edə bilmələri; fənnə maraq oyatmaq və adaptasiya yaratmaq; öhdəlik və məsuliyyətlərini dərk etmələrinə dəstək olmaq; sosial aktivlik; özgüvənin formalaşdırılması; “Sən yox, siz, mən yox, biz!” ifadəsindən yola çıxaraq balabilgələrdə “zəif-güclü” ifadəsinin bir kənara qoyulub hər kəsin bu layihədə iştirakını təmin etməkdir.
“Balabilgə hesabatı” Hədəf konseptində 1-8-ci sinif balabilgələrinin təqdimat, özünüifadə, nitq qabiliyyəti, özgüvən, liderlik bacarıqlarının inkişafı məqsədilə keçirilən sosial layihədir. Balabilgələr hər yarımilin sonu hazırladıqları təqdimatla müəllim, valideyn və lisey rəhbərliyi qarşısında çıxış edirlər. Hazırladıqları təqdimatlar, əsasən, liseydə əldə etdikləri bilik və bacarıqlarının hesabatı, liseyi tənqid, özünütənqid şəklində olur. Məqsəd balabilgələrin auditoriya qarşısında təqdimat, özünüifadə, tənqidi düşüncə və nitq bacarıqlarının formalaşması və inkişafıdır. Hər ilin yanvar və may aylarında təqdim edilən “Bilgə hesabatları” yarımillik valideyn iclasları ilə eyni gündə keçirilir. Bu, əsasən müəllimlərin peşəkar inkişafına yönəlik bir layihədir. Layihənin əsas məğzi valideynlər arasından seçilmiş mentor qabiliyyətli peşəkar bir valideynin məktəb, uşaq psixologiyası, ailə kultu, valideynlər təhsildən nə gözləyir, kimi mövzularda təlimlərin verilməsi, müzakirələrin aparılmasını təmin edir. Müəllimlər valideynlərin təhsilə baxışlarını daha yaxşı anlayır, uşaq psixologiyası və ailə kulturu sahəsində biliklərini artırırlar. Valideynlər təhsil prosesinə daha çox cəlb olunur, məktəblə sıx əlaqələr qurulur və ortaq məqsədlər ətrafında birləşirlər. Uşaqlar üçün daha inklüziv, dəstəkləyici və keyfiyyətli bir təhsil mühiti yaradılır.
Hər bir valideyn məktəb fəaliyyətlərinə qatılmağa vaxt və imkan tapmaya bilər. Ailələrin sosial-iqtisadi şərtləri, fərqli iş rejimləri dairəvi işbirliyini əngəlləyə bilər. Bu səbəbdən məktəb rəhbərliyi müəyyən “fleksibil” (uyğunlaşabilən) qrafik və alternativ kommunikasiya kanalları qurmalıdır. Rəqəmsal dövrdə “Moodle”, “Google Classroom”, “ClassDojo” kimi alətlər dairə modelinə böyük dayaqdır. Valideynlər uşağın akademik fəaliyyəti, yaradıcılıq layihələri və sağlamlıq göstəriciləri haqqında real vaxtda məlumat ala bilirlər. Üçbucaq modelində “yalnız məktəb yığıncaqlarında görüşmək” var idisə, dairə modelində “daimi paylaşım” prinsipi mövcuddur.
“Ailələr yarışır” interaktiv oyun-yarış valideyn-məktəb-balabilgə dairəsinin vacibliyini qorumaq məqsədilə reallaşdırılan, bundan irəli gələn əməkdaşlığın vacibliyini nəzərə alaraq həyata keçirilən yarışma layihəsidir. Balabilgələrin ailələri ilə daha çox zaman keçirməsi, asudə vaxtlarının səmərəli və maraqlı təşkil edilməsi, balabilgələrin intellektual yarışlara marağının təmin edilməsi, dünyagörüşlərinin inkişaf etdirilməsi məqsədilə keçirilən “Ailələr yarışır” adlı onlayn yarışmadır. Yarışma həm də “ailə saatı” önəmini daşımaqla, ailə birgəliyini təmin edir ki, valideynlər övladlarına ayırdıqları zamanı səmərəli keçirmiş olurlar. Yarışmada həm liseyin balabilgələri öz valideynləri, həm də müəllimləri öz ailələri ilə iştirak edə bilər.
“Təhsil dairəsi” nəzəriyyəsi, Hədəf konseptindəki özünüdərk, sağlamlıq, bacarıq, yaradıcılıq və bilik prinsiplərini təkcə məktəb divarları ilə məhdudlaşdırmayıb, ailə və sosial mühitlə eyni çevrədə birləşdirir. Bu, üçbucaq anlayışındakı toqquşan küncləri yumşaldır, onları eyni trayektoriyada dayanmış “nöqtələr” kimi birləşdirir. Ken Robinson “Təhsildə inqilabın” əsasını məktəb, ailə və cəmiyyətin birlikdə hərəkət etməsində görürdü. Biz də dairə modelində məhz bu birliyin təməl daşlarını qoymağı hədəfləyirik. Təhsildə beşlik nəzəriyyəsi adlandırığımız: özünüdərk, sağlamlıq, bacarıq, yaradıcılıq və bilik xəttlərini – tam dəyərləndirmək üçün dairə modeli, real və davamlı bir çərçivə yaradır. Bunun nəticəsində, uşaqlar (balabilgələr) yalnız ayrı-ayrı məqam və bucaqlarda toqquşan üç aktyorun (valideyn, məktəb, uşaq) əhatəsində böyümür, bütöv bir təhsil dövrəsində, hər tərəfdən dəstəklənən, kəşf edən, sağlam və yaradıcılığa açıq insan kimi formalaşır. Bu, Hədəf konseptinin “bilgə insan yetişdirmək” məqsədinə də birbaşa xidmət edən ən mütərəqqi yanaşmalardan biridir.
Dairə modeli, müəllimlərin təkcə öz fənnini yaxşı bilməsini deyil, həm də sosial-emosional yönləndirmə bacarıqlarına yiyələnməsini tələb edir. OECD araşdırmalarında müəllimlərin psixoloji və metodoloji təlim görməsinin, ailə ilə əlaqə yaratma qabiliyyətini 50%-dən çox artırdığı vurğulanır. Üçbucağa alışmış müəllimlər üçün dairə modeli yeni çətinliklər yarada bilər, bunun üçün kurslar və xüsusi treninqlər lazımdır. Məktəbin psixoloq və məsləhətçi komandası dairə modelinin təsirini periodik olaraq araşdırmalı (sorğular, fokus qruplar və s.), müşahidələr aparmalı, ehtiyac varsa, metodlar yenilənməlidir. Digər tərəfdən dairə modelinin uğurlu olması üçün valideynlərə “Məktəb həyatına necə qatıla bilərik?” tipli treninqlər, seminarlar təqdim oluna bilər.
Şəmil SADİQ,
filologiya üzrə fəlsəfə doktoru, dosent