Dərc olunub: 17.02.2025

Fevralın 17-də Azərbaycan Dövlət Pedaqji Universitetində (ADPU) II tədris ili magistrantlarının elmi-tədqiqat, elmi-pedaqoji və istehsalat (idarəetmə) təcrübələrinə başlamalarına həsr olunmuş konfrans keçirilib. Tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti və magistrantlar iştirak ediblər.

Konfransı giriş sözü ilə açan ADPU rektoru professor Cəfər Cəfərov magistrantların təcrübə prosesində fəal iştirakının vacibliyini vurğulayıb, bu prosesin onların gələcək elmi və pedaqoji fəaliyyətlərində mühüm rol oynayacağını qeyd edib. C.Cəfərov diqqətə çatdırıb ki, elmi və pedaqoji təcrübə magistrantların bilik və bacarıqlarını tətbiq etməsi, akademik mühitdə praktik təcrübə qazanması üçün mühüm mərhələdir.

Elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov qeyd edib ki, təcrübələrdə 22 ixtisas və 28 ixtisaslaşma üzrə  II tədris ilində tədris alan ümumilikdə  342 nəfər magistrant iştirak edəcək. Bildirilib ki, cari tədris ili üzrə də  magistrantların təcrübələri  elmi-tədqiqat təcrübəsi, istehsalat (idarəetmə) təcrübəsi və  elmi-pedaqoji təcrübə olmaqla 3 hissədən ibarət olacaq. Təcrübələr yekunlaşdıqdan  sonra isə dissertasiya işlərinin müzakirə və müdafiə prosesləri başlanılacaq. MBA proqramı üzrə təhsil alan magistrantların təcrübə müddəti fərqli olacaq və yalnız müəyyən şərtləri ödəyən magistrantların dissertasiya müdafiəsinə icazə veriləcək. 4 əcnəbi magistrantın da təcrübələrdə iştirak edəcəyini qeyd edən A.Zamanov dissertasiya  işlərinin müdafiə və qiymətləndirmə qaydalarına edilmiş əlavə və dəyişiklikləri magistrantların diqqətinə çatdırıb.

Daha sonra Magistratura və doktorantura şöbəsinin müdiri s.e.ü.f.d Rəşad Sadıqov təcrübəçi magistrantları təcrübə mərhələsinin təşkili qaydaları ilə bağlı məlumatlandırıb, onları maraqlandıran sualları cavablandırıb.