Fevralın 14-də Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) tədbir keçirilib.
Kitabxanadan bildirilib ki, tədbirdə Bakı şəhəri Mehdi Hüseynzadə adına 19 nömrəli tam orta məktəbin beşinci sinif şagirdləri, müəllimləri və kitabxana əməkdaşları iştirak ediblər.
MEK-in direktoru Hüseyn Hüseynov çıxışında bu əlamətdar günün kitaba məhəbbəti olan bütün insanları birləşdirdiyini deyib. Direktor vurğulayıb ki, uşaqlarda və gənc nəsildə mütaliə həvəsini artırmaq üçün dünyanın bir çox ölkəsində kitab bağışlama aksiyaları keçirilir və Mərkəzi Elmi Kitabxana da bu ənənədən geri qalmır.
H.Hüseynov MEK-in fondunda olan dəyərli nəşrlərdən “Dahilərin ömür yolu”, “Halal çörək”, “Yeddi”, “İmperiyanın süqutu”, “Azərbaycanda milli-mənəvi dəyərlər”, “Ovçu” və digər kitabları məktəblilərə hədiyyə edib.
Məktəbin kitabxana müdiri Sevinc Hüseynova çıxışında bu cür tədbirlərin gənc nəsildə kitablara marağı artırdığını qeyd edib və belə gözəl təşəbbüsləri dəstəklədiyini bildirib.
Tədbir zamanı şagirdlər kitab və mütaliə haqqında aforizmlər səsləndirib, kitabxana ilə yaxından tanış olublar.
Eyni zamanda, Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə Mərkəzi Elmi Kitabxananın bir qrup əməkdaşı Sumqayıt Dövlət Dram Teatrında keçirilən tədbirə qatılaraq iştirakçılara kitablar hədiyyə ediblər.
![](https://azertag.az/files/galleryphoto/2025/1/1200x630/17395474334232414650_1200x630.jpg)
![](https://azertag.az/files/galleryphoto/2025/1/1200x630/17395474333796439177_1200x630.jpg)
![](https://azertag.az/files/galleryphoto/2025/1/1200x630/17395474331369654492_1200x630.jpg)
![](https://azertag.az/files/galleryphoto/2025/1/1200x630/173954743379704512_1200x630.jpg)