Bakı Mühəndislik Universitetində (BMU) Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) təşkilatçılığı ilə “SCOPUS AI – Süni intellekt aləti ilə tədqiqat bacarıqlarının inkişafı” adlı infosessiya keçirilib.
Elm və ali təhsil müəssisələrindən 300-dən artıq akademik və inzibati heyət üzvləri, təqdiqatçılar, müəllimlər, doktorantlar, magistrantların qatıldığı tədbirdə universitetin elm və innovasiya məsələləri üzrə prorektoru Ağası Məlikov EATDA-nın növbəti infosessiyanı BMU-da təşkil etməsini müsbət qiymətləndirib və mövzunun əhəmiyyətinə toxunub.
Sonra EATDA-nın böyük məsləhətçisi Nərminə Abdullayeva “SCOPUS” bazası haqqında ətraflı məlumat verib. Adıçəkilən elmmetrik bazanın elmi fəaliyyətlə məşğul olanlar üçün üstünlüklərini önə çəkən agentlik əməkdaşı “SCOPUS”un başlıca xüsusiyyətləri, burada əsas axtarış interfeysi, müəllif və təşkilat profili, jurnal kvartillərinin müəyyənləşdirilməsi barədə zəruri informasiyaları ayrı-ayrılıqda nəzərə çatdırıb, diqqət yetirilməli vacib məqamları vurğulayıb.
Agentliyin baş məsləhətçisi Ülviyyə Gözəli isə “SCOPUS AI” haqqında geniş təqdimatla çıxış edib. O, bazadakı bu yeni alətdən istifadənin önəmindən danışaraq süni intellekt texnologiyasının vaxta qənaət, məhsuldarlıq, zəngin ədəbiyyat axtarışı, doğru icmalla tanışlıq, fərdiləşdirilmiş tövsiyələr baxımından istifadəçilərə geniş imkanlar təqdim etdiyini bildirib.
İnfosessiyada, həmçinin ChatGPT ilə “SCOPUS AI” arasında fərqlər izahlanıb, analiz tərzi, dəqiq istinad, doğru məlumat baxımından ikincinin daha üstün olduğu və akademik əsaslara dayandığı diqqətə çatdırılıb.
Çıxışlardan sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.