Dərc olunub: 12.02.2025

 

Təsisçisi Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) olan Din Araşdırmaları Jurnalının növbəti sayına məqalə qəbulu başlayıb.

Jurnalda məqalələrinin dərc olunmasını arzulayan müəlliflər 31 mart 2025-ci il tarixinədək müraciət edə bilərlər.

Jurnala elmi dərəcəsi olan xarici ölkə və yerli alimlərin, o cümlədən doktorantların, həmçinin magistrantların məqalələri qəbul edilir.

Aİİ-nin Din Araşdırmaları Jurnalı Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) elmi jurnallar qarşısında qoyduğu tələblərə və beynəlxalq standartlara uyğun şəkildə ildə iki dəfə nəşr olunur və elektron formatda yayımlanır.

Din Araşdırmaları Jurnalı 2020-ci ildən AAK tərəfindən fəlsəfə və psixologiya üzrə elmi məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına daxil edilib.

Jurnalın redaksiya heyətinin üzvləri Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Pakistan, Qazaxıstan, İndoneziya və Malayziya kimi ölkələrdə fəaliyyət göstərən nüfuzlu alimlərdən ibarətdir.

Qeyd edək ki, elmi nəşrə göndərilən və qəbul edilən məqalələr üçün heç bir ödəniş tələb olunmur. Jurnalda dərc olunan hər məqalə üçün DOI (Digital Object Identifier) təsisçi tərəfindən təmin edilir. Müəllif məqaləsini göndərmək üçün Din Araşdırmaları Jurnalının saytında qeydiyyatdan keçib ( https://journal.ait.edu.az/daj/user/register ), şəxsi kabinet yaratmalıdır. Məqalələr yalnız sayt üzərindən qəbul edilir. Jurnala daxil olan məqalələrin dəyərləndirilməsi zamanı ikitərəfli anonim rəy prosesi tətbiq olunur. Müəllif məqaləsi ilə bağlı gedişatı saytda yaratdığı profil üzərindən izləmək imkanına malikdir.

Gələcəkdə Din Araşdırmaları Jurnalının beynəlxalq elmmetrik bazalarda indekslənməsi nəzərdə tutulur.

Jurnalın əsas məqsədi psixologiya və fəlsəfə üzrə, o cümlədən dinin tarixi, fəlsəfəsi, din sosiologiyası və din psixologiyası üzrə Azərbaycan, rus, ingilis, türk və ərəb dillərində hazırlanmış müstəqil tədqiqatları məqalə və resenziya kimi dərc edərək, beynəlxalq aləmdə bu istiqamətdə məlumatların, araşdırmaların artmasına töhfə verməkdir.