Dərc olunub: 11.02.2025

Qadir Qafarov: “Təbiət bizi “sıfırdan” var etdi, təbabət elmi bu varoluşun mükəmməlliyini öz öhdəsinə götürərək qorudu, biotibbi mühəndislər isə onu yenidən formalaşdıraraq insanlığa ikinci bir şans təqdim etdi.”

Səhiyyə sferasında son illərdə nailiyyətlər və texniki tərəqqi müşahidə olunmaqdadır. Tərəqqi ilə birlikdə səhiyyə texnologiyalarının layihələndirilməsi, konstruksiya edilməsi, quraşdırılması, texniki xidməti, istismarı və digər texniki məsələlərin həllinə olan ehtiyac da artmışdır. Bu kontekstdə biomedikal (biotibbi) mühəndislik sahəsi gələcəyin ən perspektivli və dinamik ixtisaslarından birinə çevrilmişdir. 10 fevral məhz bu ixtisas sahiblərinə həsr edilmişdir. Belə həyati əhəmiyyət kəsb edən işləri yerinə yetirən mütəxəssislərin qiymətləndirilməsi şübhəsiz ki, zəruridir. Adı çəkilən ixtisas və istiqamət barədə daha geniş məlumat almaq üçün Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin müəllimi, biomedikal sahədə peşə təhsil səviyyəsi üzrə modulların müəllifi Qadir Arzu oğlu Qafarov ilə həmsöhbət olduq. Qeyd edək ki, bu ixtisasın peşə təhsil səviyyəsində tədrisinin təşkilində fəal iştirak etmiş (peşə standartlarının və kurikulumların hazırlanmasında) Qadir Qafarov biomedikal mühəndisliyin (eyni zamanda texniklik səviyyəsinin) inkişaf tendensiyaları, cari vəziyyəti və ixtisasın çoxistiqamətliliyi barədə biliklərini bizimlə bölüşmüşdür.

 

Sual 1: Müasir dövrdə səhiyyə xidmətlərinin effektiv şəkildə göstərilməsində mühüm rol oynayan texnologiyalar biomedikal mühəndislik sahəsi tərəfindən təmin edilir. Bu ixtisas inkişaf etmiş ölkələrdə aparıcı mövqelərdən birini tutur. Biomedikal mühəndisliyin qlobal trendləri haqqında nə deyə bilərsiniz?

Cavab: Biomedikal mühəndislik sahəsi ümumi texnologiyanın inkişafı ilə paralel olaraq sürətlə irəliləməkdədir. Xüsusilə, biotexnologiya, gen mühəndisliyi və süni intellekt (AI) sahələrindəki yeniliklər bu ixtisasın daha da dinamikləşməsinə səbəb olmuşdur. Biorobotika və təkmilləşdirilmiş protezlər mühəndisliklə bioloji sahələr arasındakı sərhədləri aradan qaldıraraq multidisiplinar bir istiqamətə çevrilmişdir.

Bir vaxtlar xəyali görünən 3D çap texnologiyalarından istifadə edərək insan orqanlarının və toxumalarının yaradılması artıq reallığa çevrilmişdir. Həmçinin, təkmilləşdirilmiş biotibbi cihazların və diaqnostik alətlərin inkişafı xəstəliklərin erkən mərhələlərdə aşkar olunmasını və daha effektiv müalicə üsullarını mümkün etmişdir. Mikro və nano texnologiyaların tətbiqi biomedikal mühəndislik sahəsini yeni zirvələrə daşımaqdadır. Bu dövrü rahatlıqla bionanoelektronika dövrü adlandırmaq olar.

 

Sual 2: Biomedikal mühəndislik insanlıq üçün niyə bu qədər vacibdir? Gələcəkdə bu sahəyə olan tələbat necə olacaq?

Cavab: Biomedikal mühəndislik XX əsrin ortalarından etibarən sürətlə inkişaf edən gənc bir sahədir. Onun bu qədər qısa müddət ərzində geniş yayılmasının əsas səbəbi insan faktorudur. Bu ixtisasın əsas məqsədi insan sağlamlığını qorumaq və tibbi texnologiyaları inkişaf etdirməkdir. Buna görə də biomedikal mühəndislik daim diqqət mərkəzində olmuş və gələcəkdə daha da əhəmiyyət qazanacaqdır.

Dünyada əhalinin artması, yaşlanma prosesinin sürətlənməsi və yeni xəstəliklərin meydana çıxması səbəbindən tibbi avadanlıqlara və innovativ müalicə metodlarına olan tələbat artır. Eyni zamanda, genetik tədqiqatlar və fərdi tibbin inkişafı biomedikal mühəndisliyə yeni imkanlar yaratmışdır.

 

Sual 3: Biomedikal mühəndislik sahəsində çalışan mütəxəssislərin karyera imkanları nələrdir?

Cavab: Biomedikal mühəndisləri tibbi texnologiyalar şirkətləri, xəstəxanalar, biotexnologiya və əczaçılıq şirkətləri, tədqiqat institutları və universitetlərdə fəaliyyət göstərə bilərlər. Onlar tibbi cihazların dizaynı və istehsalı, yeni müalicə üsullarının inkişafı, genetik mühəndislik və xəstəliklərin erkən aşkarlanması sahələrində çalışırlar. Bundan əlavə, akademik karyera və elmi tədqiqat sahəsində işləmək də mümkündür.

Gələcəkdə biotibbi avadanlıqların inkişafı və tibbi texnologiyaların sürətlə dəyişməsi ilə bu sahədəki mütəxəssislərə olan tələbat daha da artacaqdır. Xüsusilə, tibbi süni intellekt sistemləri, robotik cərrahiyyə və bioelektronika sahələrində peşəkar mühəndislərə ehtiyac daha da yüksələcəkdir.

 

Sual 4: Biomedikal mühəndislikdə nəzəri biliklər və praktiki bacarıqlar arasındakı balans necə qurulmalıdır? Bu sahədə mütəxəssislərin hazırlanması üçün hansı təhsil və təlim prosesləri vacibdir?

Cavab: Biomedikal mühəndislik nəzəri biliklərlə praktiki bacarıqların sıx vəhdətini tələb edən bir sahədir. Mütəxəssislər yalnız mühəndislik prinsiplərini deyil, həm də tibbi bilikləri dərindən mənimsəməlidirlər. Bu səbəbdən təhsil proqramları tələbələri həm nəzəri biliklər (materialşünaslıq, sistemlər nəzəriyyəsi, biomühəndislik və s.), həm də praktiki bacarıqlar (prototip dizaynı, tibbi cihazların hazırlanması, sınaqdan keçirilməsi və tətbiqi) əsasında yetişdirməlidir.

Təhsil proqramlarının tərkibində biotibbi cihazların hazırlanması, tibbi məlumatların işlənməsi və tətbiqi üzrə laboratoriya məşğələləri geniş yer tutmalıdır. Akademik proqramlar tələbələrə müasir texnologiyalarla praktiki təcrübə qazandırmaqla onların səhiyyə sektorunda tətbiq edilə biləcək innovativ həllər üzərində çalışmasına şərait yaratmalıdır.

Azərbaycanda bu sahənin tədrisi hələlik məhduddur və geniş inkişaf etdirilməlidir. Xüsusilə, peşə təhsili səviyyəsində biotibbi texniklərin hazırlanması istiqamətində addımlar atılmalıdır. Belə bir təhsil sisteminin qurulması səhiyyə sektorundakı texniki kadr çatışmazlığını aradan qaldıracaq və tibbi texnologiyaların səmərəli istifadəsini təmin edəcəkdir.