Dərc olunub: 09.02.2025

 

Azərbaycanda nüfuzlu ali təhsil müəssisələrindən olan Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) yaradılmasından 7 il ötür.

Mektebgushesi.az xəbər verir ki, bununla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov sosial media hesabında paylaşım edib.

Ötən 7 ildə İnstitut qarşısına qoyduğu hədəf və məqsədlərə nail olmaq üçün uğurlu məsafə qət etmişdir. Aİİ dövlətçilik prinsiplərinə sadiq qalan, ölkəmizin dini mühitini nəzərə alan, dünyəvilik, müasirlik təfəkkürünü özündə birləşdirən ali təhsil müəssisəsidir. İnstitutun məzunları, artıq ölkəmizin bir sıra bölgələrində dövlət qurumlarında, eləcə də məscidlərimizdə imam, imam müavini və dini ayinlərin icraçısı vəzifələrində çalışırlar.

İlahiyyat sahəsindəki problemləri araşdıran, təhlil edən, elmi tədqiqatlar aparan və bu nümunələri çap etməyi əsas məqsədlərdən biri hesab edən Azərbaycan İlahiyyat İnstitutu keyfiyyətli nəşrləri ilə yerli və xarici elmi ictimaiyyətin daim diqqət mərkəzində olmağa çalışır.

Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılıb.