Ümumi təhsil müəssisələrində proseslərin elektronlaşdırılması çərçivəsində “Rəqəmsal məktəb” platforması yaradılıb. Platforma hazırda test rejimində fəaliyyət göstərir.
“Rəqəmsal məktəb” rəqəmsal mühitdə öyrənmə, tədris, ünsiyyət və əməkdaşlıq platformasıdır. Bu, şagird, valideyn, müəllim və direktor rolları üzrə tədris resurslarının idarəedilməsi və tənzimlənməsi imkanlarını təmin edir.
Şagird kabineti
Giriş məlumatları hər bir şagird üçün valideyni tərəfindən təyin edilmiş şifrə və UTİS kod vasitəsilə mümkündür.
Şagirdlərin elektron resurslardan istifadəsi imkanının təmin olunması məqsədilə hər fənn üzrə mövzuya uyğun elektron resurlar – video dərslər, tapşırıqlar və kvizlər (test) yerləşdirilib ki, şagirdlər məktəbdə keçirilən hər hansı mövzu üzrə çətinlik çəkdikdə və yaxud müvafiq səbəblərdən dərsdə iştirak etmədikdə platforma üzrə yaradılmış elektron resurslardan istifadə edə bilirlər.
Tədris prosesini daha yaradıcı edən və şagirdlər tərəfindən məlumatın qavranılmasını asanlaşdıran video dərslər fizika, kimya, Azərbaycan dili, təbiət, riyaziyyat və s. kimi məktəb proqramını və ibtidai siniflərin əhatə edir. Video dərslər hər bir şagirdə olduğu məkandan asılı olmayaraq geniş öyrənmə imkanları verir.
Eyni zamanda, platforma şagirdə dərs tapşırıqlarının həllini müəllimin dilindən vizual izahlı şəkildə dinləmək imkanı verir.
Valideyn kabineti
Kabinetə daxil olan valideyn övladının dərs cədvəli ilə tanış olur, gündəlik qiymətləndirmə məlumatlarını izləyə bilir və birbaşa direktor ilə onlayn şəkildə mövcud çat vasitəsilə əlaqə saxlayır.
Müəllim kabineti
Müəllimlər şəxsi kabinetlərinə daxil olduqda tədris etdiyi siniflər üzrə həftəlik dərs cədvəli, tədris apardığı siniflərin siyahısı, elan və xəbərlər, valideyn rəyləri ilə tanış ola bilirlər. Eyni zamanda, elektron jurnalda qiymətləndirmələr aparırlar.
Direktor kabineti
Məktəb rəhbərləri üçün tədris prosesinin bir məkandan izlənməsi, rəhbərlik etdiyi təhsil müəssisəsinin statistik göstəriciləri və ani hesabatların əldə edilməsi kimi imkanlar da platformada mövcuddur. Məktəb rəhbərləri şəxsi kabinetləri vasitəsilə rəhbərlik etdikləri müəssisə üzrə elektron jurnalları izləyə və təlim nəticələrini təhlil edə bilirlər.
Platformadan istifadə ilə bağlı təlimatla BURADAN tanış ola bilərsiniz!
Qeyd edək ki, “Rəqəmsal məktəb” platforması Bakı şəhərində 324 məktəbdə tətbiq olunur. 500 mindən çox şagirdi, 30 mindən çox işçi heyəti əhatə edir. Yeni platforma sayəsində tədris prosesində və idarəetmədə kağız daşıyıcılardan istifadə minimuma endiriləcək.