Dərc olunub: 07.02.2025

 

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) yaradılmasının yeddiilliyi münasibətilə tədbir keçirilib.

Tədbirdə Aİİ, Bakı İlahiyyat Kollecinin rəhbər heyəti və kollektivi iştirak edib.

Aİİ rektoru, dosent Aqil Şirinov öncə kollektivin hər bir üzvünü ali təhsil müəssisəsinin yeddiilliyi münasibətilə təbrik edib.

A.Şirinov Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət-din siyasətinin onun layiqli davamçısı – Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Rektor vurğulayıb ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi, din təhsili istiqamətində də diqqət və qayğının bariz nümunəsi olaraq, 7 il bundan əvvəl cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaradılıb.

A.Şirinov ötən 7 ildə ərzində İnstitutun  qarşısına qoyduğu hədəf və məqsədlərə nail olmaq üçün cidd-cəhdlə çalışdığını diqqətə çatdırıb. O qeyd edib ki, Aİİ dövlətçilik prinsiplərinə sadiq qalan, ölkəmizin dini mühitini nəzərə alan, milli-mənəvi dəyərlərlə dünyəvilik və müasirlik təfəkkürünü özündə birləşdirən ali təhsil müəssisəsidir. İnstitutun məzunları, artıq ölkəmizin bir sıra bölgələrinin dövlət qurumlarında, eləcə də məscidlərimizdə imam, imam müavini və dini ayinlərin icraçısı vəzifələrində çalışırlar.

Aİİ rektoru İnstitutun əldə etdiyi nailiyyətlərdən bəhs edərkən bildirib ki, ali təhsil müəssisəsi yarandıqdan sonra onun apardığı tədris, təşkil etdiyi respublikadaxili və beynəlxalq elmi konfranslar, simpoziumlar, forumlar, eləcə də akademik heyətin din sahəsinə töhfə verən elmi araşdırmaları, xalqın dini baxımdan düzgün istiqamətdə maarifləndirilməsi prosesində yaxından iştirak etməsi İnstitutun Azərbaycan ictimaiyyətinin etimadını qazanmasına səbəb olub.

İnstitut rəhbəri bildirib ki, Azərbaycan İlahiyyat İnstitutu beynəlxalq əlaqələrin inkişafını daim diqqət mərkəzində saxlayır, ötən 7 il ərzində xarici ölkələrin tanınmış 31 ali təhsil müəssisəsi və tədqiqat mərkəzləri ilə əməkdaşlıq protokolları və memorandumlar imzalayıb. Rektor qeyd edib ki, xarici universitetlərlə qurulmuş səmərəli əlaqələrin uğurlu nəticəsi olaraq, 2021-ci ildən başlayaraq Qazaxıstanda fəaliyyət göstərən “Nur-Mübarək” Misir İslam Mədəniyyəti və Türkiyənin İstanbul 29 Mayıs universitetləri ilə bağlanmış müqavilələrə əsasən, tələbələrimiz 4-cü ildir təhsillərini 1 semestr ərzində həmin universitetlərdə davam etdirirlər. Həmçinin 2023/2024 məzunu olan 2 tələbənin İnstitutumuzun əməkldaşlıq etdiyi Malayziya Beynəlxalq İslam Universitetində magistratura təhsili aldıqlarını vurğulayıb.

Rektor daha sonra ötən 7 il ərzində İnstitutun müəllimləri tərəfindən hazırlanmış və tələbələrin ixtiyarına verilmiş dərsliklərə diqqət çəkib.

Aqil Şirinov ali təhsil müəssisəsinin elmi fəaliyyətini əks etdirən Din Araşdırmaları Jurnalının artıq ən son beynəlxalq standartlara cavab verən şəkildə məqalə qəbulu həyata keçirtdiyini, beynəlxalq elmmetrik bazalarda qeydiyyatdan keçmək üçün işlər getdiyini nəzərə çatdırıb.

Aİİ rektoru sonda İnstitutun fəaliyyətində göstərdikləri dəstəyə görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə, o cümlədən ali məktəbin fəaliyyətində dəstək olan bütün qurumlara təşəkkürünü bildirib.