Mektebgushesi

Dərc olunub: 07.02.2025

Dövlət İmtahan Mərkəzi (DİM) martın 16-da I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanı modelinə uyğun sınaq imtahanı keçirəcək.

Bu barədə  DİM-dən məlumat verilib.

Bu imtahan Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə qəbul imtahanının II mərhələsi üzrə keçiriləcək yeganə sınaq imtahanıdır. İmtahanın məzmunu və təşkilati forması qəbul imtahanlarının modelinə tam uyğundur. Dövlət İmtahan Mərkəzi digər özəl qurumların keçirdikləri sınaq imtahanlarının məzmunu və təşkilinə cavadehlik daşımır və abituriyentlərə yalnız Mərkəzin rəsmi sınaq imtahanında iştirak etmələrini tövsiyə edirik.

Sınaq imtahanına qeydiyyat 26 fevral saat 23:59-dək aparılacaq.

Sınaq imtahanına qeydiyyatdan keçmək üçün ekabinet.dim.gov.az keçidində “Şəxsi kabinet” yaradılmalıdır (şəxsi kabineti olmayanlar). “Şəxsi kabinet”in “Hesab” bölməsinə imtahanda iştirak üçün nəzərdə tutulan məbləğ (40 AZN) yüklənilir. Hesaba lazımi miqdarda vəsait əlavə etmək üçün müxtəlif ödəniş üsullarından yararlanmaq olar.

Daha sonra DİM-in saytında yerləşdirilən qeydiyyat linki vasitəsilə “Şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə sistemə daxil olub “İmtahana buradan yazılın” düyməsini basmaq lazımdır. Açılan səhifədə imtahan yeri seçilir. Sonra isə imtahan verəcəyiniz bölmə, ixtisas qrupu seçilir və “Qeydə al” düyməsi basılır.

I ixtisas qrupu üzrə imtahan vermək istəyənlər RK və ya Rİ, III ixtisas qrupu üzrə imtahan vermək istəyənlər isə DT və ya TC altqruplarından birini seçməlidirlər. Sınaq imtahanında hər iki altqrupu seçməyə icazə verilmir. I qrup üzrə RK altqrupunu seçənlər riyaziyyat, fizika, kimya, Rİ altqrupunu seçənlər riyaziyyat, fizika, informatika, III qrup üzrə DT altqrupunu seçənlər Azərbaycan (rus) dili, tarix və ədəbiyyat, TC altqrupunu seçənlər Azərbaycan (rus) dili, tarix və coğrafiya fənləri üzrə imtahan verirlər.

İmtahanın müddəti 3 saatdır. Yazılı cavablandırılması tələb olunan açıq tipli tapşırıqların cavabları “cavab vərəqi”ində nəzərdə tutulan müvafiq yerlərdə, digər tapşırıqların cavabları isə “cavab kartı”ında qeyd olunur. İmtahanın sonunda cavab vərəqələri və cavab kartları abituriyentlərdən təhvil alınır.

İmtahanlar Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəmkir, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində təşkil olunacaq.

İmtahan yeri (binası) barədə məlumat imtahandan bir həftə əvvəl Mərkəzin saytına yerləşdiriləcək “İmtahana buraxılış vərəqəsi”ndə qeyd olunacaq.

Sınaq imtahanında istifadə olunacaq test tapşırıqları 11-ci sinif üçün ümumtəhsil müəssisələrində qüvvədə olan tədris proqramlarının 2025-ci il fevral ayının sonunadək olan hissəsini əhatə edəcək.