Türkiyə Respublikası Sinop Universitetinin rektoru prof. dr. Şakir Taşdemirin rəhbərlik etdiyi nümayəndə heyəti 06.02.2025-ci il tarixdə Lənkəran Dövlət Universitetində olub. Hörmətli qonaqları LDU-nun rektoru, prof. Natiq İbrahimov qəbul edib. Dostluq və işgüzarlıq şəraitində keçən söhbət zamanı rektor Natiq İbrahimov türkiyəli qonaqlara Lənkəran Dövlət Universiteti, bu ali təhsil ocağında son illərdə aparılan yenilənmələr, görülən işlər, genişlənən beynəlxalq əlaqələr barədə ətraflı məlumat verib. Tərəflər müasir dünyada ali təhsilin məqsəd və vəzifələri, problemləri, perspektivləri, qarşıda duran vəzifələr barədə geniş fikir mübadiləsi ediblər.
Görüşdə Lənkəran Dövlət Universiteti ilə Sinop Universiteti arasında ikili əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilələrdə ikili əməkdaşlıqların gücləndirilməsi, birgə elmi konfransların təşkili, tələbə-müəllim mübadiləsi, ikili diplom layihəsinin həyata keçirilməsi üçün müvafiq işlərin görülməsi, tələbə-müəllim heyətinin hərəkətliliyinin artırılması və s. məsələlər əksini tapıb.
Səmimilik şəraitində keçən görüşdə tərəflər bir-birinə xatirə hədiyyələri təqdim ediblər.
Türkiyəli qonaqlara Lənkəran Dövlət Universiteti ilə əyani tanışlıq imkanı yaradılıb. Sinop Universitetinin rektoru, prof. dr. Şakir Taşdemir və onu LDU-ya səfərində müşayət edən nümayəndə heyəti Lənkəran Dövlət Universitetinin tədris korpuslarını gəzib, imtahanların gedişi ilə əyani tanış olub. LDU ilə tanışlıq türkiyəli qonaqlarda xoş təəssürat yaradıb.