Dərc olunub: 06.02.2025

Məktəbdə öz şagirdinə dərs deyən müəllim həm də onun repetitorudursa bu peşə etikasından uzaqdır.

Mektebgushesi.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 6-da keçirdiyi brifinqdə deyib.

Nazir bildirib ki, repetitorluq valideynin seçimidir:

“Repetitorluq seçimində fərqli arqumentlər ola bilər. Misal olaraq,, məktəb o qədər pis tədris verir ki, valideyn məcbur qalıb repetitor seçir. Yaxud ali təhsilə hazırlıq üçün əlavə müəllim seçimi edilir. Çünki məktəbdə 17 fənn keçilir, amma repetitor sırf universitetə qəbul üçün lazım olan fənlərə fokuslanır.

Başqa bir səbəb də o ola bilər ki, valideyn işləyir və övladının dərsi günorta bitir. O da düşünür ki, övladını günün sonuna qədər hara qoysun. Ev tapşırıqlarını elə hazırlıqda tamamlasın və evdə dərs etməsin. Belə halların sayı əsasən aşağı siniflərdə daha çoxdur.

Yaxud valideyn evdə rus dilində danışa bilmir, amma övladını rus bölməsinə qoyur. Sonradan başa düşür ki, övladı dərsi başa düşmür və onu repetitor yanına qoymağa məcbur olur. Hətta dəbə görə repititor yanına gedən də var”.

Onun sözlərinə görə, repetitor da məktəb müəllimidir:

“Eyni müəllim necə ola birər ki, məktəbdə pis tədris verir, amma evdə yaxşıdır? Hesab edirəm ki, bu işdə əsas məsələ vicdandır.
Cəmiyyətin də buna qınağı olmalıdır. Məktəbdə öz şagirdinə dərs deyən müəllim həm də onun repetitorudursa, bu, peşə etikasından uzaqdır. Bu, ayıbdır. Müəllim olaraq işini görüb dövlətdən maaş alırsa, dərs dediyi şagirdə də bunu düzgün öyrətməlidir”.

E.Əmrullayev məktəbdaxili repetitorluq fəaliyyətini qəbul etmədiyini vurğulayıb:

“Nə qədər ki “ali məktəbə yalnız savadlı və ağıllılar” qəbul olacaq düşüncəsi ilə yanaşırıq, repetitorluq qaçılmaz olacaq. Ali təhsilə giriş asanlaşdırılmalıdır. Əsas olan ali təhsili bitirmək məsələsidir. Bu gün ali təhsil almaq elə də asan deyil”.