Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə “Müasir dini təhsil modelləri ənənələr və qlobal çağırışlar kontekstində” mövzusunda keçirilən respublika elmi-praktik konfransının materialları çap olunub.
Kitabda “Konstitusiyadan kurikuluma: qanunvericiliyin tələbləri qarşısında Azərbaycanın ümumtəhsil məktəblərinin dərsliklərindəki dini biliklərin məzmun təhlili”, “Müasir dövrdə İlahiyyat fakültələrində “Qurani-Kərim” fənninin tədrisi: Azərbaycan və Türkiyə nümunəsində”, “İslamda elmə verilən dəyər və Azərbaycanda XX əsrin əvvəllərində dini maarifçilik”, “Dinlərarası dialoq kontekstində dini təhsil: reallıqlar və perspektivlər”, “Din tədrisində məzhəbüstü yanaşmanın zəruriliyi”, “Multikultural və tolerant mühitin formalaşmasında dini təhsilin rolu”, “Prezident İlham Əliyev və Azərbaycanda dini təhsil modeli”, həmçinin dünyada mövcud olan din təhsili modellərini, ölkəmizdəki dini təhsil və digər mövzuları əhatə edən, ümumilikdə, 19 məqalə dərc olunub.
Dərc olunan məqalələrdə Azərbaycanda mövcud olan dini təhsilin əsaslı şəkildə tədqiq edilməsi, bu istiqamətdə problemlərin üzə çıxarılması və səbəblərinin araşdırılması, din tədrisində məzhəbüstü yanaşmanın zəruriliyi, din tədrisinin əhəmiyyəti, ölkəmizdə mövcud olan dini təhsil modeli, multikultural və tolerant mühitin formalaşmasında dini təhsilin rolu, eləcə də qonşu ölkələrdə dini təhsil modelləri kimi mövzular öz əksini tapıb.
Məlumat üçün qeyd edək ki, ölkəmizdə dini təhsil sahəsində mövcud vəziyyətin müzakirə olunması, qarşıya çıxan problemlərin həlli ilə bağlı təkliflərin irəli sürülməsi, bu istiqamətdə fəaliyyət göstərən alim və mütəxəssislər arasında təcrübə mübadiləsinin aparılması məqsədilə təşkil edilən konfrans 16 oktyabr 2024-cü il tarixində Azərbaycan İlahiyyat İnstitutunda keçirilib.
Konfransda “Azərbaycanda dini təhsil: keçmişdən bugünə”, “Dünyəvi dövlətdə dini təhsilin aktual məsələləri”, “İslam coğrafiyasında dini təhsil: ənənə və müasir çağırışlar”, “Dini tərbiyə, dini təhsil və din tədrisi” mövzularında təşkil olunan panellərdə elm adamları, ziyalılar, din xadimləri və ictimaiyyət nümayəndələri məruzələrlə çıxış edib, təkliflər səsləndiriblər.
Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu yarandığı gündən etibarən, düzgün metodlara əsaslanan din təhsilini həyata keçirməyi, cəmiyyətin dini doğru anlamasını və öyrənməsini təmin etməyi başlıca məqsəd kimi qarşısına qoyub. Bu istiqamətdə Aİİ-də mütəmadi olaraq müxtəlif seminarlar, “dəyirmi masa”lar, görüşlər, konfranslar təşkil edilir.