Kulis.az Əməkdar jurnalist Nüşabə Hüseynlinin “”Xalqının şair oğlunu bir üzükdən ötəri şübhə altına alan milisaner”in övladları” yazısını təqdim edir.
Dağıdıcılıqla yaradıcılığın fərqini bilməyənlər üçün
Evdə demişəm ki, elə ki hiss etdiniz ağa qara, yaxşıya pis, şirinə duzlu deyirəm, çevrəmi dərhal daraldın, ünsiyyət dairəmi məhdudlaşdırın, kimlərinsə (lap nəvələrim olsa belə) gülüş, məzə obyektinə çevrilməyimə imkan verməyin. Bioloji varlığıq da, üstəlik, heç birimizin ikincisi yoxdur, bircəyik. Hərəmiz bir yaşda xərifləyə bilərik. 85 yaşında nöqtəsinin, vergülünün, hər anının hesabını dəqiq aparan ağsaqqal-ağbirçək də görmüşəm, 60 yaşında sistem faylları sıradan çıxıb, beyni, yaddaşı vaxtından əvvəl error verən orta yaşlı da. İnsanıq da. Hamının başına gələn işdir, tək mənim, qonşumun və ya Əlisa Nicatın yox ki. Xahiş etmişəm ki, bir şey olsa, gözünüzdən, qulağınızdan uzağa qoymayın. Yəni, qısası, yiyə durun.
Əlisa Nicatın yanlışından, doğrusundan asılı olmayaraq, bircə kəlməsi mediada ən vacib məlumatların belə üstünə dırmaşıb gündəmi dəyişdi. Onun ədəbiliyi və yaradıcılığı bu halda söhbət mövzusu deyil, aydın məsələdir. Əlisa Nicat hər şeydən və hər kəsdən əvvəl həyat şəraitindən, məişətindən, ümumilikdə, narazı olan, gözləntiləri ilə gerçək durumu üst-üstə düşməyən, bu səbəbdən həmkarlarına qarşı ehtimal edilən aqressiv yanaşması olan şikayətcil, qayğıya, nəzarətə ehtiyacı olan ahıl vətəndaşdır. Məhz buna görə də onun ötən il evinin isidilməsi ilə bağlı gündəmə gəlməsini və özünə diqqət tələb etməsini normal qarşılamaq olardı. Son illərdə mümkünsüz görünəni mümkün edən Azərbaycan dövlətinin təqaüdlə dolanan vətəndaşının evini isidə bilməməsi heç bir halda qəbuledilən deyildi. Əlisa Nicat olmasın, digər bir vətəndaşımız olsun, fərq etməz. Bu hal təkrarlanarsa, eyni münasibəti yenə də göstərməyə hazırıq. Bu öz yerində. Öz yerində olmayan isə budur ki, həmin hadisə uzun illərdir ictimaiyyətdən kənarda qalmış Əlisa Nicatı media üçün yaxşı olmayan mənada “diriltdi”. Təəssüf ki, mediamız da, Allaha şükür, sanki layk yarışına çıxıb. Yəni baxış sayı məsələsi hamının peşəkar məntiqini belə sanki qeyri-müəyyən zamanadək buzxanaya qoymağa məcbur edib. Əlisa Nicat özü bunun fərqindədir, ya yox, bilmirəm, amma nəticə etibarilə bugünkü mediamıza – kobud olacaq, amma deyəcəm – yem verir, yəni ondan gözləniləni danışır.
Keçirəm indi sözümün canına. Əlisa Nicatı danışdırmağa nə var ki? O, danışır danışır, bəs ay mənim əziz həmkarlarım, biz niyə yazırıq? Müxbir yazır yazır, bəs belə məsələlərdə xüsusilə diqqətli olmalı olan redaktor, siz niyə buraxırsınız bu materialı? Redaktordan da keçdik – biz niyə dəymişik bir-birimizə?! Kimə nəyi sübut etməyə çalışırıq? Hansımızasa elə gəlmirmi ki, biz bu cür edəndə, körpəsi “El bilir ki sən mənimləsən”lə dil açan xalqın qanına yerimiş, ədəbi-mədəni tarixinin özəyinə çevrilmiş, sarmaşıq kimi ruhunu toxumuş şairi ahıl vətəndaşın dili ilə ucuzlaşdırıb dəyərdən salırıq? Üstəlik, cəmiyyəti qayğıya və yanında ona nəzarət edəcək kiməsə ehtiyacı olan ahıl adamın üstünə niyə qaldırırıq ki? Dediklərinin məsuliyyətini dərk etməyən qocanı niyə hədəfə çeviririk? Bu dərəcədə və bu şəkildə fürsətcil olmaq medianın ünvanına indiyədək deyilməmiş daha hansı bədii təsvir vasitələrini yönəldir? “Arvadları boğuşduran”, “bütün günü həkimləri reklam edən”, “layk, baxış xəstələri” – bu sözlər media haqqında deyilir, özü də ən yüksək kürsüdən. Haqsızdırlar? Əlisa Nicatın nümunəsində görürük ki, xeyr. Sual çox oldu, deyəsən. Bu biz jurnalistlərin ahıl vətəndaşa olan münasibəti. Məsələnin daha bir tərəfi var.
İstənilən sahədə tarixən formalaşan dəyərlərimiz, meyarlarımız var. İllər, əsrlər keçsə də, günü bu gün də yaxşını-pisi təyin etmək üçün o dəyərlərin əsasında qiymətləndirmə aparırıq. Xalq bu dəyərlərinin açdığı cığırla irəliyə gedir, mədəniyyətə, elmə, inkişafa can atır. Müxtəlif səbəblərdən dəyərləri bir-bir sıradan çıxmış xalq olaraq, zatən çaşqın vəziyyətdəyik: yaxşı bildiyimiz pis çıxır, pis bildiyimizi, məlim olur ki, sən demə, sevmək lazım imiş. İdeoloji durum yüyənsiz at kimi sağa-sola, hara gəldi dördnala çapmaqdadır. Dövrün, zamanın proqnozlaşdırıla bilməyən sərt dönüşlərində “Biz nəyi yaxşı, nəyi pis hesab etməliyik? Dost kimdir, düşmən kimdir?” suallarının qarşısında başını iki əllə tutan insanlarımızın sığındığı, irs hesab etdiyi şəxsləri bu cür urvatsız, hörmətsiz etmək məsuliyyətini kimin ayağına yazmalıyıq? Doğrudanmı, Əlisa Nicatın? Bəlkə medianın?! Əlisa Nicatın bir sözü ilə hamımız əl-ayağa düşüb sübut etməyə çalışırıq ki, Səməd Vurğun bu xalqın böyük şairidir. O vaxt sübut etməyə çalışarsan ki, buna ehtiyac olsun. Hər ehtiyatsız kəlmənin qarşılığında dərhal sübuta əl atırıqsa, deməli, şübhəyə meyilliyik, deməli, Moşu demiş, “xalqının şair oğlunu bir üzükdən ötəri şübhə altına alan milisaner”ik.
Hər bir xalqın dəyərlərə, qəhrəmanlara ehtiyacı var. Bizə hazırda ən çox lazım olan məhz yeni qəhrəmanlar, obrazlar yaratmaq, onları tanıtmaqdır. Uzun illərdir canımıza oturmuş və heç cür çıxa bilmədiyimiz əziklik kompleksini üstələmək üçün, xalqın özünü özünə sevdirmək üçün əsl qəhrəmanları üzə çıxartmalı, gənclərə göstərməliyik. “Fikir azadlığı” sərhədsiz şəkildə ağına-bozuna baxmadan hər şeyi dağıtmaq demək deyil. Medianın bu gün bunun fərqində olmaması çox acınacaqlıdır. Yenisini yarada bilmiriksə, barı olanları qoruyaq, dağıtmayaq. Əks halda – yaradıcı olmaqla dağıdıcı olmağın fərqini öyrənməsək – “ayağı sarıqlı şikəst quş” olaraq qalacağıq.